Məhkəmə qərarları › İş №2(075)-1296/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1296/2021

04.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1296/2021 04.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlikdə payın təmin edilməsi və vərəsəliyə dair şəhadətnamənin verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X1 məxsus ünvan 1 ünvanında yerləşən miras əmlakda onun məcburi payının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin notariat orqanına həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 14 iyun 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə hazırlıq iclası 29 iyun 2021-ci il tarixdə keçirilmiş, mülki işin növbəti məhkəmə baxışı iclası bu günə, yəni 04 oktyabr 2021-ci il tarixə, saat 12:40-a təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirdi. Qeyd etdi ki, göstərilən ünvanda onun məcburi payı vardır. Lakin o, bununla bağlı heç vaxt notariat orqanına müraciət etməmişdir. Əslində həmin müraciətin edilməsinin zəruri olduğunu bilməmişdir. O, notariat orqanına müraciət etməsi və bunla bağlı prentenziya məktubunu məhkəməyə təqdim edə bilmədiyini bildirdi. Cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı iddia ərizəsində mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qanunla müəyyən edilmiş qaydaya notariat orqanına müraciət etməmiş, bununla bağlı hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.10, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlikdə payın təmin edilməsi və vərəsəliyə dair şəhadətnamənin verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar