Məhkəmə qərarları › İş №2(074)-911/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-911/2021

14.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-911/2021 14.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh həmçinin digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürmə, istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına köçürülməsi, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən 2000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri, AŞ.Məmmədağa küçəsi, ev 59, 1 saylı mənzil 28.12.2011-ci il tarixdən onun adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdeh1 onun nəvəsi, Cavabdeh2 isə onun gəlinidir. X23 vəfat etdikdən sonra cavabdehlər onu evə buraxmır. Onlarla oğlunun sağlığında həmin evdə uzun müddət birgə yaşamış və birgə təsərrüfat aparmışlar. Lakin oğlu Oruc vəfat edəndən sonra münasibətləri pozulmuş, cavabdehlər onu evə buraxmayıblar və o, kirayədə yaşayır. Ona görə də onun evə köçürülməyi, kompensasiya ödənilməklə onların istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək onun ünvan 1 ünvanına köçürülməsi, Cavabdeh1 3000 manat, Cavabdeh2 3000 manat kompensasiya ödənilməklə onların istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən əşyaları ilə birgə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, iddiaçının oğlu öldükdən sonra cavabdehlər evdə qalmağa ona icazə verməyiblər. Hal-hazırda o, qızı ilə birlikdə kirayədə yaşayırlar. Halbuki onun mülkiyyətində mənzil var. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddia tələbini qəbul etməyərək və etiraz ərizəsi təqdim edərək bildirdi ki, Cavabdeh1 ünvan 2 ünvanında anası və arvadı X2 ilə birlikdə yaşayırlar. O və oğlu Məhyəddin həmin evdə qeydiyyatdadır. X16 və X8i ilə rəsmi qaydada 29.06.1985-ci ildə ailə qurmuşlar. 29.06.1985-ci ildən bu günə kimi həmin evdə yaşayıblar və o, həmin evə gəlin köçmüşdür. X16 01.07.2019-cu tarixdə bronxların və ağ ciyərin bədxassəli yenitörəməsi xəstəliyindən vəfat etmişdir. Atası ölənə kimi ünvan 2 ünvanında yaşamışdır. Həmin evdə vəfat etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-202/2021 saylı 28.04.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdehlər X5, X9 qarşı "yaşayış sahəsində istifadə hüququna dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, X6 ünvan 2 saylı mənzilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməsinin 2(074)-202/2021 saylı 28.04.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdehlər X5, X9 qarşı "yaşayış sahəsində istifadə hüququna xitam verilməsi dair" iddiası təmin edilməmiş, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2638/2021 saylı 26.07.2021-ci il tarixli qərardadı ilə iş üzrə Şamaxı Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(074)-202/2021 saylı qətnaməsindən X3 apellyasiya şikayəti qeyrimümkün hesab edilmişdir. X16 evin qeydiyyatında olub, bundan əlavə X5 və o, həmin evdən istifadə hüququna və pay mülkiyyətinə malikdirlər. X4 iddia ərizəsində onları evə buraxmadıqlarını göstərmiş, bunlar hamısı yalan və iftiradır. X1 həmin evi ələ keçirmək məqsədi ilə bütün bu şikayətləri o təşkil edir. Babasının və nənəsisinin onunla qalmasına heç vaxt etiraz etməmişlər. Hər bir vaxt qapıları onların üzünə açıqdır. Buna görə də iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 4 ünvanında ümumi sahəsi 50.5 kv.metr olan 3 otaqlı mənzil tam pay üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC-nin 03.08.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 5 ünvanı və yaxın ətraf ərazidə yerləşən 3 (üç) otaqlı, ümumi sahəsi 50,5 kv.metr təşkil edən mənzillərin orta aylıq kirayə haqqı 100 manat təşkil edir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X10 arasında nikah 27 iyun 1985-ci il tarixdə Şamaxı rayon VVAQ şöbəsində bağlanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 01.07.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-202/2021 saylı 28.04.2021-ci il tarixli qətnaməsidən görünür ki, iddiaçı X3 cavabdehlər X5 və X9 qarşı "yaşayış sahəsində istifadə hüququna xitam verilməsi dair" iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2638/2021 saylı 26.07.2021-ci il tarixli qərardadından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(074)-202/2021 saylı qətnaməsindən X3 apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan Hüquqlarının və X12 Haqqında» Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, 01 sentyabr 2001-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2.-ci və 158.4.-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin qərarda həmçinin qeyd olunur ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidi. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı işlər fərqli xüsusiyyətlərə malik olduqlarına görə kompensasiyanın məbləğinin müəyyən edilməsində hər bir işin konkret xüsusiyyətləri, özünəməxsusluğu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə), kompensasiya ödənilən şəxsin evin təmirində, bərpasında rolu, yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranma əsası, kompensasiya təklif olunan şəxsin həmin evə köçməmişdən əvvəl yaşayış sahəsinə malik olub-olmaması, həmin yaşayış sahəsinin taleyi, yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin digər ailə üzvlərinə qarşı dəfələrlə cinayət törətməsi), kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə 6000 manat məbləğində kompensasiya qanunvericiliyin müəyyən etdiyi standarlara cavab verir. Belə ki, həmin məbləğ cavabdehlərə ailə üzvləri ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə oxşar yaşamaq imkanını təmin edə bilər. Göstərilənlərlə əlaqədar məhkəmə belə qənaətə gəlir ki, mütənasiblik prinsipinə uyğun cavabdehlərin mövcud yaşayış sahəsindən istifadə hüquqlarının olmasına baxmayaraq, iddiaçının mülkiyyət hüquqları onun mülkiyyət üzərində müstəsna səciyyə daşıyan sahiblik və sərəncam hüquqlarının təmin edilməsində ifadə olunduğundan təklif edilən 6.000 manat kompensasiyanın məbləği məqbul hesab edilməli, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 3000 manat və Cavabdeh2 3000 manat, ümumilkdə 6.000 manat kompensasiya ödənilməklə, onların Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, ev 59, 1 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməli, cavabdehlər əşyaları ilə birlikdə qeyd edilən mənzildən çıxarılmaqla, mənzil boşaldılıb iddiaçıya təhvil verilməli, iddiaçı həmin mənzilə köçürülməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kompensasiyanın ödənilməsi ilə onların istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 3000 manat və Cavabdeh2 3000 manat, ümumilkdə 6.000 manat kompensasiya ödənilməklə, cavabdehlərin Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, ev 59, 1 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılsınlar. İddiaçı Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, ev 59, 1 saylı mənzilə köçürülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kompensasiyanın ödənilməsi ilə onların istifadə hüququna xitam verilməsi və mənzildən əşyaları ilə birlikdə çıxarılması eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar