Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1480/2024 09.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil Fətəli oğlunun iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı müqavilənin etibarsız hesab edilməsinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə onun arasında bağlanmış olan 20 noyabr 2023-cü il tarixli "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" hər iki müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3790/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən A-1 binasının (A- 1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m və 80 kv.m olan mənzillərin ona təhvil verilməsi, həmin mənzillərə dair sahiblik və istifadə hüquqularının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının qadağan edilməsi qərara alınmışdır. Cavabdeh MMC tərəfindən verilmiş şikayətlərə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin, xx.xx.2023-cü il tarixli 2(103)-2347/2023 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2915/2023 saylı qərarı ilə qətnamə qüvvəsində saxlanaraq icraya yönəldilmişdir. Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qəbul olunmuş, qətnamənin könüllü olaraq icra olunması Cavabdeh MMC-nə tapşırılmışdır. Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən o ofisə dəvət olunaraq bildirilmişdir ki, göstərilən mənzillər başqa şəxslərə satılmış, buna görə də həmin mənzillərin müqabilində ona həmin binanın 5-ci mərtəbəsində 189 kv.m və 4-cü mərtəbəsində 109 kv.m ölçüdə mənzillər versinlər. Göstərilən təklif ona qane etməsə də, Cavabdeh MMC-nin və ev verilmiş şəxsin vəziyyətini nəzərə alaraq bununla razılaşmalı olmuşdur. Baxmayaraq ki, 5-ci mərtəbədə yerləşən mənzilin dəyəri ilə 22-ci mərtəbədə yerləşən mənzilin dəyərində əsaslı fərq vardır. Bununla bağlı olaraq özünü Cavabdeh MMC-nin hüquqşünası kimi təqdim edən şəxs ona iki ədəd, hər biri iki səhifədən ibarət olan müqavilə təqdim etmişdir. Hər iki müqavilənin birinci səhifəsində qeyd olunmuşdur ki, məhkəmənin qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən A-1 binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m olan mənzilin əvəzinə ona həmin binanın 5- ci mərtəbəsində 189 kvm, 80 kvm olan mənzilin əvəzində isə 4-cü mərtəbədə 109 kvm mənzil verilir. Göstərilənləri nəzərə alaraq müqavilənin hər iki səhifəsinin alt hissəsini imzalamışdır. Müqaviləni imzaladıqdan sonra özünü hüquqşünas kimi təqdim etmiş şəxs müqavilələri MMC-nin rəhbərliyinə imzalatmaq üçün aparmış və qayıdaraq qatlanmış və fayla yerləşdirilmiş vəziyyətdə müqavilələri ona təqdim etmişdir. Onun onlara etdiyi güzəşti nəzərə alaraq insanlıq göstərib təkrar müqavilələri oxumadan və baxmadan ofisdən ayrılmışdır. Sonradan müqavilələri nəzərdən keçirərkən aydın olmuşdur ki, müqavilələr onunlar bağlanmış müqavilə deyil, müqavilələrin səhifələri dəyişdirilmiş və Cavabdeh MMC tərəfindən müqavilələrə onun hüquqlarını kobud şəkildə pozan bəndlər əlavə olunmuşdur. Belə ki, hər iki müqavilənin 2-ci səhifəsində olan 3-cü bənddə göstərilmişdir ki, "tərəflər razılaşırlar ki, bu müqavilə üzrə verilmiş yaşayış sahələri "Podratçı" tərəfindən satılaraq satış dəyəri "Sifarişçiyə" ödəniləcəkdir. Göstərilən bəndin özündan də görünür müqavilə dəyişdirilərək saxtalaşdırılmışdır. Doğrudan da, mənzillərin onun tərəfindən satılmasına razılıq verilirdisə, onda bu qədər məhkəmə çəkişməsi nəyə lazım idi, elə əvvəldən Cavabdeh MMC mənzillərə ödədiyi pulu ona qaytarmaq istəyirdi, lakin ona mənzil lazım olduğundan razılaşmayaraq mənzillərini tələb etmiş və məhkəmə qərarları ilə də buna nail olmuşdur. Həmçinin əgər mənzili satmaq istəsəydi onda özü satar və ya mənzil alqı-satqısı ilə məşğul olan şirkətlərə müraciət edər, nəinki podratçıya. Göstərilən mənzilləri o 2019-cü ilin əvvəllərində almış və dəyərlərini də tam ödəmişdir. 2019-cu ildən 2024-cü ilədək ötən 4 il ərzində mənzillərin qiymətlərində əsaslı dəyşikliklər olmuşdur. Mənzillərini satırdı sa təbii ki, bu günki bazar qiymətlərinə satardı. Lakin dəyişdirilmiş müqavilədə yenə də 2-ci bənddə göstərilmişdir ki, "bü müqavilələr üzrə qeyd olunan yaşayış sahələrinin dəyəri, tərəflər arasında olan və tərəflərin razılığı ilə ləğv olunmuş, xx.xx.2019-cu il tarixli müqavilələrdə qeyd olunan sahələrin dəyəri kimi qəbul edilir. Müqavilələrdə göstərilən bəndlərin yazılması, tam sübut edir ki, heç bir məntiqi düşüncə sahibi belə bir müqavilələri bağlaya bilməz və bağlamaz, həmin müqavilə ancaq saxta yollarla, bağlana bilər və faktiki olaraq da bu yolla bağlanmış, daha doğrusu müqavilənin vərəqləri dəyişdirilmişdir. Müqavilənin məzmununda olan bəndlərlə də bu təsdiq olunur. Belə ki, müqavilələrin 1-ci bəndində xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edildiyi qeyd olunsa da, 8.1.2-ci bənddə göstərilir ki, "əgər müqavilə xitam edilərsə, onda qeyd olunan yaşayış sahələrinin dəyəri "podratçı" tərəfindən "Sifarişçiyə ödənilir. Hər iki müqavilənin bəndlərində "yaşayış sahəsi" sözü əvəzinə "yaşayış sahələrinin" ifadələrinin işlədilməsi də göstərilən müqavilələr üzrə Cavabdeh MMC-nin tələsik, saxta, öz maraqlarına uyğun müqavilələr bağlamasından xəbər verir. Ona təqdim olunan müqavilələrin 3 səhifədən ibarət olması, həmin səhifələrdən onun ancaq sonuncu səhəfədə imzasının olması, Cavabdeh MMC-nin rəhbəri Qabil Əliyevin isə bütün səhifələrdə imzalarının olması tam sübut edir ki, onun imzaladığı əvvəlki səhifələr dəyişdirilmiş, müqavilələr saxtalaşdırılmışdır. O könüllü olaraq, öz iradə ifadəsinə uyğun müqavilə bağlayırdısa müqavilələrin bütün səhifələrində imzaları olardı. Onun razılaşaraq imzaladığı müqavilənin bütün səhifələrində imzaları olmuşdur. Hesab edir ki, Cavabdeh MMC ilə onun arasında bağlanmış 20 noyabr 2023-cü il tarixli "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" müqavilələrin əvvəlki 2 səhifəsi sonradan Cavabdeh MMC tərəfindən dəyişdirilərək, başqa məzmunlu səhifələr əlavə edilərək saxtalaşdırıldığından, onun hüquqları kobud şəkildə pozulmuşdur ki, hər iki müqavilə etibarsız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq tərəfindən Cavabdeh MMC-nə müqavilənin saxta olması, vərəqələrin dəyişdirilməsi barədə xəbərdarlıq məktubu yazılmış, lakin cavab alınmamışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkmədən xahiş etdi. Cavabdeh MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2 (011)-3759/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, "İnter” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən "A-1" binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m və 80 kv.m. olan mənzillər İddiaçı təhvil verilməsi, “İnter' MMC-nə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən "A-1" binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m. və 80 kv.m. olan iddiaçı Adıgózəlova Könül Əlovsət qızına təhvil veriləcək mənzillərə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının qadağan edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)-2347/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2 (011)-3759/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 (102)-2915/2023 saylı, 27 iyul 2023-cü il tarixli qərarında əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)-2347/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ilə Cavabdeh MMC-nin arasında bağlanmış 20 noyabr 2023-cü il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yüksək mərtəbəli yaşayış binasının A 5 blokunun 4-cü mərtəbəsində yerləşən, sahəsi 109 kv.m olan yaşayış sahəsi “Podratçı” tərəfindən satılaraq, satış dəyəri “Sifarişçi”-yə ödənilməlidir. Cavabdeh MMC tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının, həmin ünvanda tikintisi davam edən, hündürmərtəbəli yaşayış binasının A 5 blokunun 4-cü mərtəbəsində yerləşən, sahəsi 109 kv.m olan yaşayış sahəsinə görə İddiaçı Əlövsət qızının heç bir borcu yoxdur. İddiaçı ilə Cavabdeh MMC-nin arasında bağlanmış 20 noyabr 2023-cü il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yüksək mərtəbəli yaşayış binasının C blokunun (A1) 5-ci mərtəbəsində yerləşən, sahəsi 189 kv.m olan yaşayış sahəsi “Podratçı” tərəfindən satılaraq, satış dəyəri “Sifarişçi”-yə ödənilməlidir. Cavabdeh MMC tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının, həmin ünvanda tikintisi davam edən, hündürmərtəbəli yaşayış binasının C blokunun (A1) 5-ci mərtəbəsində yerləşən, sahəsi 189 kv.m olan yaşayış sahəsinə görə İddiaçı Əlövsət qızının heç bir borcu yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 405.1-ci maddəsinə əsasən Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Cavabdeh MMC Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən A-1 binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m və 80 kv.m olan mənzillərin payçıya verməsini, payçı isə müqavilənin dəyərini Cavabdeh MMCnə ödənilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında qarşılıqlı öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər tam olaraq yerinə yetirilmiş, lakin cavabdeh həmin mənzilləri başqa şəxsə sataraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı cavabdehin həmin mənzillərin müqabilində ona həmin binanın 5-ci mərtəbəsində 189 kv.m və 4-cü mərtəbəsində 109 kv.m ölçüdə mənzillər verəcəyi ilə bağlı müqavilənin bağlanmasını təklif etsə də, onun müqavilələrin saxtalaşdırdığını əsas gətirərək Cavabdeh MMC ilə onun arasında bağlanmış olan 20 noyabr 2023-cü il tarixli "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" hər iki müqavilənin etibarsız hesab olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, cavabdeh iddiaçıya xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən verilmiş mənzillərin müqabilində həmin ünvanda yerləşən yüksəkmərtəbəli binadan 189 kv.m və 109 kv.m mənzillərin verəcəyini bildirmişdir. Lakin müqavilələrdən də göründüyü kimi, İddiaçı Cavabdeh MMC tərəfindən aldadılaraq onlar arasında bağlanmış "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" 23 noyabr 2023-cü il tarixli hər iki müqavilənin 1-ci və 2-ci səhifələri dəyişdirilmişdir. Müqavilənin üç səhifədən ibarət olmasına və hər səhifəsində Cavabdeh MMC-nin direktortu X1 imzasının olmasına baxmayaraq, İddiaçı tərəfindən yalnız sonuncu səhifə imzalanmışdır. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında bağlanılmış müqavilələr cavabdeh tərəfindən saxtalaşdırılmışdır. Bundan başqa cavabdehlə iddiaçı arasında bağlanmış müqavilənin 2-ci bəndində tərəflərin müqavilələr üzrə qeyd olunan yaşayış sahələrinin dəyəri, tərəflər arasında olan və tərəflərin razılığı ilə ləğv olunmuş, 19 aprel 2019-cu il tarixli müqavilələrdə qeyd olunan sahələrin dəyəri kimi qəbul edilməsinə razılşadıqları göstərilmişdir. Müqavilədə iddiaçıya verilmiş mənzillərin 2023-cü ilin sonlarına olan tarixdə Cavabdeh MMC tərəfindən satılacağı təqdirdə dəyəri 2019-cu il tarixə olan qiymətdə göstərməsinin, keçən dörd il ərzində ölkə üzrə daşınmaz əmlakların dəyərinin artmasına baxmayaraq həmin tarixə olan qiymətlə satılmasının heç bir məntiqi tərəfinin mövcud olmaması öz-özlüyündə həmin müqavilələrin cavabdeh tərəfindən dəyişdirildiyi qənaətinə gəlinməsi üçün əsas sayıla bilər. Beləliklə, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək İddiaçı ilə Cavabdeh MMC-nin arasında bağlanmış 20 noyabr 2023-cü il tarixli "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" müqavilələr etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi : İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC-nin arasında bağlanmış 20 noyabr 2023-cü il tarixli "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" müqavilələr etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №2(075)-1480/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1480/2024
09.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver