Məhkəmə qərarları › İş №2(074)-923/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-923/2025

07.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-923/2025 07.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Mənsimova Səbinə Babək qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi, müddətin ötürülməsinin üzrlü sayılması və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Şamaxı regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzürlü sayaraq mərhum babasından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə onun vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl və məhkəmə tərəfindən verilmiş müddət ərzində notariusa rəsmi müraciət etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına Şamaxı regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən İddiaçı daşınmaz əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsinə dair sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Göründüyü kimi vərəsəlik şəhadətnaməsi almaq üçün iddiaçı ilkin olaraq mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb etməli, onun bu tələbindən imtina olunduqda isə o, məhkəməyə müraciət etməli olduğu halda iddaçı notariat orqanına müraciət etmədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilməmiş və həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmişdir. Buna görə də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu da İddiaçı qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi ********** olan) 100 manat rüsum İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Şamaxı regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi, müddətin ötürülməsinin üzrlü sayılması və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi ********** olan) 100 manat rüsum İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar