Məhkəmə qərarları › İş №2(075)-121/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-121/2022

13.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-121/2022 13.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh, üçüncü şəxs X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «evə köçürmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********49- 10301, qeydiyyat nömrəsi ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətində olan Şəki şəhəri, Vüqar Məmmədov küçəsində yerləşən 19 saylı, yeni qaydalarla ünvan 1 saylı evin 1/3 hissəsinə köçürülməsi, cavabdehin uşaqları və əmlakları ilə birlikdə ona məxsus hissədən istifadə hüququ əldə etmiş hissəyə çıxarılması və cavabdeh tərəfindən olan maneələrin aradan götürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********49-10301 Çıxarışa əsasən paylı mülkiyyətində olan Şəki şəhəri, Vüqar Məmmədov küçəsində yerləşən 19 saylı, yeni qaydalarla ünvan 1 saylı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, X14, X8, X9, X1, X3, X6 və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhəri, Vüqar Məmmədov küçəsində yerləşən 19 saylı evin 1/3 hissəsi anası X7 atası X11 miras qalmış pay olmuşdur. Həmin miras evdə payına düşən və dörd tərəfdən daş hasarla ayrılmış ayrı giriş-çıxış yolu olan yaşayış evinə aid hissədə yaşasa da, cavabdeh olan Cavabdeh və uşaqları Şəki Rayon Məhkəməsinin 2(075)-806/2010 saylı, 06 oktvabr 2010-cu il larixli qətnamə ilə həmin ünvanda yerləşən yaşayış evinin X15 aid hissəsində yaşayış hüququ tanınmışdır. Bu səbəblə anası tərəfindən cavabdehə qarşı kompensasiya ödənilməklə uşaqları ilə birlikdə istifadə hüquqlarına xitam verilməsi və sair tələblə məhkəməyə müraciət etsə də iddiası əsassız hesab edilməklə təmin edilməmişdir. Uzun sürən məhkəmə proseslərindən sonra anası X12 atasından miras qalan həmin hissədə olan payı öz adına rəsmiləşdirərək ölən günə kimi həmin evdə onun qulluğunda durmağı şərti ilə həmin hissəni ona bağışlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********49-10301, qeydiyyat nömrəsi ********** qeydiyyat nömrəli Çıxarış rəsmiləşdirilmişdir. Bütün bu müddət ərzində cavabdeh istifadə hüququ əldə etdiyi, anasına düşən hissədən istifadə edərək evi baxımsız vəziyyətdə saxlamaqla yanaşı X2 və onun evin həmin hissəsində yaşamalarına maneə olur. Dəfələrlə ona bu hərəkətlərinə son qoymasını xahiş etsə də, sonuncu xahişlərinə məhəl qoymur. Cavabdeh onları qəti olaraq evdən qovmaq qərarına gəlmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə İddiaçı verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, mübahisəli evə 1991-ci ildə gəlin köçmüş, X17 ilə rəsmi ailə qurmuşdur. Həmin nikahdan üç övladı olmuşdur. 2009-cu ildə nikahları pozulmuş, Şəki Rayon Məhkəməsinin 06 oktyabr 2010-cu il tarixli, 2(075)-806/2010 saylı qətnaməsi ilə uşaqları ilə birlikdə həmin evin X15 aid hissəsində yaşamaq hüquqları tanınmışdır. Ev qəzalı vəziyyətdədir. Təmir etdirmək istəsə də, X12 polis gətirmiş və mane olmuşdur. Neçə ildir ki, məhkəmələrdə qalmış və təngə gəlmişdir. Odur ki, iddiaçı ona kompensasiya versin, o da evdən çıxsın. Məhkəmədən qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs X12 bildirdi ki, 2010-cu ildən məhkəmələrdə qalmışdır. Odur ki, bu işin yekunlaşdırılmasını və atasından qalmış mülkiyyət hüquqlarının təmin edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14, X8, X9, X1, X3, X6 və X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 06 oktyabr 2010-cu il tarixli, 2(075)-806/2010 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və uşaqlarının Şəki şəhəri, keçmiş 17-ci rayon, Kuybişev küçəsi, indiki Vüqar Məmmədov küçəsi 23 nömrəli yaşayış evinin X15 aid hissəsində yaşamaq hüquqları tanınmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi **********49- 10301, qeydiyyat nömrəsi ********** olan 13 sentyabr 2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəki şəhəri, Vüqar Məmmədov küçəsi, ev 19, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 135.5 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0.1748 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı (fərdi yaşayış evi 6/18 hissə və torpaq sahəsi 6/18 hissə), X14 (fərdi yaşayış evi 118 hissə), X8 (fərdi yaşayış evi 1/18 hissə və torpaq sahəsi 1/18 hissə), X9 (fərdi yaşayış evi 1/18 hissə və torpaq sahəsi 1/18 hissə), X1 (fərdi yaşayış evi 1/18 hissə və torpaq sahəsi 1/18 hissə), X3 (fərdi yaşayış evi 1/18 hissə və torpaq sahəsi 2/18 hissə), X6 (fərdi yaşayış evi 1/18 hissə və torpaq sahəsi 1/18 hissə) və X4 (fərdi yaşayış evi 6/18 hissə və torpaq sahəsi 6/18 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında mülki proses tərəflərinin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, mübahisə predmeti olan Şəki şəhəri, Vüqar Məmmədov küçəsi, ev 19, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 135.5 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0.1748 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı (fərdi yaşayış evi 6/18 hissə və torpaq sahəsi 6/18 hissə), X14 (fərdi yaşayış evi 118 hissə), X8 (fərdi yaşayış evi 1/18 hissə və torpaq sahəsi 1/18 hissə), X9 (fərdi yaşayış evi 1/18 hissə və torpaq sahəsi 1/18 hissə), X1 (fərdi yaşayış evi 1/18 hissə və torpaq sahəsi 1/18 hissə), X3 (fərdi yaşayış evi 1/18 hissə və torpaq sahəsi 2/18 hissə), X6 (fərdi yaşayış evi 1/18 hissə və torpaq sahəsi 1/18 hissə) və X4 (fərdi yaşayış evi 6/18 hissə və torpaq sahəsi 6/18 hissə) adlarına qeydiyyata alınmaqla hazırda onların mülkiyyətindədir. Cavabdeh uşaqları ilə birlikdə Şəki Rayon Məhkəməsinin 06 oktyabr 2010-cu il tarixli, 2(075)-806/2010 saylı qətnaməsi ilə həmin evin X15 aid hissəsində yaşamaq hüquqları tanınmışdır. Hazırda cavabdeh iddiaçının qeyd olunan ünvanda yaşamasına maneələr yaradılır. İddiaçı qanunla qorunan mülkiyyət hüquqlarının pozulduğunu əsas gətirərək, pozulmuş hüququnu bərpa etmək üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı və onun vəkili məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh kompensasiya ilə evdən çıxmağa razı olduğunu bildirmişdir. Üçüncü şəxs X12 yekun qərar çıxarılmasını xahiş etmişdir. Digər üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməyərək iddiaya münasibət bildirməmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Odur ki, Şəki şəhəri, Vüqar Məmmədov küçəsi, ev 19, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 135.5 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0.1748 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus olduğundan iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi **********49-10301 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyətindəki Şəki şəhəri, Vüqar Məmmədov küçəsində yerləşən 19 saylı, yeni qaydalarla ünvan 1 saylı evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsinin qaldırılması ilə bağlı ödədiyi dövlət rüsumunu tələb etmədiyindən 10 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi **********49-10301 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyətindəki Şəki şəhəri, Vüqar Məmmədov küçəsində yerləşən 19 saylı, yeni qaydalarla ünvan 1 saylı evə köçürülsün. İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar