Məhkəmə qərarları › İş №2(075)-1102/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1102/2020

17.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1102/2020 17.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, akt əsasında əsassız hesablanmış 421.2 manat cərimənin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir.Mülkiyyətində olan evdə qazdan istifadə edildiyinə görə küçədə Cavabdeh tərəfindən G-4 markalı ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. xx xxxx 2019-cu il tarixdə **-BM-*** dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı avtomobil qonşuya mişar daşı gətirib boşaldan zaman istifadəsində olan qaz sayğacını zədələmişdir. Həmin vaxt o, “Aqil” adlı həmin şoferi də Qaz İdarəsinə aparmış və qaz idarəsinin əməkdaşları gələrək sayğacı yenisi ilə əvəz etmişlər. Həmin vaxt xx xxxx 2019-cu il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib etmişlər. Təxminən 2 ay sonra o, sərf etdiyi qazın pulunu ödəyərkən məlum olmuşdur ki, hesabına əsassız olaraq 421.2 manat borc yazılmışdır. O, bunun səbəbini aydınlaşdırmaq üçün qaz idarəsinə müraciət etdikdə barəsində xx xxxxxxx 2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edildiyi və xx xxxxxxx 2019-cu il tarixli qərarla 4212 m2 qaz sərfiyyatı hesablandığı bildirilmişdir. Hesab edir ki, həmin akt və qərar qanunsuz və əsassızdır. Belə ki, xx xxxxxxx 2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd edilmişdir ki, ARDNŞ Cavabdeh İB-nin xx xxxxxxxx 2019-cu il tarixli, MSK 29/1710-02543-2 saylı aktına əsasən sayğacın plastmas qapağı, qurğuşun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan gövdəsi üzərində aşkar olunmamışdır. Sayğacın nömrəsi ZRQİİ-nin möhürlü kağızına əsasən yazılmışdır. İstifadəsində olan sayğaca “Aqil” adlı şəxsin idarə etdiyi **-BM-*** dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı avtomobil zədələyərkən Zaqatala RQİİ-nin Şəki satış şöbəsinin əməkdaşlarına bu barədə məlumat vermiş, “Aqil” adlı şəxs də həmin vaxt sayğaca zədənin onun tərəfindən yetirildiyini etiraf etmiş və sayğacın dəyişdirilməsi üçün 100 manat pulu şöbəyə ödəmişdir. Mübahisəli akt və həmin akt əsasında qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır. Ona görə də həmin əsassız hesablanmış məbləğ silinməlidir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək işə iştirakları olmadan baxılaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərmişdir ki, iddia tələbi tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında xx xxxxxxxx 2020-ci il tarixə 425.70 manat borc vardır, həmin borcun 4.50 manat hissəsi sayğac göstəricisinə əsasən və 421.20 manat hissəsi isə itirilmiş təbii qazın həcminə görə müəyyən edilən borc məbləğidir və iddiaçı məhz həmin hissəni mübahisələndirir. Belə ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğacın ekranının deşildiyiaşkar edilmişdir. Bununla əlaqədar olaraq həmin sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx xxxx 2019-cu il tarixli, ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********6 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli, 29/1710- 05243-2 saylı aktında göstərilmişdir ki, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın plastmas qapağı, zavod qurğuşun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmamışdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxxx 2019-cu il tarixli, ******* saylı akt tərtib etmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx xxxxxxx 2019-cu il tarixli, “dəymiş ziyanın bərpasına dair tələbnamə”si ilə 4212 m3 və ya 421.20 manat həcmində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı vəsatəti ilə dindirilmiş şahid X2 göstərmişdir ki, ünvan 2 ünvanına yaşayır. Həqiqətən də, xx xxxx 2019-cu il tarixdə **-BM-*** dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı avtomobil qonşuya mişar daşı gətirib boşaldan zaman İddiaçı istifadəsində olan qaz sayğacını zədələmişdir. Bundan sonra İddiaçı abtomobilin sürücüsü ilə birlikdə qaz idarəsinə getmiş, bir müddət sonra qaz idarəsinin əməkdaşları gələrək sayğacı yenisi ilə əvəz etmişlər. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx xxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş G4 markalı, ******* nömrəli sayğacını maşın vurduğundan qaz xəttindən çıxarılmış, yeni qaz sayğacı quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Aktda qeyd edilmişdir ki, sayğacın və plombun toxunulmazlığına cavabdeh şəxs İddiaçıdur. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxxx 2019-cu il tarixli, ******* saylı aktın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mənzilində istifadə edilən qaz işlədici avadanlıqlar qeydiyyata alınmış, G-4 markalı ******* nömrəli qaz sayğacının plastmas qapağı, zavod qurğuşun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmamış, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun yenisi ilə əvəzlənməsi və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin xx xxxxxxx 2019cu il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evdə xx xxxxxxx 2019-cu il tarixli, ******* nömrəli akta qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün, Radiator sobanın maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün; Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 4212 m3 müəyyən edilərək onun dəyəri olan 421.2 manat məbləğdə ziyan əvəzinin ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sayğacın plastmas qapağı, zavod qurğuşun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar edilməməsi kimi qüsur qeyd edilən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda və yüksəkdə quraşdırılmış olmasını və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olmasını, həmçinin sayğacı maşın vuraraq vuraraq yararsız vəziyyətə salmasını, istehlakçının dərhal istehsalçını məlumatlandırmasını nəzərə alaraq müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, cavabdeh yol verilmiş səhvə görə hesablanmış qazın dəyərini iddiaçıdan tələb edə bilməz. Belə ki, sayğacın plastmas qapağı, zavod qurğuşun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar edilməməsi göstərilən sayğac iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Bundan başqa, sayğac çıxarılan zaman X3 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Cavabdeh İBnin Zaqatala X4 İdarəsinin rəisinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın plastmas qapağı, zavod qurğuşun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar edilməməsi” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacın plastmas qapağı, zavod qurğuşun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar edilməməsi” özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda və yüksəkdə quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Beləliklə, sayğac çıxarılan zaman müdaxilə X3 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə, bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Cavabdeh İB-nin Zaqatala X4 İdarəsinin rəisinin aktı əsasında sayğacın plastmas qapağı, zavod qurğuşun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar edilməməsi sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, ******* nömrəli, xx xxxxxxx 2019-cu il tarixli akt əsasında hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Odur ki, iddia təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X4 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 421.20 manat məbləğində hesablanmış borc məbləği İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxxx 2019-cu il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 421.2 (dörd yüz iyirmi bir manat iyirmi qəpik) manat məbləğində hesablanmış borc İddiaçı hesabından silinsin. Cavabdehndən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar