Məhkəmə qərarları › İş №2(074)-979/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-979/2023

31.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-979/2023 31.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borc məbləğinin silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X1 Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və hesablanmış borc məbləğinin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X5 X6 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* və ******* saylı aktların etibarsız hesab olunması və aktlar əsasında hesablanmış 432.40 manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh Ağsu X6 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* və ******* saylı aktların etibarsız hesab olunması və aktlar əsasında hesablanmış 432.40 manat məbləğində cərimənin silinməsinə dair iddia qaldırmışdır. Hazırda həmin ərizəyə dəqiqləşdirmə aparır və məhkəmədən aktlar əsasında hesablanmış 432 manat borc məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Abonent kodu **********00070. Maddi imkansızlıqdan, vaxtlı-vaxtında qaz və işıq borcunu ödəyə bilməmişdir. Lakin, heç bir zaman qazdan qanunsuz istifadə etməmişdir. 2019-cu il dekabr ayının 12-də cavabdehin əməkdaşları onun ünvanında olan qaz sayğacını açıb, dövlət yoxlamasına göndərdilər. Əvəzində isə yeni sayğac quraşdırdılar. Sonradan sayğac qaz buraxmamış və 2020-ci ilin yanvar ayının 24-də həmin sayğacı açmışdırlar. 2023-cü ilin iyun ayında ona məlum olmuşdur ki, onun şəxsi hesabına 432 manat cərimə hesablanmışdır. O, qaz idarəsinə getmiş və məlum olmuşdur ki, Cavabdeh İB tərəfindən qanunsuz olaraq bir gündə iki akt tərtib edilmiş və hər birinə görə 216 manat olmaqla, cəmi 432 manat cərimə olunmuşdur. Cavabdeh İB-nin Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktında G-4 markalı **********3 nömrəli sayğacın plasmas borusunun sınıq olduğuna görə, təbii qaz itkisi yaranmışdır. Eyni zamanda, ******* saylı aktında G-4 **********4 nömrəli sayğacın plasmas borusunun sınıq olduğuna görə, təbii qaz itkisi yaranmışdır. Mövcud “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə, həmin sayğacda olan hər hansı qüsura görə, istehlakçı məsuliyyət daşımır. Məhkəmə iclasında iddiaçı X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmiş, eyni zamanda, səlahiyyətli nümayəndə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı evində olan G-4 markalı **********3 nömrəli qaz sayğacı dövlət yoxlanmasına göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmiş və dövlət yoxlanmasından keçirilərkən, “sayğacın giriş plasmas borusunun sınıq olması və təbii qaz itkisinin yarandığı” müəyyən edilmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış ziyanın 4320 kub metr olmaqla, ödənilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin, abonentin evinə quraşdırılmış qaz sayğacına görə 432 manat məbləğində pulun ödənilməsi İddiaçı tələb olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Məhkəmə qeyd edir ki, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Bu isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxdıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, qaz sayğacına müdaxilə olunmasında iddiaçının təqsiri sübuta yetirilmədiyindən, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* və ******* nömrəli aktlara əsasən, hesablanmış 432 manat borc məbləği İddiaçı abunə hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* və ******* nömrəli aktlara əsasən, hesablanmış 432 (dörd yüz otuz iki) manat borc məbləği İddiaçı abunə hesabından silinsin. Məhkəmə xərci olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar