Məhkəmə qərarları › İş №2(074)-910/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-910/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-910/2023 02.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2158 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması və Cavabdeh xx.xx.2020-ci il tarixli, MAS-2158 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə, xx.xx.2023-cü il tarixə olan 1577.02 manat gecikdirilmiş əsas, 271.73 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 353.33 manat dəbbə pulu olmaqla, cəmi 2202.08 manat borcun və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2158 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən, lizinq alan illik 17 % hesablanmaqla, 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün, Cavabdeh MAS-2158 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixə ümumilikdə 2202.08 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə, lizinq alan müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 13.9-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinin gündəlik 0.3 % hesanlanmaqla, cərimə ödəyir. Həmin müqavilənin və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Həmin müqavilənin 6.4.1-ci bəndinə əsasən, lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə, lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 7.1.1-ci bəndinə əsasən, lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütür xərcləri ödəməlidir. Həmin müqavilənin 15-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə, lizinq obyektini işlək halda saxlamadıqda və bu istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə, müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə ünvanladığı müraciətində işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, İddiaçı MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli “Daxili lizinq” müqaviləsinə əsasən, 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq ödənişləri cədvəlinə əsasən, o, illik 17 % hesablanmaqla, 48 aylıq müddətə, hər ay 383.77 manat olmaqla, ümumilikdə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin, maddi cəhətdən çətinlikləri yarandığından, lizinq müqaviləsi üzrə ödənişləri vaxtında edə bilməmişdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunan halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2158 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, 99-PX-18İ dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən, lizinq alan illik 17 % hesablanmaqla, 48 aylıq müddətə, hər ay 383.77 manat olmaqla, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 1577.02 manat gecikdirilmiş əsas, 271.73 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 353.33 manat dəbbə pulu olmaqla, cəmi 2202.08 manat borcu yaranmışdır. Cavabdeh ilə İddiaçı arasında başlanmış xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərində göstərilir ki, lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə, lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə, müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olundu ki, Cavabdeh lizinq müqaviləsi əsasında İddiaçı MMC-dən avtomobil əldə etmiş, lakin müqavilə üzrə öhdəliklərini tam və vaxtında icra etməyərək, lizinq müqaviləsi üzrə öhdəliklərinin icrasından yayınmışdır. Bu səbəbdən də, cavabdehin xx.xx.2023-cü tarixə 1577.02 manat gecikdirilmiş əsas, 271.73 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 353.33 manat dəbbə pulu olmaqla, cəmi 2202.08 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə görə, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın 353,33 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ lizinq öhdəliklərinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 353,33 manat cərimə borcu əvəzinə, 70 manat məbləğində cərimə borcu tutularaq, iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan qanunvericilik normalarını əsas tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2158 saylı Daxili lizinq müqaviləsi ləğv edilməli, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə qaytarılmalı, Cavabdeh xx.xx.2020-ci il tarixli, MAS-2158 saylı Daxili lizinq müqaviləsinə əsasən, 1577.02 manat əsas, 271.73 manat gecikdirilmiş mükafat və 70 manat dəbbə pulu olmaqla, cəmi 1918,75 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2158 saylı Daxili lizinq müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh xx.xx.2020-ci il tarixli, MAS-2158 saylı Daxili lizinq müqaviləsinə əsasən, 1577.02 manat əsas, 271.73 manat gecikdirilmiş mükafat və 70 manat dəbbə pulu olmaqla, cəmi 1918,75 (bir min doqquz yüz on səkkiz manat yetmiş beş qəpik) manat borc və ödənilmiş 100.40 (bir yüz manat qırx qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar