Məhkəmə qərarları › İş №2(075)-1380/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1380/2021

02.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1380/2021 02.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının barəsində tərtib etdikləri 13 oktyabr 2017-ci il tarixli akt əsasında hesablanmış 290.51 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, Şəki rayonu Baş Şabalıd kəndində qeydiyyatdadır. Evinə verilən elektrik enerjisini hesab alan elektrik sayğacı onun adınadır. İşlətdiyi elektrik enerjisinin dəyərini sayğac üzrə vaxtı-vaxtında poçta ödəmişdir. Belə ki, 2017-ci ildə Bakı şəhərində işləmiş, 10 gündən bir evə gəlib baş çəkmişdir. Lakin evdə yaşayış olmasa da, bir lampa mütəmadi yanıqlı olmuşdur. 2017-ci ildə Bakı şəhərində olarkən qardaşı ona zəng etmiş, ona məxsus elektrik sayğacının ildırım vuraraq yandığını bildirmişdir. O, Şəki rayonuna qayıtdıqdan sonra sahə nəzarətçisinə müraciət etmiş, “Kamran” adlı sahə rəisi montyora tapşırıq vermiş, elektrik sayğacı şəbəkədən ayrılmışdır. 4-5 ay sonra həmin sayğac dəyişdirmiş və barəsində mübahisələndirdiyi 076466 nömrəli akt tərtib edilmişdir. Sayğac kənar xəttə “Kamran” adlı şəxsin göstərişi ilə qoşulduğundan icra nümayəndəsi, sonuncuya bildirmişdir ki, həmin cəriməni o özü ödəyəcək. Bir neçə ay əvvəl elektrik sayğacı smart tipli sayğacla əvəz edilmişdir. Hazırda karta ödəniş etdikdə hər dəfə məbləğin 50%-i həmin cəriməyə tutulur. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, sayğac yenisi ilə əvəz olunmazdan əvvəl onun həyətində olmuşdur. Sayğacın yanması ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi müraciəti ilə bağlı hər hansı sənədi yoxdur. Ona görə ki, sahə nəzarətçisinə müraciət etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki rayonu Baş Şabalıd kəndində yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında İddiaçı adına **********00077 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 13 oktyabr 2017-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları Y.Salahov, Ə.Salayev və N.Məmmədkərimov tərəfindən Şəki rayonu Baş Şabalıd kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının əridiyi, göstəricisinin oxunmadığı və abonentin giriş xəttindən sayğacdan kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 13 oktyabr 2017-ci il tarixli, R 076466 saylı akt tərtib olunmuşdur. Daha sonra Şimal-Qərb RETSİ-nin Şəki EŞ-nin əməkdaşları tərəfindən aşkar edilmiş kənar xətt ləğv olunaraq sayğac uçot dəsti bərpa olunmuşdur. 13 oktyabr 2017-ci il tarixli, R 076466 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 16 oktyabr 2017-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 579 gün üçün 0.06 manatla 909 kvts (dəyəri 54.54 manat) və 0.07 manatla 3371 kvts (dəyəri 235.97 manat) toplamda 290.51 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Odur ki, belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Şəki rayonu Baş Şabalıd kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş akt “EEİQ”-nin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Həmçinin, İddiaçı tələb etmə üzrə iddia müddəti başa çatmış və iddiaçı iddia müddətini ötürməklə 2021-ci ilin iyun ayında məhkəməyə müraciət etmişdir. Bütün bunları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, abonentə məxsus sayğacın yanması ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi müraciət olunmamışdır. Sözügedən qüsur isə EEİQ”-nin tələblərinə uyğun baxış keçirilərkən aşkar edilmişdir. İddiaçıya məxsus elektrik sayğacı sonuncunun həyətində olmuş, sayğac yenisi ilə əvəz edilərkən yolda quraşdırılmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00077 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarında olan 13 oktyabr 2017-ci il tarixli, Akt R seriyalı, 076466 nömrəli aktdan görünür ki, İddiaçı məxsus elektrik sayğacının əridiyi, göstəricisinin oxunmadığı və abonentin giriş xəttindən sayğacdan kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri Z.M.Həsənov tərəfindən təsdiq edilmiş 16 oktyabr 2017-ci il tarixli icra əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 579 gün üçün 0.06 manatla 909 kvts (dəyəri 54.54 manat) və 0.07 manatla 3371 kvts (dəyəri 235.97 manat) toplamda 290.51 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Sayğac yeni müasir tipli sayğacla əvəz olunmuç və uçot dəsti bərpa olunmuşdur. İş materiallarında olan abunə haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı 12 aprel 2016-cı ildən 01 iyun 2018-ci ilədək olan 2 ildən çox müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 0 manat, sayğac göstəricisi 8316 kvts olmuşdur. İş materiallarında olan abunə haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı məxsus mənzildə aşkar edilmiş qüsur aradan qaldırıldıqdan və yeni sayğac quraşdırıldıqdan sonra sayğac göstəricisi hər ay artmışdır. Göründüyü kimi istehlakçı İddiaçı istifadəsində olan elektrik sayğaclarını qüsur aşkar edilməzdən əvvəl və sayğac dəyişdirildikdən sonra müqayisə etdikdə istifadə edilmiş elektrik enerjisi sərfiyyatının miqdarında nəzərə çarpacaq artma müşahidə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin “Qaydaların” 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin “Qaydaların” 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin “Qaydaların” 8.15-ci maddəsinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin “Qaydaların” 8.26-cı bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Həmin “Qaydaların” 8.28-ci bəndinə əsasən məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Həmin “Qaydaların” 8.28-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarında və iş materiallarında tədqiq edilən sübutlarda İddiaçı yaşadığı Şəki rayonu Baş Şabalıd kəndində yerləşən mənzildə 13 oktyabr 2017-ci il tarixdə X1 qaydalarının tələblərinin pozulması faktı öz təsdiqini tapmışdır. Belə ki, İddiaçı sayğacdan kənar xətdən istifadə etmişdir. Sözügedən elektrik sayğacı yalnız iddiaçının nəzarət etdiyi ünvanda və onun həyətində olmuşdur. Həmin sayğaca başqasının müdaxilə etməsi qeyri-mümkün olmuşdur. Bununla belə iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar formal xarakter daşımışdır. Bundan başqa iddiaçı özünün də qeyd etdiyi ki, 2017-ci ildə Bakı şəhərində yaşayaraq, 10 gündən bir gəlib Şəki rayonu Baş Şabalıd kəndində yerləşən mənzilə baş çəkməsinə, həmçinin bir lampanın mütəmadi olaraq yanıqlı olmasına baxmayaraq sayğac heç bir yük hesablamamış, yalnız 13 oktyabr 2017-ci il tarixdə aşkar edilmiş qüsur aradan qaldırıldıqdan və yeni sayğac quraşdırıldıqdan sonra bir neçə həftə ərzində istifadə edilmiş elektrik enerjisinin dəyəri toplamda 13.09 manat olmuşdur. Həmçinin, iddiaçı sayğac heç bir yük qeyd etmədiyi halda bir neçə aydan bir 5 manat məbləğində ödənişlər aparmışdır. Bundan başqa iddiaçı guya elektrik sayğacının ildırım vuraraq yandığını və sahə nəzarətçisinin bundan sonra onun sayğacını kənar xəttə qoşduğunu bildirsə də, iddiaçı sayğacın yenisi ilə əvəz edilməsi tələbi ilə rəsmi qaydada cavabdeh təşkilata müraciət etməmiş, bununla bağlı sübutunu məhkəməyə təqdim etməmişdir. Bu isə bir daha onu sübut edir ki, iddiaçının qanunsuz hərəkətləri nəticəsində cavabdeh təşkilata məxsus elektrik sayğacı yararsız vəziyyətə gətirilmiş, uçotsuz istifadə edilmiş elektrik enerjisinə görə iddiaçının adına rəsmiləşdirilmiş **********00077 saylı enerji hesabında ümumilikdə 290.51 manat borc ödənilməmişdir. Həmçinin, İddiaçı akt əsasında hesablanmış borcdan müxtəlif vaxtlarda ödənişlər etmişdir ki, bu da onun mübahisəli aktda göstərilən qüsuru törətməsini etiraf etməsi kimi qəbul edilə bilər. Bundan başqa, məhkəmə cavabdehin üç illik iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, MM-nin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırkı iş üzrə iddiaçıya yazılan məbləğin müqavilə tələblərindən irəli gəlməsinə dair sübutlar təqdim olunmur, vaxtaşırı icra olunmalı öhdəliklərdən irəli gələn tələblərə aid edilmir və bu səbəbdən də on illik ümumi iddia müddəti tətbiq olunmalıdır. Belə olan halda isə müəyyən olunur ki, aktın 13 oktyabr 2017-ci il tarixdə tərtib olunması nəzərə alınaraq iddiaçı iddia müddətini ötürməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cımaddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının barəsində tərtib etdikləri 13 oktyabr 2017-ci il tarixli akt əsasında hesablanmış 290.51 manat borcun hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar