Məhkəmə qərarları › İş №2(075)-1380/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1380/2020

29.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1380/2020 29.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X5 iştirakları ilə İddiaçı cavabdeh Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən ona verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V-55 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, əri X14 xx xxx 2017-ci il tarixdə vəfat etmiş, ərinin vərəsəsi kimi adına Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfində vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Verilmiş şəhadətnamənin icrası ilə əlaqədar yenidən Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə müraciət etdikdə məlum olmuşdur ki, ailə üzvü olan nəvə X12 babasından miras qalmış daşınmaz əmlakın bölgüsündən kənarda qaldığı üçün onun adına verilmiş xx xxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni icra etmək mümkün deyil. Eyni zamanda bildirilmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydada ləğvi mümkün deyildir. Buna görə də həmin şəhadətnamənin ləğv edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 göstərdi ki, İddiaçı onun qayınanası, mərhum X14 isə qayınatasıdır. Qayınatasından qalmış miras bölünərkən qızı X12 daşınmaz əmlakın bölgüsündən kənar qalmışdır. Odur ki, iddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Günay Culoydar qızının verdiyi izahatla eyni məzmunlu izahat verərək məhkəmədən qanuni qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Cavabdeh Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X21 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, F.Abdurahmanov küçəsi, döngə 10 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 6 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş xx xxxxx 1973-cü il tarixli, AZ seriyalı, 220250 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 ilə İddiaçı arasında xx xxxxx 1973-cü il tarixdə bağlanmış nikah 05 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Nəsibov, arvada Mustafayeva soyadı verilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 xx xxx 2017-ci il tarixdə Şəki şəhərində vəfat etmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki şəhər İHBnin “Bağbanlar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 979 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, xx xxx 2017-ci il tarixdə vəfat etmiş X10 vərəsələri aşağıdakılardır: İddiaçı – arvadı, X15 – oğlu (xx.xx.2009-cu il tarixdə vəfat edib), X9 – qızı. X2 isə aşağıdakı vərəsələri vardır: X6 – arvadı, X16 – oğlu, X12 – qızı. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki şəhər VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1973-cü il təvəllüdlü X5 atası X14, anası isə İddiaçıdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 ilə X6 arasında xx xxxxxxxx 2003-cü il tarixdə bağlanmış nikah 289 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Nəsibov, arvada Nəsibova soyadı verilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxx 2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 xx xxxx 2009-cu il tarixdə Şəki şəhərində vəfat etmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki şəhər VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2005-ci il təvəllüdlü X7 atası X15, anası isə X4r. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 2V-54 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Şəki şəhəri, F.Abdurahmanov küçəsi, döngə 10 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 6 nömrəli fərdi yaşayış evi xx xxx 2017-ci il tarixdə vəfat etmiş X14 ilə İddiaçı birgə nikahları dövründə əldə edildiyindən İddiaçı miras əmlakın ½ hissəsində mülkiyyət hüququ vardır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 2V-55 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxx 2017-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi İddiaçı miras əmlakdan ½ hissənin ½ hissəsində pay almalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə hazırkı tələb üzrə işə baxarkən ilk növbədə iddiaçının mübahisəli yaşayış sahəsinə dair paylarının düzgün müəyyən edilib-edilməməsi məsələsinə hüquqi qiymət verməzdən əvvəl, onların miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edib-etməməsini, iddia qaldırmaq üçün subyektiv hüququun olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə tədqiqi zamanı tərəflərin izahatından, eləcə də iş üzrə təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X14 xx xxx 2017-ci il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, miras qoyan şəxs – X14 xx xxx 2017-ci il tarixdə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (xx xxxxxxxx 2000-ci il redaksiyalı) müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə). Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Qeyd olunan Məcəllənin 1167-ci maddəsinə əsasən Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1170.2-ci maddəsinin tələbinə görə əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202-ci maddəsinin tələblərinə görə məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Həmin Məcəllənin 1318-ci maddəsinin tələbinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. “Notariat haqqında Azərbaycan Respublikası Qanunu”nun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 60-cı maddəsinin 2-ci bəndinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, miras qoyan X14 xx xxx 2017-ci il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (2000-ci il redaksiyalı Mülki Məcəllənin 1146-cı maddəsi). Miras qoyan Şəki şəhərində daimi yaşadığından və daşınmaz əmlak Şəki şəhərində yerlədiyindən mirasın açıldığı yer Şəki şəhəridir (həmin Məcəllənin 1147-ci maddəsi). Miras əmlaka X14 öldüyü məqamadək malik olduğu Şəki şəhəri, F.Abdurahmanov küçəsi, döngə 10 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 6 nömrəli fərdi yaşayış evi daxildir. Məhkəmə araşdırması zamanı həmçinin miras qoyan X10 vəsiyyət üzrə vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. Həmçinin, miras əmlak mərhum X14 və İddiaçı birgə nikahları dövründə əldə edilmişdir. Miras qoyanın öldüyü məqamda sağ olmuş arvadı – İddiaçı, qızı – X9, həmçinin, xx.xx.2009-cu il tarixdə vəfat etmiş oğlu – X11 övladları (X16 və X12) onun qanun üzrə birinci növbə vərəsələridir (MMnin 1159.1-ci maddəsi). Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir və s. Azərbaycan SSR Ali Məhkəməsinin Plenumu özünün xx xxxxxxxx 1979-cu il tarixli «Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında» 5 №-li Qərarında göstərmişdir ki, vərəsə mirasa sahiblik, ondan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayəşinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasına və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Şəxs, miras qoyanın dəfn etmə xərclərini ödəmişsə, mirası qəbul etmiş vərəsələrdən çəkmiş olduğu xərcini ancaq pul şəklində tələb edə bilər, xərcinə görə miras əmlakın ona verilməsini tələb etmək hüququ yoxdur. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, miras əmlak iddiaçının mərhum X14 ilə birgə nikahları dövründə əldə edilməklə onların birgə mülkiyyətlərində olmuş, notariat orqanı tərəfindən həmin əmlakın ½ hissəsində mülkiyyət hüququ, ½ hissənin ½ hissəsində isə pay hüququ tanımışdır. Lakin Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən X14 barəsində vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsi tam müəyyənləşdirilməmiş, X10 vəfat etmiş oğlunun vərəsələri nəzərə alınmamışdır. Bundan əlavə miras qoyan şəxs X14 barəsində notariat kontorunda vərəsəlik işi açılarkən Mülki Məcəllənin 1300-cü maddəsinin, notarius tərəfindən isə həmin Məcəllənin 1318-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarılmışdır. Göründüyü kimi xx xxxxxx 2019-cu il tarixli, 2V-55 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, «Notariat haqqında Azərbaycan Respublikası Qanunu»nun, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın tələblərini pozmaqla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir (Mülki Məcəllənin 6-cı maddəsi). Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən İddiaçı verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V-55 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Tələb edilməməsi nəzərə alınaraq 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən İddiaçı verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V-55 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar