Məhkəmə qərarları › İş №2(075)-1709/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1709/2021

05.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1709/2021 05.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən 06 iyul 2021-ci il tarixli, 215741 nömrəli akt əsasında əsassız hesablanmış 244.92 manat məbləğində borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh təşkilat tərəfindən təqdim olunan bildirişlər üzrə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtı-vaxtında poçt şöbəsinə ödəmişdir. Həmişə sayğac üzrə ödənişlər aparmışdır. Ödənişlərlə bağlı onda heç vaxt problem olmamışdır. Sonuncu dəfə bildirişi alanda ona məlum olmuşdur ki, 244.92 manat borcu vardır. Bildirişi aldıqdan sonra cavabdeh təşkilata müraciət etdikdə ona məlum olmuşdur ki, barəsində akt tərtib edilmişdir. Akt tərtib edilən zaman onun həmin aktdan ümumiyyətlə xəbəri olmamışdır. Aktın surətini cavabdeh təşkilata müraciət etdikdən sonra almışdır. Hesab edir ki, əsassız olaraq cərimə olunmuşdur. Cavabdeh təşkilat həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, yeni sayğac quraşdırıldıqdan sonra ödənilmiş məbləğin 50%-i həmin cərimə məbləğinə silinir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin "xxxx" ASC 09 sentyabr 2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, İddiaçı Şəki rayonu Şorsu kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında onun adına olmaqla **********00223 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 06 iyul 2021-ci il tarixdə "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Şəki EŞ-nin əməkdaşları E.Məsimov, B.Balayev və T.Xəlilov tərəfindən Şəki rayonu Şorsu kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin elektrin sayğacının üst qapağının naməlum səbəbdən açıldığı və müdaxilə izlərinin olduğu aşkar edilmiş, pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 06 iyul 2021-ci il tarixli, R215741 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən 10 iyul 2021-ci il tarixində Şəki EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Bundan sonra İddiaçı iştirakı ilə elektrik sayğacı laboratoriyada yoxlanılmış, elektrik sayğacının üst qapağının gövdəyə birləşdirən sol hissəsinin qopduğu, sol vintin sağ vintə nəzərən qısa olduğu üçün üst qapağın sol hissəsinin bağlanmadığı, daxili sxemdə müdaxilə izinin aşkar olunmadığı barədə 222273 saylı rəy verilmiş və iddiaçı verilmiş rəyi imzası ilə təsdiq etmişdir. 06 iyul 2021-ci il tarixli, R215741 saylı akta əsasən "xxxx" ASC Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 26 iyul 2021-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 150 gün üçün 0.07 manatla 1500 kvt.s (dəyəri 105 manat) və 0.11 manatla 1272 kvt.s (dəyəri 139.92 manat) toplamda 244.92 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Əməkdaşlar tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, abonenti faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Bundan başqa iddiaçının 18 avqust 2021-ci il tarixinə elektrik enerjisindən istifadəyə görə 144.70 manat borcu vardır. Bu da onu göstərir ki, iddiaçı tərtib edilmiş aktla razılaşaraq 100 manat ödəniş etmişdir. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00223 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 06 iyul 2021-ci il tarixli, R seriyalı, 215741 nömrəli aktdan görünür ki, İddiaçı elektrin sayğacının üst qapağının naməlum səbəbdən açıldığı və müdaxilə izlərinin olduğu aşkar edilmişdir. 10 iyul 2021 il tarixli, ******* nömrəli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, istehlakçı İddiaçı məxsus olan sayğac yenisi ilə əvəzlənmiş və möhürlənərək rəy verilməsi üçün götürülmüşdür. 14 iyul 2021-ci il tarixli, 222273 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında protokoldan görünür ki, istehlakçı İddiaçı məxsus olan elektrik sayğacı laboratoriyada yoxlanılmış, elektrik sayğacının üst qapağının gövdəyə birləşdirən sol hissəsinin qopduğu, sol vintin sağ vintə nəzərən qısa olduğu üçün üst qapağın sol hissəsinin bağlanmadığı, daxili sxemdə müdaxilə izinin olmadığı aşkar edilmişdir. Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri F.Ə.İsmayılov tərəfindən təsdiq edilmiş 26 iyul 2021-ci il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 150 gün üçün 0.07 manatla 1500 kvt.s (dəyəri 105 manat) və 0.11 manatla 1272 kvt.s (dəyəri 139.92 manat) toplamda 244.92 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində eletrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göründüyü kimi, Qaydaların 8.32-ci bəndində göstərilən pozuntulara görə mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış evinin daxilində quraşdırılmayan məişət abonentinin məsuliyyəti istisna edilmişdir. Çünki «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış elektrik enerjisi borcunun sayğacın nasaz olması ucbatından yaranması iddiaçının məhkəmə iclasında verdikləri izahat və iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, sayğacın nasaz olmasının İddiaçı vəziyyətini daha da ağırlaşdıraraq ona əlavə elektrik enerjisi borcunun yazılmasına səbəb olmuşdur. Məhkəmə «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndini və yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********00223 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı elektrik sayğacında yaranmış problemin onun təqsiri ucbatından yaranması ilə bağlı cavabdeh "xxxx" ASC-nin “Şimal-Qərb” X1 və Satışı İdarəsinin nümayəndəsinin etiraz ərizəsində göstərdikləri əsaslı deyil. Belə ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 06 iyul 2021-ci il tarixdə iddiaçıya məxsus Şəki rayonu Şorsu kəndində yerləşən mənzildə elektrik enerjisindən istifadə qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, həmin ünvanda quraşdırılmış sayğacın üst qapağının naməlum səbəbdən açıldığı və müdaxilə izlərinin olduğu ilə əlaqədar “Elektrik enerjisindən istifadə qaydalarının” pozulması əsas götürülərək R seriyalı, 215741 nömrəli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Göründüyü kimi, İddiaçı elektrik sayğacının nasaz olması ilə bağlı ona əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacın yenisi ilə əvəzlənməsi günündə **********00223 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı 26 iyul 2021-ci il tarixə 2772 kvts, enerji istehlak etmiş və onun 244.92 manat borcu olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış qeyd edilən elektrik enerjisi borcu silinməlidir. Məhkəmə araşdırması nəticəsində 06 iyul 2021-ci il tarixli, R seriyalı, 215741 nömrəli akt əsasında İddiaçı 244.92 manat borcun hesablanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan İddiaçı 26 iyul 2021-ci il tarixə 244.92 manat borcunun olmasının qeyd edilməsi və iddiaçının bunun əksini sübut edəcək lazımi sənədləri iş materiallarına əlavə etməməsi, məhkəmə iclasında da təqdim etməməsi nəzərə alınaraq iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 06 iyul 2021-ci il tarixli, R seriyalı, 215741 nömrəli akt əsasında **********00223 saylı abonent kod hesabında qeydə alınmış 244.92 manat borc əsassız hesab edilərək İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 06 iyul 2021-ci il tarixli, R seriyalı, 215741 nömrəli akt əsasında **********00223 saylı abonent kod hesabında qeydə alınmış 244.92 manat borc İddiaçı hesabından silinsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar