Məhkəmə qərarları › İş №2(075)-120/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-120/2022

07.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-120/2022 07.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 aprel 1967-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs 20 aprel 1967-ci il təvəllüdlü X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəsində tələbini belə əsaslandırmışdır ki, anası X7 20 aprel 1967-ci il tarixdə anadan olmuşdur. Ona ikinci dərəcə əlillik verilmişdir. Daima kənar şəxsin qulluğuna ehtiyacı var. Hal-hazırda o, uzun müddətdir ki, fəaliyyət qabiliyyətsizdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 ərizəyə etirazının olmadığını bildirərək ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdı. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən verilmiş 25 noyabr 2021-ci il tarixli, 2775 nömrəli rəydən görünür ki, 20 aprel 1967-ci il təvəllüdlü X5 damar mənşəli (işemik insultdan sonrakı) dərin demensiya (ağıl zəifliyi) (F01.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim olunmuş tibbi sənədlər və hal-hazırkı psixiatrik müayinənin nəticələri - 2018-ci ildə beyin insultu keçirməsi, bununla əlaqədar akad. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Şəki MRX-də müalicə olunması, nevroloji əlamətlərlə yanaşı yaddaş və intellektinin pozulması, xəstəliyi ilə əlaqədar İ qrup əlil hesab olunması, həmçinin hazırki müayinə zamanı psixi funksiyalarının total zəifləməsinin müəyyən edilməsi və s. sübut edir. X7 onda qeyd olunan damar mənşəli demensiya (ağıl zəifliyi) ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X4 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının da müvafiq rəyi vardır. Ərizəçi Əhmədova X1 Vəsilə Əli qızının psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 20 aprel 1967-ci il tarixdə Qutqaşen rayonu Nic kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20 aprel 1967-ci il tarixdə Qutqaşen rayonu Nic kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar