Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1706/2021 01.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, akt əsasında əsassız hesablanmış 216 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Cəfərabad kəndində yerləşən evdə yaşayır. Həmişə istifadə etdiyi təbii qazın dəyərini vaxtı-vaxtında poçt şöbəsinə ödəmiş və sayğac üzrə ödənişlər aparmışdır. Bu müddət ərzində cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğacdan kənar hər hansı formada təbii qazdan istifadə faktı müəyyən edilməmiş, sayğac barədə heç bir qüsur faktı aşkar edilməmişdir. 11 noyabr 2020-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli Akta əsasən sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Sonradan əldə etdiyi 28 aprel 2021-ci il tarixli, ******* nömrəli Aktdan məlum olur ki, Cavabdeh Zaqatala X4 İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş və həmin akta əsasən istifadəsində olan qaz sayğacına guya baxış keçirilən zaman G-4 markalı, ******* nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi qeyd edilmişdir. Həmin akta istehlakçı kimi tərəfindən imza olunmamışdır. Həmin aktdan məlumatı olmamış, tərəfindən sayğaca müdaxilə edilməmişdir. Aktda qeyd olunanlar tamamilə yalandır. Bundan sonra cavabdeh təşkilat onu əsassız və qanunsuz olaraq 216 (iki yüz on altı manat) məbləğində cərimə etmişlər. Hesab edir ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin aktlar qanunsuz və əsassızdır. Qanunvericiliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlarla yanaşı istehlakçı da imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və məlumatı olmamışdır. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuş və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 07 sentyabr 2021-ci il tarixdə elektron etiraz göndərərək göstərmişdir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********0000 saylı qaz hesabında 219.20 manat borc vardır. Həmin borcun 3.20 manat hissəsi sayğac üzrə, 216.00 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu (216 manat) mübahisələndirməkdədir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı, ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 11.11.2020-ci il tarixli, ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 40078794 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin 16.04.2021-ci il tarixli, 29/1710-01492-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.04.2021-ci il tarixli, ******* saylı akt tərtib etmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 28.04.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Bütün bunları nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə tərəfindən sorğu verilərək elektron qaydada iş materiallarına əlavə edilmiş: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 11 noyabr 2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş G4 markalı, ******* nömrəli sayğac çıxarılmış, əvəzində isə G4 markalı, 40078794 nömrəli sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin 16 aprel 2021-ci il tarixli, 29/1710-01492-1 saylı aktından görünür ki, G4 markalı, ******* nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib (qaz itkisi, müdaxilə). Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2021-ci il tarixli, ******* saylı aktın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mənzilində istifadə edilən qaz işlədici avadanlıqlar qeydiyyata alınmış, G-4 markalı, ******* nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi aşkar edilmişdir. Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 28 aprel 2021-ci il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı Şəki rayonu Cəfərabad kəndində yerləşən evdə 28 aprel 2021-ci il tarixli, ******* nömrəli akta əsasən, G-4 markalı, ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4 m3, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 2160 m3 (4 X 6 X 90) müəyyən edilərək onun dəyəri olan 216 manat məbləğdə ziyan əvəzinin ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşilməsi kimi qüsur qeyd edilən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda və yüksəkdə quraşdırılmış olmasını və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olmasını nəzərə alaraq müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, cavabdeh yol verilmiş səhvə görə hesablanmış qazın dəyərini iddiaçıdan tələb edə bilməz. Belə ki, “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşilməsi” göstərilən sayğac iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Bundan başqa, sayğac çıxarılan zaman X5 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Cavabdeh İB-nin Zaqatala X4 İdarəsinin rəisinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, həmin qüsur özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda və yüksəkdə quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Beləliklə, sayğac çıxarılan zaman müdaxilə X5 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil-təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə, bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Cavabdeh İB-nin Zaqatala X4 İdarəsinin rəisinin aktı əsasında sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşildiyi sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı ******* nömrəli, 28 aprel 2021-ci il tarixli akt əsasında hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X4 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 216.00 manat məbləğində hesablanmış borc məbləği İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 28 aprel 2021-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 216 (iki yüz on altı) manat məbləğində hesablanmış borc İddiaçı hesabından silinsin. Cavabdehndən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1706/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1706/2021
01.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver