Məhkəmə qərarları › İş №2(075)-13/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-13/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-13/2022 21.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Mustafeyeva Sevinc Fikrət qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 05 avqust 2019-cu il tarixli, MAS-1144 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 05 avqust 2019-cu il tarixli, MAS-1144 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 avqust 2020-ci il tarixə 708.58 manat gecikdirilmiş əsas, 311.44 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 369.55 manat dəbbə pulu, 775 manat dəymiş zərər olmaqla, ümumilikdə 2164.57 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə Sistemindən çıxarışdan və İnternet Vergi İdarəsinin internet səhifəsindən çıxarılmış vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlarından göründüyü kimi İddiaçı MMC (VÖEN **********) hüquqi şəxs, Cavabdeh (VÖEN **********) vergi ödəyicisi olmaqla, əvvəlki fəaliyyət istiqaməti “taksi fəaliyyəti”, hazırkı fəaliyyət istiqaməti “şəxsi maşınların sürücü ilə icarəsi” olmaqla, fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir. Həmçinin, iddia tələbinin predmetini Cavabdeh taksi fəaliyyəti ilə məşğul olmaq üçün “Daxili lizinq müqavilə”si ilə İddiaçı MMC-dən sifariş etdiyi avtomobilə dəymiş ziyan təşkil edir. Belə olduğu halda tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 44.2.2, 45.1, 45.2, 45.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar