Məhkəmə qərarları › İş №2(075)-1076/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1076/2020

09.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1076/2020 09.07.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı cavabdeh Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinə qarşı “mirası qəbul etməsi hüquqi faktının təsdiq edilməsi və miras əmlaka payının tanınması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 18 iyul 2002-ci il tarixdə vəfat etmiş mərhum atası x1 miras qalmış və faktiki olaraq qəbul etdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət əmlakı miras kimi qəbul etməsi hüquqi faktının təsdiq edilməsi və həmin əmlaka pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın 2-ci bəndinin 3-cü hissəsinə əsasən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq notarius vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. İddiaçı cavabdeh Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinə qarşı onun 18 iyul 2002-ci il tarixdə vəfat etmiş mərhum atası x1 miras qalmış və faktiki olaraq qəbul etdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət əmlakı miras kimi qəbul etməsi hüquqi faktının təsdiq edilməsi və həmin əmlaka pay hüququnun tanınmasını xahiş etsə də, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınma qaydasına əməl edilməmiş və bu barədə ərizəyə sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.6-cı bəndinə görə məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikasının MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Göründüyü kimi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə dair ərizəçilər tərəfindən xüsusi icraat qaydasında ərizə ilə müraciət edilməli olduğu halda İddiaçı məhkəməyə iddia icraatı qaydasında iddia ərizəsi ilə müraciət etmişdir. Ona görə də İddiaçı ərizəsi geri qaytarılmalı, ona qərardada göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinə qarşı “mirası qəbul etməsi hüquqi faktının təsdiq edilməsi və miras əmlaka payının tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar