Məhkəmə qərarları › İş №2(074)-97/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-97/2024

19.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-97/2024 19.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 1495,25 manat borc məbləğinin onun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin Ağsu RQİ tərəfindən onun 7 nəfərlik ailə tərkibi ilə yaşadığı ünvanda xx.xx.2023-cü ildə G4T Smart tipli **********108 nömrəli qaz sayğacı quraşdırlmışdır. Abonent nömrəsi **********01420dir. Bundan əvvəlki sayğacı isə yeni Smart G4T tipli sayğac quraşdırıldıqdan sonra, Cavabdeh əməkdaşları istismar müddəti bitmiş sayğac kimi söküb aparmışdırlar və daha sonra ona borc hesablanmışdır. Abonentin saldosunda yazılanlardan və məcburi köçkün vəsiqəsində yazılanlardan görünür ki, onlar Laçın rayonundan olan məcburi köçkün ailəsidirlər. Abonenin saldosundan görünür ki, 2010-cu ildən 2016-cı ilin sonlarınadək ona müxtəlif məbləğlərdə əsassız qaz borcları hesablanmış və yekunda 1631,75 manat borc göstərilmişdir. Həmin borcun 136 manat hissəsi 2017-ci ildən bəri G4T Smart tipli sayğac tərəfindən avtomatik olaraq ondan tutulandan sonra, hazırda yeni sayğacın hesablamasına görə 1495,25 manat borc qalmışdır. Bildirir ki, onlar məcburi köçkün ailəsidirlər və onların heç vaxt qaz sərfiyyatına görə borcları olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişdir. Eyni zamanda, cavabdeh iddia tələbinə etiraz ərizəsini göndərək göstərmişdir ki, iddiaçı Həsənov X1 Ağsu Regional Qaz İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsinin abonentidir. İddiaçı **********01420 nömrəli hesabla qeydiyyata alınmışdır. İddiaçı təbii qazdan istifadə ilə bağlı yaranmış borcunu tam şəkildə ödəməməsinin nəticəsində, xx.xx.2023-cü il tarixinə 1378.75 manat debitor borcu yaranmışdır. Belə ki, iddiaçı ünvan 2 ünvanda məskunlaşmışdır. Ailə tərkibi 7 nəfər olmaqla, qaçqın sayı 7 nəfər kimi qeydiyyata alınmışdır. Hazırda həmin ünvan qaçqın abonent kimi qeydiyyata alınmışdır. Ümumiyyətlə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmana əsasən, hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinat ödənilir. Bununla əlaqədar, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi bildirir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinatın müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli Fərman imzalanmışdır. Yuxarıda göstərilən borc məbləği 2010-cu il yanvarın 1-dən 24 noyabr 2016-cı ilə qədərki dövrdə məcburi köçkünlərin təbii qazdan müəyyənləşdirilmiş limitdən artıq istehlak etməsi nəticəsində yaranıbdır. Məcburi köçkünlərin müəyyən olunmuş limitdən artıq istehlak etdiyi təbii qazın ödənilməsi üçün Dövlət Komitəsinə büdcə vəsaitinin ayrılması nəzərdə tutulmayıbdır. Ümumiyyətlə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinatın müəyyən edilməsi haqqında” Fərmanına əsasən, hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinatı, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinat ödənilir. Silinmədən sonrakı dövr ərzində iddiaçı 2011-ci il ərzində 608.40 manat məbləğində təbii qazdan istifadə etmiş, 43.26 manat ödəniş etmiş, 2012-ci il ərzində 524 manat məbləğində təbii qazdan istifadə etmiş, 2013-cü il ərzində 473 manat məbləğində təbii qazdan istifadə etmiş, 2014-cü il ərzində 617 manat məbləğində təbii qazdan istifadə etmiş, 2015-ci il ərzində 674 manat məbləğində təbii qazdan istifadə etmiş, 2016-cı il tarixdə 579.10 manat məbləğində təbii qazdan istifadə etmiş, 219.29 manat ödəniş etmişdir. Qaçqınkom tərəfindən isə 1656 manat ödənilmişdir. Lakin, iddiaçı tərəfindən qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş limitdən artıq qazdan istifadə olunmuşdur. 2017-ci ilin mart ayına təbii qazdan istifadə ilə qaçqın limiti ödənildikdən sonra, 1631.7 manat borcu yaranmışdır. 2023-cü ilin yanvar ayında iddiaçının ünvanına gedən qaz xətti üzərində ZENNER G-4T SMART markalı **********108 nömrəli sayğac quraşdırılmışdır. İstehlakçılar tərəfindən istifadə edilmiş qazın dəyərinin ödənilməməsi halları Cavabdeh əhalini təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında “356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri ödənilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” xx.xx.2000-ci il tarixli, 356 saylı Fərmanı ilə Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. Göstərilənlərə əsasən, iddianın təmin olunmaması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı Laçın rayonundan məcburi köçkündür. İş materiallarından görünür ki, ailə tərkibi 7 nəfər olmaqla, İddiaçı Şamaxı rayonunun Şəhriyar qəsəbəsi 7 ünvanında məskunlaşmış və həmin ünvanda xx.xx.2023cü il tarixdə, **********108 nömrəli, Zenner G4T SMART tipli sayğac quraşdırılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 4 ünvanda abonent İddiaçı 2017-ci ilin mart ayına təbii qazdan istifadə ilə bağlı 1631.75 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Laçın rayonundan məcburi köçkün kimi Şamaxı rayonunda məskunlaşmışdır. İddiaçı istehlakçı kimi yaşadığı Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə etmişdir. Abonent saldosuna əsasən, ondan tələb edilən borc məbləği 2010-cu ildən başlayaraq 2017-ci ilin mart ayınadək hesablanmışdır. 2017-ci ilin mart ayından iddiaçının yaşadığı Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən ünvanında Smart tipli sayğac quraşdırılan tarixə, yəni 2023-cü ilin yanvar ayına kimi təbii qazdan istifadə ilə bağlı hesabat aparılmamışdır. İddiaçı bildirir ki, istifadə etdiyi təbii qazın dəyərini həmişə ödəmiş, hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən, tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Ona heç vaxt qaz borcuna dair bildiriş verilməyibdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə, qaz paylayıcısı istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, qanunvericilikdə istehlakçıya verilmiş qazın dəyərinin qaz sayğacının göstəricilərinə əsasən, qaz paylayıcısı tərəfindən hər ay üzrə hesablanması, növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim edilməsi, qazın sayğacla müəyyənləşdirilən hesabının istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilməsi və müvafiq hesabın istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilmədiyi halda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildirişin göndərilməsi nəzərdə tutulmuşdur. Lakin, qanunla nəzərdə tutulmuş qeyd olunan tələblərin yerinə yetirilməsi iş materialları ilə müəyyən olunmur və bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarında olan abonent saldosundan görünür ki, 2023-cü ilin mart ayınadək, istehlakçı İddiaçı istifadə edilmiş təbii qazın dəyəri olaraq 1480,25 manat borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək, qeyd olunan qanunvericilik normalarını və vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş illik müddəti əsas tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 1480,25 manat məbləğində borc İddiaçı abunə hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan yuxarı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 34,81 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 1480,25 (bir min dörd yüz səksən manat iyirmi beş qəpik) manat məbləğində borc İddiaçı abunə hesabından silinsin. Məhkəmə xərci olaraq 34,81 (otuz dörd manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar