Məhkəmə qərarları › İş №2(075)-1045/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1045/2021

14.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1045/2021 14.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şəki rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, "Cavabdeh" İstehsalat Birliyi tərəlindən tərtib olunmuş 29.03.2021-ci il tarixli, ******* nömrəli Akt əsasında itirilmiş qazın bərpası üçün hesablanaraq onun abonent koduna vurulmuş 216 (iki yüz on altı) manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, ünvan 1 ünvanında yaşayır. Həmişə istifadə etdiyi qazın dəyərini vaxtı-vaxtında ödəmiş və sayğaca uyğun ödənişlər aparmışdır. Bu müddət ərzində cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğacdan kənar hər hansı formada təbii qazdan istifadə faktı müəyyən edilməmiş, sayğac barədə heç bir qüsur faktı aşkar edilməmişdir. 29 mart 2021ci il tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli Akta əsasən köhnə sayğac çıxarılaraq yenisi ilə əvəz edilsə də, bundan gec məlumatı olmuş və həmin akta tərəfindən imza edilməmişdir. Bundan məlumatı olan kimi aidiyyati orqana müraciət etdikdə isə 30.12.2010-cu il tarixdə quraşdırılmış köhnə sayğacın istismar müddəti bitdiyi üçün yenisi ilə əvəz edildiyi bildirilmişdir. Bu yaxınlarda əldə etdiyi 29.03.2021-ci il tarixli, ******* nömrəli Aktdan məlum olur ki, "Cavabdeh" X1 X2 İdarəsinin Şəki Sahəsi üzrə rəis müavini H.Qasımov tərəfindən təsdiq edilmiş və həmin akta əsasən istifadəsində olan qaz sayğacına guya baxış keçirilən zaman G-4 markalı ******* nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir. Həmin akta da istehlakçı kimi tərəfindər imza olunmamışdır. Həmin aktdan onun məlumatı olmamışdır. Tərəfindən sayğaca müdaxilə edilməmişdir. Bundan başqa, əgər həqiqətən də aktda qeyd edildiyi kimi qaz sayğacına guya baxış keçirilən zaman G-4 markalı ******* nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdisə, hansı dəymiş ziyanın söhbət gedə bilər. Aktda qeyd olunanlar hamısı tamamilə yalandır. Bundan sonra cavabdeh təşkilat onu əsassız və qanunsuz olaraq 216 (iki yüz on altı manat) məbləğində cərimə etmişdir. Qanunvericiliyi tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak elməli, həmin aktı onlarla yanaşı istehlakçı da imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən onun məlumatı olmamışdır. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdeh təşkilatın nümayəndələri onu qanunsuz olaraq cərimə etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib elməklə müvafiq tələbləri pozmuşlar və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə, yanlışlığa yol vermişlər. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə 10 iyun 2021-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə 10 iyun 2021-ci il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********00010 saylı qaz hesabında 09.06.2021-ci il tarixə 216 manat borc vardır. Həmin borcun tam hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu 216 manatv mübahisələndirməkdədir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 21.10.2020-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********8 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin 29.03.2021-ci il tarixli 29/1710-01180-1 saylı aktında göstərilmişdir ki, sayğacın çıxış plasmas borusu deşilmişdir (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.03.2021-cu il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 29.03.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən, 14.06.2021-ci il saat 09:40-a təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “Cavabdeh” İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, cavabdehin etiraz ərizəsini təhlil edərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 29 mart 2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda istismarda olmuş ******* nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni **********8 nömrəli sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Aktda qeyd edilmişdir ki, sayğacın və plombun toxunulmazlığına cavabdeh şəxs İddiaçıdur. İstehlakçının nümayəndəsi İddiaçı həmin aktı imzalamışdır. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Cavabdeh” İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 mart 2021-ci il il tarixli ******* saylı aktdan görünür ki, ARDNŞ “Cavabdeh” İB-nin 15.03.2021-ci il tarixli, MSK 29/**********-1 saylı aktına əsasən sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən edilmiş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun yenisi ilə əvəzlənməsi və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Cavabdeh” İB-nin Zaqatala RQİİ-nin 29 mart 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı yaşadığı Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən evində qaz işlədicilərindən G4 markalı ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4m3, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 2160 m3 müəyyən edilərək onun dəyəri olan 216 manat məbləğdə ziyan (2160 m3 x 0.10 man = 216 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. Göründüyü kimi, 29 mart 2021-ci il tarixli ******* nömrəli akta əsasən iddiaçıya məxsus Şəki şəhəri, F.Abdurahmanov küçəsində yaşadığı evdə quraşdırılmış “Zenner” tipli ******* nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni **********8 nömrəli qaz saygacı quraşdırılmışdır. Bundan başqa “sayğacın çıxış plastmas borusunun deşilməsi” göstərilən sayğac iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Bundan başqa, sayğaclar çıxarılan zaman X3 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan “Cavabdeh” İB-nin Zaqatala X2 İdarəsinin rəisinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd edilən sayğacların iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda və yüksəkdə quraşdırmış olmasını və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olmasını nəzərə alaraq müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, cavabdeh yol verilmiş səhvə görə hesablanmış qazın dəyərini iddiaçıdan tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın çıxış plastmas borusunun deşilməsi” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacın çıxış plastmas borusunun deşilməsi” özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən aktlar və qərarlarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Beləliklə, saygac çıxarılan zaman müdaxilə X3 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə “Cavabdeh” İB-nin Zaqatala X2 İdarəsinin rəisinin aktı “sayğacın çıxış plastmas borusunun deşilməsi” sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, 29 mart 2021-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Odur ki, iddia təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Cavabdeh» X1 X2 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 29 mart 2021-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 216 manat məbləğində hesablanmış cərimə məbləği İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Cavabdeh» X1 X2 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 29 mart 2021-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 216 manat İddiaçı hesabından silinsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyindən 20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar