Məhkəmə qərarları › İş №2(074)-87/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-87/2024

19.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-87/2024 19.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 5191,85 manat borc məbləğinin onun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin Ağsu RQİ tərəfindən onun 9 nəfərlik ailə tərkibi ilə yasadığı evdə xx.xx.2016-cı ildə Smart G4 tipli 1602AZ**********50 nömrəli qaz sayğacı quraşdırılmışdır. Abonent nömrəsi **********00730-dur. Bundan əvvəlki qaz sayğacı isə yeni Smart tipli sayğac quraşdırıldıqdan sonra istismar müddəti bitmiş sayğac kimi söküb aparmışdırlar. Abonentin saldosundan və məcburi köçkün vəsiqəsindən görünür ki, onlar Kəlbəcər rayonundan olan məcburi köçkün ailəsidirlər. Abonenin saldosundan görünür ki, 2010-cu ildən 2016-cı ilin sonlarınadək ona müxtəlif məbləğlərdə əsassız qaz borcları yazılmış və yekunda 5196,71 manat borc hesablanmışdır. Bu ərizəyə daxil etdiyi digər təsdiq olunmuş sənəddən görünür ki, həmin borcun 5000 manat hissəsi 2017-ci ildən bəri ondan tutulandan sonra, hazırda bu yeni sayğacın hesablamasına görə 5191,85 borc qalmışdır. Onlar məcburi köçkün ailəsidir və heç vaxt qaz sərfiyyatı üçün borcu olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Qasımov X1 rayonundan məcburi köçkündür. İş materiallarından görünür ki, ailə tərkibi 9 nəfər olmaqla, İddiaçı Şamaxı rayonunun Şəhriyar qəsəbəsi 5 ünvanında məskunlaşmış və həmin ünvanda xx.xx.2016cı il tarixdə, 1602AZ**********50 nömrəli, G-4 İTRON Diafraqma tipli sayğac quraşdırılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 2 ünvanda abonent İddiaçı 2017-ci ilin mart ayına təbii qazdan istifadə ilə bağlı 5189,75 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Qasımov X1 rayonundan məcburi köçkün kimi Şamaxı rayonunda məskunlaşmışdır. İddiaçı istehlakçı kimi yaşadığı Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə etmişdir. Abonent saldosuna əsasən, ondan tələb edilən borc məbləği 2010-cu ildən başlayaraq 2017-ci ilin mart ayınadək hesablanmışdır. İddiaçı bildirir ki, istifadə etdiyi təbii qazın dəyərini həmişə ödəmiş, hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən, tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Ona heç vaxt qaz borcuna dair bildiriş verilməyibdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə, qaz paylayıcısı istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, qanunvericilikdə istehlakçıya verilmiş qazın dəyərinin qaz sayğacının göstəricilərinə əsasən, qaz paylayıcısı tərəfindən hər ay üzrə hesablanması, növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim edilməsi, qazın sayğacla müəyyənləşdirilən hesabının istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilməsi və müvafiq hesabın istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilmədiyi halda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildirişin göndərilməsi nəzərdə tutulmuşdur. Lakin, qanunla nəzərdə tutulmuş qeyd olunan tələblərin yerinə yetirilməsi iş materialları ilə müəyyən olunmur və bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarında olan abonent saldosundan görünür ki, 2017-ci ilin mart ayınadək, istehlakçı İddiaçı istifadə edilmiş təbii qazın dəyəri olaraq 5189,75 manat borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək, qeyd olunan qanunvericilik normalarını və vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş illik müddəti əsas tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 5189,75 manat məbləğində borc İddiaçı abunə hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan yuxarı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 71,90 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 5189,75 (beş min bir yüz səksən doqquz manat yetmiş beş qəpik) manat borc məbləği İddiaçı abunə hesabından silinsin. Məhkəmə xərci olaraq 71,90 (yetmiş bir manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar