Məhkəmə qərarları › İş №2(075)-116/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-116/2021

01.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-116/2021 01.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı oğlunun cavabdeh «xxxx» ASC-yə qarşı akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş 118356 nömrəli akta əsasən əsassız hesablanaraq onun abonent koduna vurulmuş 466.57 manat məbləğində borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə cavabdeh «Azəriqaz» İB əsl cavabdeh olan «xxxx» ASC ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu Daşbulaq kəndində yerləşən evdə ailə üzvləri ilə birlikdə yaşayır. Ailəsinin məişət qayğılarının həll edilməsi üçün «xxxx» ASC ilə xx xxxxxx 2020-ci il tarixdə 113461 nömrəli müqavilə bağlanmışdır. Aralarında bağlanmış müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən elektrik enerjisi ilə təmin edilmiş, vaxtlı-vaxtında, yəni hər ayın əvvəli nəzarətçi tərəfindən sayğaca baxış keçirildikdən sonra onlara təqdim edilmiş bildirişə uyğun olaraq sərf etdiyi təbii qaza görə göstərilən məbləği vaxtında poçt vasitəsi ilə cavabdeh orqanın hesabına ödəmişdir. Bu müddət ərzində cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğacdan kənar hər hansı formada elektrik enerjisindən istifadə faktı müəyyən edilməmişdir. Lakin hesab bildirişini alan zaman 466.57 manat qalıq borcunun olduğunu bilmişdir. Aidiyyəti üzrə müraciət etdikdə xx xxxxxx 2019-cu il tarixli, 118356 nömrəli Aktın olduğunu və həmin Aktın Şəki EŞ-si idarəsinin rəisi Ş.Daşdəmirov tərəfindən formal mülahizələr əsasında təsdiq edildiyini bilmişdir. Həmin aktın surəti ilə tanış olan zaman ona məlum olmuşdur ki, guya 2019-cu ildə baxış keçirilən zaman sayğacın yanması müəyyən olmuşdur. Onun həmin aktdan məlumatı olmamış, tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Onun təqsiri nəticəsində sayğacın yanaraq zədələnməsi müəyyən edilmədiyi halda, əsassız olaraq bu yolla itirilmiş enerjinin dəyəri hesablanaraq onun abonent koduna vurulmuşdur. Sözügedən akt formal olaraq tərtib edildiyindən tərəfindən imzalanmamış, habelə aktda hər-hansı qeydi olmamışdır. Ona görə də hesab edir ki, xx xxxxxx 2020-ci il tarixli, 113461 nömrəli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti olaraq aralarında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilədən əvvəlki tarixə cavabdeh təşkilatın əməkdaşları tərəfindən adına tərtib edilmiş akt əsasında əsassız hesablanmış 466.57 manat qalıq borc hesabından silinməlidir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh «xxxx» ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin «xxxx» ASC xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, İddiaçı Şəki rayonu Daşbulaq kəndində yaşadığı fərdi yaşayış evi “xxxx” ASC-nin enerji satış bazasında onun adına olmaqla **********00153 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx xxxxxx 2019-cu il tarixdə “xxxx” ASC-nin Şimal-Qərb RETSİ-nin Şəki EŞ-nin əməkdaşları E.Məsimov, N.Həmidov, N.Cəfərov və S.Məmmədov tərəfindən Şəki rayonu Daşbulaq kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının yanaraq işləmədiyi aşkar edilmiş və pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2019-cu il tarixli, R118356 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən xx xxxxxx 2019-cu il tarixində Şəki EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yeni LETNA-LUNİO tipli elektrik sayğacı ilə əvəz edilərək möhürlənmişdir. Bununla bağlı ******* saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyanın xx xxxxx 2019-cu il tarixli, 140865 saylı protokolu ilə elektrik sayğacının daxili sxemində yaranmış qüsur səbəbindən sayğacın dövrədən axan yükü qeyd etmədiyi barədə rəy verilmişdir. xx xxxxxx 2019-cu il tarixli, R118356 saylı akta əsasən “xxxx” ASC Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx xxxxx 2019-cu il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 48 gün üçün 0.07 manatla 480 kvt.s (dəyəri 33.60 manat) və 0.11 manatla 962 kvt.s (dəyəri 105.82 manat) toplamda 139.42 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Əməkdaşlar tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, abonenti faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Bundan başqa iddiaçı iddia tələbində silinəcək məblği 466.57 manat göstərmişdir. İddiaçıya akt əsasında 139.42 manat hesabat aparılmış, yerdə qalan 327.15 manat borc aylıq sərfiyyat nəticəsində yaranmış və tərtib edilmiş aktla heç bir əlaqəsi yoxdur. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00153 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx xxxxxx 2019-cu il tarixli, R seriyalı, 118356 nömrəli aktdan görünür ki, İddiaçı məxsus mənzildə sayğacın yanaraq işləmədiyi aşkar edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, istehlakçı İddiaçı məxsus olan nasaz sayğac yenisi ilə əvəzlənmiş və möhürlənmişdir. xx xxxxx 2019-cu il tarixli, 140865 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında protokoldan görünür ki, istehlakçı İddiaçı məxsus olan elektrik sayğacının daxili sxemində yaranmış qüsur səbəbindən sayğac dövrədən axan yükü qeyd etmir. Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri R.M.Əfəndiyev tərəfindən təsdiq edilmiş xx xxxxx 2019-cu il tarixli icra əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 48 gün üçün 0.07 manatla 480 kvt.s (dəyəri 33.60 manat) və 0.11 manatla 962 kvt.s (dəyəri 105.82 manat) toplamda 139.42 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Sayğacın yeni tipli sayğacla əvəz edilməsi nəzərdə tutulmuşdur. «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.32-ci bəndinə əsasən Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göründüyü kimi, Qaydaların 8.32-ci bəndində göstərilən pozuntulara görə mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış evinin daxilində quraşdırılmayan məişət abonentinin məsuliyyəti istisna edilmişdir. Çünki «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış elektrik enerjisi borcunun sayğacın nasaz olması ucbatından yaranması iddiaçının məhkəmə iclasında verdiyi izahat və iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, sayğacın nasaz olması İddiaçı vəziyyətini daha da ağırlaşdıraraq ona əlavə elektrik enerjisi borcunun yazılmasına səbəb olmuşdur. Məhkəmə «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11ci bəndini və yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********3 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı elektrik sayğacında yaranmış problemin onun təqsiri ucbatından yaranması ilə bağlı cavabdeh «xxxx» ASC- nin nümayəndəsinin məhkəməyə göndərdiyi etirazında dedikləri əsaslı deyil. Göründüyü kimi, İddiaçı elektrik sayğacının nasaz olması ilə bağlı ona əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacın yenisi ilə əvəzlənməsi günündə **********3 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı xx xxxxx 2019-cu il tarixə 1442 kvts enerji istehlak etmiş və onun 139.42 manat borcu olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış qeyd edilən elektrik enerjisi borcu silinməlidir. Məhkəmə araşdırması nəticəsində xx xxxxxx 2019-cu il tarixli, R seriyalı, 118356 nömrəli akt əsasında İddiaçı 139.42 manat borcun hesablanması müəyyən edilmişdir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli, R seriyalı, 118356 nömrəli akt əsasında **********3 saylı abonent kod hesabına 139.42 manat borc yazılsa da, iddiaçı hesabından 466.57 manat borcun silinməsini xahiş etmişdir. Halbuki, qalan 327.15 manat borc aylıq sərfiyyat nəticəsində ödənilməmiş borcdur ki, həmin borcun akt üzrə yaranmış borcla heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan İddiaçı xx xxxxx 2019-cu il tarixə 139.42 manat borcunun olmasının qeyd edilməsi və iddiaçının bunun əksini sübut edəcək lazımi sənədləri iş materiallarına əlavə etməməsi, məhkəmə iclasında da təqdim etməməsi nəzərə alınaraq iddia qismən təmin edilməli, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair xx xxxxxx 2019-cu il tarixli, R seriyalı, 118356 nömrəli akt əsasında **********3 saylı abonent kod hesabında qeydə alınmış 139.42 manat borc əsassız hesab edilərək İddiaçı hesabından silinməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «xxxx» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair xx xxxxxx 2019-cu il tarixli, R seriyalı, 118356 nömrəli akt əsasında **********00153 saylı abonent kod hesabında qeydə alınmış 139.42 (bir yüz otuz doqquz manat qırx iki qəpik) manat borc İddiaçı hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. «xxxx» Açıq Səhmdar Cəmiyyətindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar