Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-813/2022 29.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq müqaviləsinin ləğvi” tələbininə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3800 manat əsas, 190 manat faiz, 1026 manat cərimə, cəmi 5016 manat və 80 manat ödənilmiş dövlət rüsumunun tutulmasını, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2020-ci il 12 oktyabr tarixli lizinq müqaviləsinin ləğv edilməsi və İddiaçı ASC-nin mülkiyyətindəki “Lada Granta” markalı **-AC-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı ASC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış 2020-ci il 12 oktyabr tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASCdən “Lada Granta” markalı **-AC-*** dövlət nömrə nişanlı avtomobili lizinqlə 45 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2020-ci ilin noyabr ayından başlayaraq lizinq alan hər ay lizinq verənə 380 manat icarə haqqı ödəməlidir. Lizinq alan Cavabdeh 2021-ci ilin dekabr ayı daxil olmaqla ödəniş etdikdən sonra icarə haqqını ödəməkdən boyun qaçırır. 2022-ci il 01 iyun vəziyyətinə Cavabdeh 3800 manat əsas borcu vardır. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdeh bu barədə məhkəməyə məlumat verməsə də, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 1 saylı uzun müddətli icarə (daxili lizinq) müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh “Lada Granta” markalı **- AC-***dövlət nömrə nişanlı avtomobili lizinqlə 45 ay müddətinə icarəyə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli lizinq müqaviləsinə əsasən ** AC *** dövlət nömrə nişanlı, “Lada Granta” markalı avtomobil 45 (qırx beş) ay müddətinə ona icarəyə verilmişdir. Aylıq icarə ödənişi - 380 manat; avtomobilin lizinq dəyəri - 17100 manat; müştəri tərəfindən cəmi ödənilib - 3600 manat; son ödəniş edilib - xx.xx.2021 -ci il; avtomobilin lizinq üzrə qalıq dəyəri -13500 manat; aylıq icarə borcu: 380 x 10ay= 3800 manat; xx.xx.2022-ci ilə əsas borcun qalığı = 3800 manat; illik 5 faizlə hesablanmış faiz borcu =190 manat; bir aylıq ödənişin 1% (bir faizi) həcmində cərimə: 3.80 x 270gün=1026 manat.xx.xx.2022-ci ilədək cəmi borc: 5016 manatdır. İş materiallarında olan qəbul aktından görünür ki, xx.xx.2020 tarixdə imzalanmış “Lizinq” müqaviləsinin icrası olaraq lizinq obyekti olan X1 nömrə nişanlı ** AC *** banXTA219070L0696543 mühərrik ******* buraxılış ili 2020, VAZ Lada-Granta markalı minik avtomobili "xxxx" ASC Xırdalan səh. Sumqayıt sossesi 16 km ünvanda xx.xx.2020 tarixdə imzalanmış “Lizinq Müqaviləsi” ilə “Lizinq Alan” olan X2 təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsaəsn mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, iddiaçı lizinq obyektini cavabdehin sahibliyinə və istifadəsinə vermiş, cavabdeh isə lizinq obyektindən istifadə üçün müqavilənin şərtləri əsasında ödəniş etməklə lizinqə götürməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. İddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı lizinq müqaviləsi üzrə yaranmış əsas borcu tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1026 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli 1 saylı uzun müddətli icarə (daxili lizinq) müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli 1 nömrəli müqavilə üzrə 3800 manat əsas, 190 manat faiz, 100 manat cərimə, cəmi 4090 manat pul tutulmalı, “Lada Granta” markalı **-AC-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı ASC-yə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 80 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1 saylı uzun müddətli icarə (daxili lizinq) müqaviləsi ləğv edilsin. “Lada Granta” markalı **-AC-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı ASC-yə qaytarılsın. Cavabdeh xx.xx.2020-ci il tarixli 1 nömrəli müqavilə üzrə 3800 manat əsas, 190 manat faiz, 100 manat cərimə, cəmi 4090 manat pul və 80 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-813/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-813/2022
29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver