Məhkəmə qərarları › İş №2(074)-897/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-897/2021

23.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-897/2021 23.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması və üzərinə qəyyum təyin olunması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Məlhəm kəndində qeydiyyatda olan 01.12.2000-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi və üzərinə qəyyum təyin olunması barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahat verib bildirdi ki, o, Şamaxı rayonu Məlhəm kəndində yaşayır. X2 ağır xəstədir. Onun müalicəsi məqsədilə həyətyanı torpaq sahələrini satmaq istəyir. Lakin oğlu ruhi xəstə olduğundan notarius onun imzasını qəbul etmir. Oğlunun əvəzinə imzalamasına da icazə verilmir. Notarius ondan Turalın qəyyumu olmağı barədə sənəd istəyir. İcra hakimiyyətinə müraciət etmiş, bildiriblər ki, məhkəməyə müraciət olunmalı və məhkəmə Turalın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qərar qəbul etməlidir. Bundan sonra ona qəyyum təyin oluna bilər. Onun oğlu həqiqətən ruhi xəstədir. Orta dərəcəli əqli gerilik diaqnozu ilə xəstəxana qeydiyyatındadır. 1-ci qrup əlildir. Özünü idarə etmək iqtidarında deyil. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01.12.2000-ci il tarixdə Şamaxı rayonu Məlhəm kəndində anadan olmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan 120086 nömrəli əllilik vəsiqəsinin surətindən görünür ki, 05 may 2010-cu il tarixdə X5 əllillik vəsiqəsi verilmişdir. İş materiallarında olan 14.07.2021-ci il tarixli 127 saylı Şamaxı RMX-sı publik hüquqi şəxsin rəhbərliyinin arayışından görünür ki, Məlhəm kəndində qeydiyyatda olan və 2000-ci il təvəllüdlü X7 uşaq serebral iflici, tetrapleqik forma diaqnozu ilə əlaqədar olaraq qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 21.10.2021-ci il tarixli 3440 saylı rəyindən görünür ki, X4 uşaq serebral iflicinin qalıq əlamətləri, ağır əqli gerilik müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X4 müəyyən edilən uşaq serebral iflicinin qalıq əlamətləri, ağır əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, Şamaxı rayonu Məlhəm kəndində qeydiyyatda olan 01 dekabr 2000-ci il təvəllüdlü X3 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X7 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair hissədə ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin Respublikasının MPM-nin 321.2 maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi qismən təmin edilməli, oğlu Şamaxı rayonu Məlhəm kəndində yaşayan 01.12.2000-ci il təvəllüdlü X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Şamaxı rayonu Məlhəm kəndində qeydiyyatda olan 01 dekabr 2000-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar