Məhkəmə qərarları › İş №2(075)-1689/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1689/2021

19.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1689/2021 19.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsinə qarşı borcun silinməsi və artıq ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən əsassız olaraq hesablanmış 65 manat borcun hesabından silinməsi və səhvən ödənilmiş 45 manatın geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq MPM-nin 259.0.7-ci maddəsinə əsasən mülki iş üzrə məhkəmə prosesi davam etdirilmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Yaşadıqları fərdi yaşayış evində olan su sayğacı onun adına quraşdırılmışdır. 2021-ci ilin fevral ayında su sayğacı xarab olmuşdur. O, Cavabdeh ASCyə sayğacın xarab olması ilə bağlı dəfələrlə müraciət etsə də, bu günə kimi şikayətinə baxan olmamışdır. Hətta onlara bildirmişlər ki, sayğacı özləri almalı və özləri də quraşdırmalıdır. Həmin sayğac evin həyətində yox, qapıdan çöldə quraşdırılmışdır. Ancaq sonradan idarənin əməkdaşları su sayğacını gətirərək quraşdırmışlar. Sayğacın quraşdırılması ilə bağlı heç bir akt tərtib edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarına əsasən sayğacın zədələnməsində abonent heç bir məsuliyyət daşımır. Təxminən iyun ayının sonlarına yaxın yaşadıqları ünvana qəbz göndərilmiş, qəbzdə 95 manat borcları olması göstərilib. Həyat yoldaşı xəstələndiyi üçün onlar qızıgildə qalmış və iki aya yaxın müddətdə evdə yaşamamışlar. Yəni həmin dövr ərzində sayğacdan istifadə edilməmişdir. Ancaq göndərilən qəbzdə 95 manat borclarının olduğu qeyd edilir. Əgər bu iki ay müddətində sayğacdan istifadə edilməmişdirsə, onda 95 manat borc necə yaranıb?! Halbuki, onların borcları olmadığı halda həyat yoldaşı həmin qanunsuz yazılmış 95 manat məbləğin 45 manatını ödəmişdir. Hal-hazırda onlara 65 manat borcları olduğu bildirilir. Lakin bu da əsassızdır. Çünki 45 manat həyat yoldaşı tərəfindən səhvən ödənilmiş və bununla da cavabdeh əsassız varlanmışdır. Məsələ ilə bağlı Cavabdeh ASC-nin Şəki şöbəsində olmuşdur. Bundan əvvəlki müraciətlərində olduğu kimi yenə də idarə rəhbərliyinin səhlənkarlığı ilə rastlaşmışdır. Onları heç qəbul etməmiş, hətta sonda “Gedin kimə istəyirsiniz şikayət edin, heç kimdən qorxmuruq” deyə bildirmişlər. Köhnə sayğacın hansı vəziyyətdə olması ilə bağlı şəkilləri də iddia ərizəsinə əlavə etmişdir. Hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə göstərdi ki, İddiaçı ünvan 1 ünvanında yaşadığı fərdi yaşayış evi Cavabdeh ASC-nin satış bazasında onun adına olmaqla **********000 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Abonent tərəfindən sayğaca müdaxilə edildiyindən ona 500 manat borc yazılmış, sayğac çıxarılaraq 25 noyabr 2020-ci ildə istehlakçının ünvanına içməli su üzrə yeni sayğac quraşdırılmışdır. Abonentin sayğacı 2021-ci ilin fevral ayında xarab olmuş, lakin abonent bununla bağlı Cavabdeh ASC–yə heç bir rəsmi məlumat verməmiş, 2021-ci ilin iyun ayınadək həmin sayğacdan istifadə etmişdir. Sayğacların yoxlanması zamanı abonentə məxsus sayğacın xarab olduğu müəyyən edilmiş, 25 iyun 2021-ci il tarixdə sayğac çıxarılaraq yeni sayğac quraşdırılmışdır. İddiaçının mübahisələndirdiyi 65 manat borc abonentin 6 ay ərzində istifadə etdiyi, lakin ödəmədiyi borcdur. 45 manat isə abonentin əvvəlki aylardan və 500 manat cərimədən qalıq qalmış borcudur. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, sayğacların dəyişdirilməsi və təmiri Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsinə və ya Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə sayğacın dəyişdirilməsi ilə bağlı hər hansı rəsmi müraciət olmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Abunə haqqında məlumatdan görünür ki, İddiaçı Cavabdeh ASC-nin satış bazasında **********000 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 26 iyun 2021-ci il tarixdə tərtib edilmiş “Mexaniki su sayğacının təmiri və ya dəyişdirilməsi” barədə aktdan görünür ki, İddiaçı ünvanına 25 noyabr 2020-ci il tarixdə 20054975 nömrəli sayğac quraşdırılmış, sayğac 09 fevral 2021-ci il tarixdə təmir edilmişdir. Həmin sayğac 25 iyun 2021-ci il tarixdə çıxarılmış və 21028567 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 3.1-ci bəndindən görünür ki, Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının yaşayış məntəqələrində aidiyyəti üzrə sosial-iqtisadi sifarişlərin yerinə yetirilməsi və ictimai tələbatın ödənilməsi üçün məhsul istehsal etmək, iş yerinə yetirmək, xidmət göstərmək və mənfəət əldə etməkdir. 3.2. Cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. 3.3.17. Bu məqsədlə Cəmiyyət su sayğaclarının istehsalı, təmiri, yoxlanılması və sınaqdan keçirilməsi işlərində iştirak edir. 6 №-li Regional Sukanal İdarəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatdır. Azərbaycan Respublikasının MM-nin 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Məhkəmə işə baxarkən ilk növbədə borcun qanuni olaraq yazılı-yazılmaması məsələsinə qiymət verilməzdən əvvəl, onun subyektiv hüququ olub-olmamasını, həmçinin mövcud borcun cavabdeh tərəfindən yazılıb-yazılması, qanunsuz hesab edildiyi halda cavabdehin borcun silmək səlahiyyətinin olub-olmaması məsələsini araşdırılmalıdır. Belə ki, hazırkı halda sayğacların dəyişdirilməsi və təmiri Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirildiyindən və mübahisələndirilən borc Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən yazıldığından Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsinin borcu silmək səlahiyyətinin olması, artıq ödənilmiş pulun qaytarması məsələsindən də söhbət gedə bilməz. Yuxarıda qeyd olunan hallarla yanaşı hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı iddia ərizəsində qeyd etdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən mübahisələndirdiyi borcun yaranmasına əsas olmuş qüsur aktı iş materiallarına əlavə edilməmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında həmin borcun sayğac üzrə istifadə edilmiş, lakin ödənilməmiş borc olduğunu bildirmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı tərəflərin izahatından müəyyən edildi ki, sayğacların dəyişdirilməsi və təmiri məhz Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Əgər mövcud borc qanunsuz yazılmış olsa belə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsi borcu silmək və artıq ödənilmiş pul qaytarmaq səlahiyyətinə malik deyil. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə qoyulmuş cavabdeh borcu silmək və artıq ödənilmiş pul qaytarmaq üçün subyektiv hüququn sahibi kimi cavabdehlik daşıya bilməz. Beləliklə, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halları sübut etməlidir. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddiaçının iddia ərizəsində əlavə etdiyi fotoşəkillərdir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, mübahisəli borcun yaranmasına səbəb olan akt mövcud olmadığından, olsa belə iddiaçı tərəfindən təqdim edilmədiyindən, iddia ərizəsində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsinə qarşı hər hansı tələb irəli sürülmədiyindən, həmçinin “Mexaniki su sayğacının təmiri və ya dəyişdirilməsi” barədə 26 iyun 2021-ci il tarixli akt Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edildiyindən və borcu silmək səlahiyyəti də məhz Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə mənsub olduğundan İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsinə qarşı borcun silinməsi və artıq ödənilmiş pulun qaytarılması tələbinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı «Azərsu ASC tərəfindən əsassız olaraq hesablanmış 65 manat borcun hesabından silinməsi və səhvən ödənilmiş 45 manatın geri qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar