Məhkəmə qərarları › İş №2(075)-1169/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1169/2021

25.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1169/2021 25.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şəki rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 aprel 2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 216 manat qaz sərfiyyatnın hesabından silinməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, ünvan 1 ünvanında yaşayır. Həmişə işlətdiyi təbii qazın dəyərini vaxtı-vaxtında poçta ödəmişdir. O, həmişə sayğacı üzrə ödəniş aparmışdır. 04.12.2020-ci il tarixdə “Cavabdeh” İB-nin Zaqatala RQİİ-nin Şəki şəhər sahəsinin əməkdaşları Nağıyev Kamran və Səfərov İmran onun ünvanına gələrək istifadəsində olan qaz sayğacının yenisi ilə əvəz edilməli olduğunu bildirmişlər. O, heç bir irad, etiraz bildirməmiş, hətta onlara kömək etmiş, sayğacı açmaq üçün açar da vermişdir. Həmin şəxslər təxminən bir saat ərzində istifadə etdiyi ******* nömrəli sayğacı yeni, mexaniki sayğacla əvəzləyib və bu barədə 41558493 saylı akt tərtib etmişlər. Həmin aktda açılan sayğacda heç bir çatışmazlıq göstərilməmişdir. X5, Səfərov İmran və o imzalamışlar. Sayğacın yenisi ilə əvəzlənməsindən təxminən 4 ay sonra 16.04.2021-ci il tarixdə yenə adı çəkilən idarənin əməkdaşları TQQ və SX-nin rəisi Cavad İbrahimov, mühəndis Rəşad Məmmədov, texnik Murad İmaməliyev onun ünvanına gəlmişlər və sayğacı yoxlayacaqlarını bildirmişlər. Həmin şəxslər də sayğacı yoxlamışlar, guya sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsini və daxili qulaqcıqlarında əzik-cızıq olmasını aşkar etmişlər. Aktda tələb qoymuşlar ki, sayğac saatlıq qaz sərfinə uyğun quraşdırılmalı, dəymiş ziyan hesablanaraq ona ödədilməlidir. Aktı əməkdaşlar imzalamış və ona da imza etməsini bildirmişlər. Lakin o, akta imza etməkdən imtina etmiş, ona görə ki, qaz mütəxəssisi olmadığından sözügedən şəxslərin yazdıqlarından anlayışsız olmuşdur. Ya sayğacın hesablama mexanizmini, ya yan tərəfdən əzildiyini, ya da əzik-cızıq olan daxili qulaqcıqları tanımır, onlar deyənləri bilmir. Evi əhalinin və avtomobillərin intensiv hərəkət etdiyi küçədə yerləşir. Darvazası ilə üzbəüz uşaq bağçası var. Sayğac küçədə, evindən təxminən 30-40 metr aralıda yerləşir. Onun və ailəsinin sayğaca daima nəzarət etmək imkanları yoxdur. Barəsində tərtib edilmiş 28 aprel 2021-ci il tarixli ******* nömrəli akt qanunsuzdur. Cavabdeh təşkilatın nümnayəndələri onun heç bir borcunun olmadığı halda borcunun olduğunu bildirərək, evinə gələn təbii qazı şəbəkədən ayırmışlar. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə qanunvericiliyin müvafiq tələblərini pozmuşlar, bununla da istehlakçı kimi ona nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə 10 iyun 2021-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə 10 iyun 2021-ci il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “Cavabdeh” İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin icraatında olan mülki işin baxış iclası 25.06.2021-ci il saat 11:00-a təyin edilmişdir. Bildirirəm ki, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********60000 saylı qaz hesabında 09.06.2021-ci il tarixə 227,60 manat borc vardır. Həmin borcun 11,60 manat hissəsi sayğac üzrə, 216 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu (216 m) mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirirəm ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 04.12.2020-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********12 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin 16.04.2021-ci il tarixli 29/171001587-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib daxili qulaqcıqlarda əzik cızıq izləri vardır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.04.2021-cu il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 28.04.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilmişdir. Bildirirəm ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən, 25.06.2021-ci il saat 11:00a təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “Cavabdeh” İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, cavabdehin etiraz ərizəsini təhlil edərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 04 dekabr 2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda istismarda olmuş ******* nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni **********2 nömrəli sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Aktda qeyd edilmişdir ki, sayğacın və plombun toxunulmazlığına cavabdeh şəxs İddiaçıdur. İstehlakçının nümayəndəsi İddiaçı həmin aktı imzalamışdır. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Cavabdeh” İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2021-ci il il tarixli ******* saylı aktdan görünür ki, ARDNŞ “Cavabdeh” İB-nin MSK 29/1710-01587-1 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən edilmiş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun yenisi ilə əvəzlənməsi və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Cavabdeh” İB-nin Zaqatala RQİİ-nin 28 aprel 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı yaşadığı Şəki şəhəri, Abid Əfəndiyev küçəsində yerləşən evində qaz işlədicilərindən G4 markalı ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4m3, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 2160 m3 müəyyən edilərək onun dəyəri olan 216 manat məbləğdə ziyan (2160 m3 x 0.10 man = 216 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. Göründüyü kimi, 04 dekabr 2020-ci il tarixli ******* nömrəli akta əsasən iddiaçıya məxsus Şəki şəhəri, Abid Əfəndiyev küçəsində yaşadığı evdə quraşdırılmış “Zenner” tipli ******* nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni **********2 nömrəli qaz saygacı quraşdırılmışdır. Bundan başqa “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması” göstərilən sayğac iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Bundan başqa, sayğaclar çıxarılan zaman X2 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan “Cavabdeh” İB-nin Zaqatala X3 İdarəsinin rəisinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması qeyd edilən sayğacların iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda və yüksəkdə quraşdırmış olmasını və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olmasını nəzərə alaraq müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, cavabdeh yol verilmiş səhvə görə hesablanmış qazın dəyərini iddiaçıdan tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması” özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən aktlar və qərarlarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Beləliklə, saygac çıxarılan zaman müdaxilə X2 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə “Cavabdeh” İB-nin Zaqatala X3 İdarəsinin rəisinin aktı “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcızıq izlərinin olması” sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, 28 aprel 2021-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Odur ki, iddia təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Cavabdeh» X1 X3 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 28 aprel 2021-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 216 manat məbləğində hesablanmış cərimə məbləği İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Cavabdeh» X1 X3 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 28 aprel 2021-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 216 manat cərimə məbləği İddiaçı hesabından silinsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyindən 20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar