Məhkəmə qərarları › İş №2(075)-1167/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1167/2021

30.06.2021 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1167/2021 30.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçılar Cavabdeh1 və İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçılar Cavabdeh1 və İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar Cavabdeh1 və İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 3700 manat əsas pulun və 30 manat dövlət rüsumunun, 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, onlar Şəki rayonu Turan qəsəbəsində yaşayırlar. Cavabdeh1 onun həyat yoldaşıdır. 2013-cü ilin sentyabr ayında X5 onlara müraciət edərək ona pul lazım olduğunu, adına kredit olduğuna görə kredit ala bilmədiyini onların adına kredit alaraq özü tərəfindən ödəniləcəyini bildirərək onlardan özlərinin adına kredit almağı xahiş etmişdir. Cavabdeh 2013-cü ilin oktyabr ayında bir neçə nəfər də taparaq onları "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatının Şəki filialına aparmış və orada onlarla “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatı arasında 25 oktyabr 2013-cü il tarixli ŞƏK-721/1 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən o, X8, X6, Cavabdeh1, X4, X10 və X7 7000 (yeddi min) manat kredit verilmişdir. Həmin 7000 manatın 2000 manatı onlara çatmış və onlar ər-arvad hər ikisi həmin 2000 manatı götürərək X3 vermişlər. Cavadeh də öz növbəsində bildirmişdir ki, həmin 2000 manatı və 2000 manat kreditin verilməsi ilə bağlı bütün faizləri ödəyəcəkdir. Lakin Cavabdeh 2 ay kredit müqaviləsi uzrə borcu ödədikdən sonra qaln borcu ödəməkdən yayınmışdır. Dəfələrlə tələb etmələrinə baxmayaraq borcunu ödəməmiş və "İcraçı Kredit Agentliyi” MMC Bank Olmayan Kredit Təşkilatı onlara qarşı məhkəmə əmrinin verilməsinə dair ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 06 fevral 2015-ci il tarixli 2(075)-682/2015 saylı məhkəmə əmri ilə 2060,66 (iki min altmış manat 66 qəpik) manat əsas, 288,74 (iki yüz səksən səkkiz manat 74 qəpik) manat faiz borcu, 375,99 (üç yüz yetmiş beş manat 99 qəpik) manat cərimə, cəmi 2725.39 (iki min yeddi yüz iyirmi beş manat 39 qəpik) manatın borclular X8, X6, Cavabdeh1, X4, X10, X9 və ondan müştərək qaydada tutularaq “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatının xeyrinə verilməsi əmr edilmişdir. Cavabdeh tərəfindən kredit borcu ödənilmədiyindən həmin borc onun pensiyasına yönəldilmiş və borcun bir hissəsi onun pensiyasından tutulmuşdur. Qalan hissəsini isə nağd şəkildə “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödəmişlər. Sonuncu dəfə tərəflərindən 29.04.2021-ci il tarixdə 230,42 manat ödəniş edilərək kredit borcu bağlanmışdır. Beləliklə onlar tərəfindən həmin kredit borcunun onlara düşən hissəsinin tam şəkildə ödənilməsi üçün 3700 manat ödəniş edilmişdir. Odur ki, həmin pul cavabdehdən alınaraq onların xeyrinə verilməlidir. Onlar dəfələrlə həmin pulu cavabdehdən tələb etsələr də, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Cavabdeh1 da İddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 izahat verərək göstərdi ki, iddiaçılarla kəndçidirlər, həmçinin iddiaçılarla uzaq qohumdurlar. Göstərmişdir ki, iddiaçılardan yəni Ərzuman və İddiaçılardan hər hansı borc məbləği istəməmiş və onlar tərəfindən ona hər hansı borc məbləği verilməmişdir. Onlara zamin durmamış və ya onlardan bankdan kredit götürüb ona verilməsini xahiş etməmişdir. Ümumiyyətlə iddiaçıların belə iddia ilə məhkəməyə müraciət etməsini anlamır. Lakin məhkəmə tərəfindən ona verilən suallara cavabında bildirmişdir ki, o özü iddiaçıların yeznəsinə 3300 manat borc pul vermiş və o həmin borcdan ona 300 manat qaytarmışdır. 3000 manatını isə hələ də qaytarmamışdır. Buna görə də o hal-hazırda iddiaçıların yeznəsindən pulunu tələb və buna görə də hazırda aralarında narazılıq vardır. Düşünür ki, iddiaçılar hazırkı iddianı onun yeznələrindən pulunu tələb etməsin deyə qaldırmışlar. Hesab edir ki, iddia əsassızdır. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçıların və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi verilmiş pul borcunun qaytarılması ilə bağlı olduğundan bu münasibət mülki qanunvericiliyin borc müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən normalar tətbiq edilməklə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Göründüyü kimi iddiaçılar Cavabdeh1 və İddiaçı “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatından kredit götürərək borc kimi cavabdehə verdiklərini bildirsələr də, buna dair hə hansı sübutu iş materialına əlavə etməmişlər. Həmçinin araşdırma zamanı müəyyən olundu ki, İddiaçı, X8, X6, Cavabdeh1, X4, X10 və X9 “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatı ilə aralarında bağlanmış 25 oktyabr 2013-cü il tarixli, ŞƏK-721/1 saylı kredit müqaviləsinə əsasən 7000 manat məbləğində kredit götürmüşlər və Cavabdeh1 Nədif oğlu tərəfindən kredit öhdəliyi üzrə son ödəniş 29 aprel 2021-ci il tarixində qeydə alınmış və həmin tarixdən etibarən onun “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatı qarşısında kredit öhdəliyi yoxdur. İddiaçılar “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatından götürmüş olduqları 2000 manat pulu cavabdehə verdiklərini iddia etmiş, cavabdeh isə məhkəmə iclasında iddianı qəbul etməmiş, əksinə onlardan borc pul istəmədiyini və almadığını bildirmişdir. İddiaçılar isə məhz cavabdehin onlara 3700 manat məbləğində borcunun olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Şərh edilənlərə əsasən, həmçinin hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməsi zərurətindən çıxış edərək məhkəmə hesab edir ki, iddiaçılar Cavabdeh1 və İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna görə də ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçılar Cavabdeh1 və İddiaçı cavabdeh X1 3700 (üç min yeddi yüz) manat borc pulun və 30,40 manat dövlət rüsumunun alınaraq onlara verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar