Məhkəmə qərarları › İş №2(074)-999/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-999/2021

04.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-999/2021 04.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14 may 2021-ci il tarixli 202859 saylı aktın etibarsız hesab edilməsi və həmin akta görə hesablanmış 1317,66 manat cərimə məbləğinin onun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1indəki evində mövsümi yaşayır. Şəxsi evində elektrik enerjisindən istifadə edir və vaxtlı-vaxtında enerjidən istifadəyə görə yaranan borcu ödəyir. O, evi alarkən evdə işıq sayğacı olmuş və evin qarşısında küçədə yerləşdirilmişdir. "xxxx" ASC-nin əməkdaşları onun evinə məxsus sayğaca baxış keçirmiş və sayğacın işləmədiyini müəyyən edərək, onun dəyişdirilməsini və yenisi ilə əvəz edilməsini müəyyən etmişlər. Sayğacı dəyişdirmişlər və ona elektrik qaydalarını pozduğu üçün 1062,16 manat və aktiv köhnə tarifi 255,50 manat nəzərə alınmaqla cəmi 1317,66 manat cərimə hesablamışlar. Hesablanmış cərimə məbləği əsassızdır, tərtib edilmiş akt ləğv edilməli və əsassız hesablanmış cərimə məbləği silinməlidir. Belə ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 14 may 2021-ci il tarixli 202859 saylı akta nəzər yetirildikdə həmin aktın kim tərəfindən tərtib edilməsi, habelə həmin akt tərtib olunan zaman şahid və hal şahidlərinin imzası olan qrafanın kim tərəfindən doldurulması aydın deyil. Mübahisəli sayğac evi alarkan yerində olmuş, ona heç bir müdaxilə olunmamışdır. Sayğaca baxış keçirilərkən ona məlumat verilməmiş, iştirakı təmin edilməmişdir. Sayğac yenisi ilə əvəz olunmuşdur. Nəticədə heç bir sübut olmadığı halda ona 1317,66 manat məbləğində cərimə yazılmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək X1 də hazırki işə cavabdeh qismində cəlb edilməsini və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14 may 2021-ci il tarixli 202859 saylı aktının etibarsız hesab edilməsi və həmin akta görə hesablanmış 1317,66 manat cərimə məbləğinin onun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdeh gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməsə də iddiaçı məhkəməyə ərizə göndərərək 04.11.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının ünvan 1ində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00043 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 14.04.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları R.Şahməmmədov və B.Musayev tərəfindən Şamaxı rayonu Nağaraxana kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablama sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının işləmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 14.04.2021 -ci il tarixli, R202859 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən 27.07.2021-cı il tarixində Şamaxı EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyanın 28.07.2021-ci il tarixli, 224853 saylı protokolu ilə elektrik sayğacının daxili sxemində yaranmış qüsur səbəbindən axan yükü qeyd etmədiyi barədə rəy verilmişdir. 14.04.2021-ci il tarixli, R202859 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 365 gün üçün 0.07 manatla 3650 kvt.s (dəyəri 255.50 manat) və 0.11 manatla 9656 kvt.s (dəyəri 1062.16 manat) toplamda 1317.66 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. İddiaçı yaşadığı Şamaxı rayonu Nağaraxana kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Odur ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğac üzrə 17.08.2015-ci il tarixdən 05.08.2021-ci il tarixə qədər olan **********00043 saylı abunə haqqında məlumat sənədindən görünür ki, İddiaçı "xxxx" ASC-yə sayğac oxunması üzrə 463,33 manat, aktlar üzrə 1.484,72 manat borcu vardır. İddiaçı 730,32 manat ödəniş etmiş, 1217,73 manat borcu mövcuddur. İş materiallarında olan məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 27.07.2021-ci il tarixli ******* saylı protokoldan görünür ki, 27/324 saylı iş tapşırığına və 202859 saylı akta əsasan, sayğac dəyişdirilib, yenisi ilə əvəz olunmuşdur. İş materiallarında olan Sayğacların və cəryan transformatorlarının yoxlanması haqqında 224853 saylı, 28 iyul 2021-ci il tarixli protokoldan görünür ki, **********00043 saylı abunənin ünvanında yerləşən sayğac daxili sxemdə yaranmış qüsur səbəbindən sayğac axan gücü qeyd etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.4-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. “Elektrik enejisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İş üzrə iddiaçının yaşadığı evin elektrik təchizatını təmin edən sayğacın evdən kənarda quraşdırılması cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Belə ki, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliliklə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə olunması halı təsdiq edilmədiyindən, eləcə də 14.05.2021-ci il tarixli 202859 saylı akt elektirk enerjisindən istifadə qaydalarının tələblərinin kobud surətdə pozulması ilə tərtib edildiyindən etibarsız sayılmalı, həmin akt üzrə hesablanmış 1317,66 manat borc iddiaçının abunə hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (01.10.2021-ci il tarixədək qüvvədə olan) 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 14 may 2021-ci il tarixli 202859 saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 1317,66 manat borc İddiaçı abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 manat dövlət rüsumu tutularaq, dövlət gəlirlərinə alınsın. Qətnamədən təqdim olunan (alınan) vaxtdan bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar