Məhkəmə qərarları › İş №2(074)-835/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-835/2025

04.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-835/2025 04.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının ona tətbiq etdiyi 15 noyabr 2024-cü il tarixli, 010012 saylı aktında "Fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olunması” iddiasının rədd edilməsi və bu əsasda dəymiş ziyana dair cavabdehin ona yazdığı 1669.46 (min altı yüz altmış doqquz manat 46 qəpik) manat borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 15 noyabr 2024-cti il tarixli, 010012 saylı aktın ona verilmiş surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən istifadələrində olan M-600 tipli, 22079814 nömrəli elektrik sayğacına (abonent kodu **********01250) baxış keçirilən zaman “Fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması” bəhanəsi ilə ona ümumilikdə 1669,46 (min altı yüz altmış doqquz manat 46 qəpik) manat borc yazıldığı bildirilmişdir. Aktda yazılanlardan görünür ki, guya onlar elektrik sayğacının giriş hissəsinə əlavə naqil daxil edərək istifadə edirlər. Bildirir ki, həmin vaxt "xxxx" ASC-nin əməkdaşları ondan xəbərsiz yaşadığı ünvana gəlmiş və yuxarıdakı əsassız borcu sənədləşdirmişlər. Onlar cərimə yazmaq üçün heç bir bəhanə tapmamış və sonradan isə yazıblar ki, guya onlar sayğacdankənar xəttdən istifadə edirmişlər. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları istifadə etdikləri elektrik sayğacının çıxışında yağış və qar suları nəticəsində cüzi korroziyaya uğramış xəttdə, guya elektrik enerjisi itkisinin mövcud olması hesab etmişlər. Halbuki, o sayğacdan kənar hər hansı xətti elektrik şəbəkəsinə qoşmamışdır. Sonradan xəbər göndərdilər ki, ona yazılmış 1669,46 manat borcunu gecikdirmədən ödəməlidir, əgər ödəməsə istifadə etdiyi elektrik enerjisi xəttini ümumi şəbəkədən ayıra bilərlər. Abonentin saldosunun adi surətindən görünür ki, sözügedən ona yazılmış 1669,46 manat cərimə aydın olmayan bir formada sənədləşdirilmişdir. Abonentin saldosu və aktın adi surətləri onlara 19 mart 2025-ci il tarixdə verilmişdir, halbuki həmin sənəddə yazılana görə guya ona elə tərtib olunduğu 15 noyabr 2024-cü il tarixində verilib. Həmçinin "xxxx" ASC-nin əməkdaşları, surətini bu şikayət ərizəsinə daxil etdiyi aktı onun yanında yox, kənar yerdə tərtib ediblər. Ona görə də məhkəmədən ona yazılmış cərimə qərarının və aktın təsdiq olunmuş nüsxəsinin iş materiallarına daxil edilməsi üçün "xxxx" ASC-yə sorğu göndərilməsini təmin edilməsini də xahiş edir. Məhkəməyə əlavə olaraq bildirir ki, o, “Şəffaflıq” qəzetinin və saytının təsisçisi və baş redaktorudur. Son illərdə Şamaxı rayonunda "xxxx"-ın (həmçinin “Azəriqaz”-ın) əməkdaşları tərəfindən elektrik enerjisi istifadəçilərinə qarşı belə haqsız əməllər baş alıb getməkdədir. Bir ay ərzində yüzlərlə Şamaxı sakinləri mətbuat rəhbəri kimi mənə şikayətlər edirlər, onlar çıxış edib "xxxx"-ın (həmçinin “Azəriqaz”-ın) əməkdaşlarını biabır etmək istəyirlər. Lakin o, indiyədək dövlətlərinin mənafeyini düşünərək heç vaxt buna imkan verməmişdir. Belə ki, rəhbərlik etdiyi saytda və qəzetdə indiyədək heç vaxt müxalif yönümlü çıxışların efirə getməsi və məqalələr çap edilməsi halları olmamışdır. Hazırda isə "xxxx"-ın əməkdaşlarının özbaşınalığı o həddə çatmışdır ki, onlar eyni əməllərini indi də şəxsən onun özünə qarşı törətməkdən də çəkinmədilər. Şamaxı rayonunda hüquq mühafizə orqanlarının və məhkəmənin fəaliyyətinin zəifliyi səbəbindən bəzi məmurlar və onların əlaltıları əhaliyə qarşı azğınlıqları artırmaqda davam edirlər. Bu sosial partlayışa səbəb ola bilər. Qeyd edir ki, o, bəzən Şamaxı Rayon Məhkəməsinin həftəlik iclas cədvəllərinə baxanda dəhşətə gəlir ki, hər həftə məhkəmə əhalinin işıq və qaz cərimələrinin silinməsinə dair saysız-hesabsız işlərə baxır. Mətbuat rəhbəri kimi əldə etdiyi məlumatlara görə məhkəmə əksər hallarda əhalinin haqlı və əsaslı şikayətlərini təmin edib həmin əsassız cərimələrin silinməsinə dair ədalətli qərarlar verir. Amma indiyədək vətəndaşlara həmin əsassız cərimələr yazan vəzifə sahiblərinə, məmurlara qarşı heç bir inzibati tədbir görülməmişdir. Ona görə də bir çox məmurların sözügedən sahələrdə özbaşınalıqları illərdir ki, təkrarlanaraq davam etməkdədir. Əksər abonentlərə əsassız cərimələr yazılması göz qabağındadır və bu kimi çoxsaylı qanunsuz əməllər "xxxx"-ın əməkdaşları tərəfindən qəsdən törədilərək sanki hansısa naməlum plan ödəliyinin yerinə yetirilməsinə xidmət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, "xxxx" ASC tərəfindən ona debitor barcla bağlı heç bir bildiriş verilməyib. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 15 noyabr 2024-cü il tarixli, 010012 saylı akt əsasında əsassız olaraq hesablanmış 1669.46 manat borcun hesabından silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şamaxı şəhərində yaşadığı fərdi yaşayış evi “Azərişıq" ASCnin enerji satış bazasında İddiaçı adına olmaqla **********01250 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixində “Azərişıq" ASC-nin əməkdaşları R.Rəfiyev, R.Qasımov, T.Nəsirov və A.Əlizadə tərəfindən Şamaxı şəhərində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının sxemindən kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir. Belə ki, kənar xətt sayğaca giriş xəttin izolyasiyasını zədələyərək N-kəsik sahəsi S- 2x6mm²lik aliminium naqil qoşulmaqla istifadə edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-cü il tarixli, NİM010012 saylı akt tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli, NİM010012 saylı akta əsasən “Azərişıq" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənər xəttən keçən yükə uyğun 180 gün üçün 0.13 manatla 3326 kvt.s, dəyəri 432.38 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. “EEİQ”-nın 8.17-1. istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EEİQ”-nın 8.17-2. istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-cı və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və yə videoçəkiliş aparılmaqla) qeydə alınır, istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə “...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır". İddiaçı iddia tələbində silinəcək məbləği 1669.46 manat göstərmişdir. İddiaçıya qeyd olunan akt əsasında 432.38 manat hesabat aparılmış, yerdə qalan 1237.08 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. Həmçinin iddiaçı elektrik enerjisindən mütəmadi olaraq istifadə etməsinə baxmayaraq ödənişlərini mütəmadi olaraq ödəməmişdir. Abonentin məlumat cədvəlinə nəzər saldıqda bunu açıq aydın görmək olar. Qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Şamaxı şəhərində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2024-cü il tarixli NİM010012 saylı akt “EEİQ”-nin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Odur ki, İddiaçı cavabdeh “Azərişıq" ASC-yə qarşı “15 noyabr 2024-cü il tarixli 010012 saylı akt əsasında əsassız olaraq hesablanmış 1669.46 manat borcun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 15 noyabr 2024-cü il tarixli, NİM № 010012 saylı aktın surətindən görünür ki, “Azərişıq" ASC-nin əməkdaşları R.Rəfiyev, R.Qasımov, T.Nəsirov və A.Əlizadə tərəfindən Şamaxı şəhərində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları’na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının sxemindən kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Şamaxı şəhərində X2 tərəfindən mülkiyyətində olan mənzilə quraşdırılmış sayğac vasitəsi ilə **********01250 abunə kodu altında elektrik enerjisindən istifadə edir. X1 əməkdaşları tərəfindən sayğaca baxış keçirmiş və fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu aşkar edilmişdir. 15 noyabr 2024-cü il tarixli, NİM № 010012 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 180 gün üçün 0.13 manatla 3326 kvt.s (dəyəri 432,38 manat) dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçı akt üzrə ona qanunsuz hesablanmış 1669,46 manat cərimənin silinməsini tələb etmiş, iddiasını onun tərəfindən sayğaca kənar xətt qoşulmaması ilə əsaslandırmış, lakin evində elektrik enerjisinin istehlak olunduğu dövrdə sayğacın sərfiyyatı hesablamamasına dair halı mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, yaranmış qüsur nəticəsində dəyəri ödənilməmiş enerji sərfiyyatını 1 ay ərzində ödəməsini iddiaçıdan tələb etməli və ödəniş aparılmadığı halda enerjinin verilməsini dayandırmaqla zərərin qarşısını almaq üçün ağlabatan tədbirlər görməli olan cavabdeh müvafiq hərəkətləri etməyərək zərərin miqdarının artmasına kömək göstərdiyindən, o, itirilmiş enerjinin bərpası üzrə iddiaçıya sərfiyyatı 180 gün üçün hesablamışdır. Cavabdeh həmçinin iddiaçının sayğacına sosnuncu baxışın nə vaxt keçirilməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən sərfiyyatın 30 gün (bir ay) üçün 1,1 kvt x 24 saat x 0,7 x 30 gün) = 554,4 kvt x 0,13 = 72,07 manat) 72,07 manat məbləğində hesablanmalı olduğu nəzərə alaraq, 360,31 manat borcun iddiaçıya əsassız hesablandığı nəticəsinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 360,31 manat pul iddiaçının abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının silinməsini tələb etdiyi 1237.08 manat borc iddiaçının evində istifadə etdiyi elektrik enerjisinə görə aylıq sərfiyyat əsasında yaranmış debitor borcdur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndində əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə istehlakçıya elektrik enerjisinin verilməsi dayandırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 15 noyabr 2024-cü il tarixli, 010012 saylı akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 360,31 manat pul İddiaçı abunə hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar