Məhkəmə qərarları › İş №2(075)-18/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-18/2023

28.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-18/2023 28.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi X2 və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, mal-qara saxlanılması və kəsiminin qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən və tam mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evinin qonşuluğunda Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən və tam mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evinin qonşuluğunda Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, Cavabdeh antisanitariya qaydalarına əməl edilmədiyi üçün ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində mal-qara saxlanılmasının, saxladığı mal-qaranın peyininin həyətə (iddiaçı ilə sərhəd divara) yığılmasının və həmin yerdə saxlanılmasının və antisanitariya qaydalarına əməl edilmədiyi üçün ünvan 2 ünvanda mal-qara kəsiminin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışa əsasən onun tam mülkiyyətindədir. Həmin evin yanında qonşusu Cavabdeh yaşayır. Cavabdeh qəssablıqla məşğul olur və vində mal-qara saxlayır. 18 sentyabr 2021-ci il tarixdə cavabdehin evində mal-qara saxladığı tövlə yanmış, onun evinə də ziyan dəymişdir. Evə pis qoxu dolmuş və bərbat hala düşmüşdür. Tövlə yandıqdan sonra cavadehə dəfələrlə bildirmişlər ki, bura yaşayış məhəlləsidir, burada mal-qara saxlamaq və tövlə tikdirmək olmaz, qonşular iydən dayana bilmir, antisanitar vəziyyət yaranmışdır. Lakin cavabdeh bütün bunlara əhəmiyyət vermədən hazırda evində qanunsuz tövlə tikintisi ilə məşğul olur və tikintini dayandırmır. Aidiyyəti orqanlara zəng edib şifahi müraciətlər etsə də, tikinti davam edir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı həmçinin iddianın təmin tədbiri barədə ərizə verərək hazırkı işə baxılıb yekun qərar qəbul edilənədək Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən və tam mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evinin qonşuluğunda Cavabdeh tərəfindən inşa edilməkdə olan qanunsuz tikilinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(075)-2305/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, hazırkı iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilənədək İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin qonşuluğunda Cavabdeh tərəfindən tikilinin inşa edilməsinin dayandırılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən evində mal-qara saxlanılması nəticəsində səs-küy, pis qoxu gəlir. Həmin qoxunun nəticəsində evdə yaşamaq mümkün deyil. Tikinti normalarına görə evlə tövlə arasında məsafə 2,5-3 metr olmalıdır. Məhkəmənin qərardadından sonra tikinti saxlanılsa da, həyətdə yenə da malqara saxlanılır və kəsimi həyata keçirilir. Cavabdeh evi təxminən 10 il qabaq tikdirib. Ev tikilərkən həyətin aşağı hissəsində tövlə var idi. Lakin cavabdeh sonradan həmin tikilini artıraraq onun yaşadığı evə çatdırmışdır. Həmin tikili əvvəllər 30 kv.metr idi, hazırda 60 kv.metrdir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 bildirmişdir ki, əlavə tikili ilə evin arasında minimum 15 metr məsafə olmalıdır. Əvvəllər həmin məsafə 15 metr olsa da, sonradan cavabdeh tərəfindən qeyri-qanuni tikinti işləri aparılaraq məsafə qısaldılmışdır. Bu barədə polisdə də araşdırılma aparılmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh qəssab olmaqla mal-qara kəsərək qazanc əldə edir. İddiaçının qeyd etdiyi kimi evdə heyvan saxlamır. Aldığı mal-qaranı səhəri gün kəsərək ətini satır. Tərəflər artasında barışıq olsa yaxşı olar. Ona görə də, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Nöyülbulaq” məhəllə nümayəndəsi tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli, 409 nömrəli arayışdan görünür ki, N.Nərimanov küçəsi, ev 17 ünvanda yaşamış X3 1950-ci ildə özünə məxsus həyətdə mal tövləsi inşa etdirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida X1 Regional Bölməsi tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, araşdırma ilə əlaqədar şikayət olunan Cavabdeh oğlu Dursun Sadıqova məxsus ət satış obyektinə baxış keçirilmişdir. Ət satış obyektində baytarlıq-sanitariya ekspertizasından keçirilərək üzərində baytarlıq nişanlanması olan və müşaiyətedici baytarlıq sənədi (ekspertiza aktı №031398) ilə iribuyunuzlu heyvan ətinin satışının aparılması müəyyən edilmişdir. Həmçinin müraciətə əsasən Cavabdeh məxsus yaşayış ünvanına baxış keçirilmiş, heyvan saxladığı tövlənin qısa müddət əvvəl yanaraq yararsız vəziyyətə düşdüyü və hal hazırda heyvan saxlanmadığı məlum olmuşdur. İş üzrə qanuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(075)-2305/2021 saylı qərardadı ilə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 aprel 2021-ci il tarixli, 10/7051 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki: - Mübahisə predmeti olan tikili mülki iş materiallarında olan 1987-ci il tarixli texniki pasport sənədində öz əksini tapdığından həmin tikilinin tikiniti norma və qaydalarına uyğun inşa edildiyi müəyyən olunur. - Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan tikilinin Cavabdeh məxsus torpaq sahəsində inşa edildiyi müəyyən olunur. - Qərardadın 3-cü və 4-cü suallarının cavablandırılmasə tikinti ekspertinin səlahiyyətləri xaricində olduğundan həmin suallar üzrə tədqiqat aparılmamışdır. İş üzrə qanuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(075)-112/2022 saylı qərardadı ilə təkrar məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 oktyabr 2022-ci il tarixli, 10/4084 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki: - Mübahisə predmeti olan tikili mülki iş materiallarında olan 1987-ci il tarixli texniki pasport sənədində öz əksini tapdığından həmin tikilinin tikiniti norma və qaydalarına uyğun inşa edildiyi müəyyən olunur. - Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan tikilinin Cavabdeh məxsus torpaq sahəsində inşa edildiyi müəyyən olunur. - Qərardadın 3-cü və 4-cü suallarının cavablandırılmasə tikinti ekspertinin səlahiyyətləri xaricində olduğundan həmin suallar üzrə tədqiqat aparılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Gigiyena və Epidemiologiya Mərkəzinin 22 noyabr 2022-ci il tarixli, 470 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanda yaşayan İddiaçı və ünvan 6 ünvanda yaşayan Cavabdeh evlərinə və həyətyanı sahələrinə sanitar baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh iri və xırda buynuzlu heyvan saxladığı mal tövləsi, İddiaçı yaşayış evinin yaxınlığında yerləşir. Belə bir vəziyyətdə təbiidir ki, tövlədən üfunətli və pis qoxu (xüsusilə isti yaz-yay aylarında) yayılacaqdır. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Nöyülbulaq” məhəllə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 7 ünvanda yaşayan Cavabdeh məxsus mal tövləsi 1950-ci ildə inşa edilmiş, 2013-cü ildə təmin olunmuşdur. Cavabdeh alqı-satqı yolu ilə iri və xırda buynuzlu heyvanların kəsintisi ilə məşğul olur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh isə ünvan 6 ünvanda yaşamaqla iddiaçı ilə qonşudur. Cavabdeh qəssablıqla məşğul olur. O, mal-qara saxlayır və mal-qaranın kəsinimi həyata keçirir. Eyni zamanda cavabdeh həmin mal-qaranın peyinini həyətində saxlayır. İddiaçı cavabdehin həyətində mal-qara saxlaması, kəsimini həyata keçirməsi və həmin heyvanlarının peyinini həyətə tökməsi nəticəsində onun evinə pis qoxu gəldiyini, bu səbəbdən evdə yaşamağın mümkün olmadığını əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək evində heyvan kəsmədiyini bildirmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən və tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan fərdi yaşayış evinin qonşuluğunda Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 180.4-cü maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qanunvericiliyin tələbinə görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İş materiallarına əlvə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 aprel 2021-ci il tarixli, 10/7051 nömrəli və 04 oktyabr 2022-ci il tarixli, 10/4084 nömrəli ekspert rəylərindən görünür ki, mübahisə predmeti olan tikili 1987ci il tarixli texniki pasportda öz əksini tapdığından həmin tikilinin tikiniti norma və qaydalarına uyğun olmaqla Cavabdeh məxsus torpaq sahəsində inşa edildiyi inşa edildiyi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçıya məxsus fərdi yaşayış evinin qonşuluğunda cavabdeh tərəfindən inşa edilmiş tikili iddiaçının qeyd etdiyi kimi qanunsuz deyil, tikiniti norma və qaydalarına uyğun olmaqla cavabdehin öz torpaq sahəsində inşa edilmişdir. Həmin tikilinin sökülməsi cavabdehin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Beləliklə məhkəmə qeyd edir ki, mübahisəli tikilinin sökülməsini tələb etməkdə iddiaçının subyektiv hüququ yoxdur. Ona görə də, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Məhəmə iddia tələbinin Cavabdeh antisanitariya qaydalarına əməl edilmədiyi üçün ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində mal-qara saxlanılmasının, saxladığı malqaranın peyininin həyətə (iddiaçı ilə sərhəd divara) yığılmasının və həmin yerdə saxlanılmasının qadağan edilməsi hissəsində münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən və qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Gigiyena və Epidemiologiya Mərkəzinin 22 noyabr 2022-ci il tarixli, 470 nömrəli məktubundan görünür ki, ünvan 6 ünvanda yaşayan Cavabdeh evinə və həyətyanı sahəsinə sanitar baxış keçirilərkən Cavabdeh iri və xırda buynuzlu heyvan saxladığı mal tövləsinin, İddiaçı yaşayış evinin yaxınlığında yerləşməsi, belə bir vəziyyətdə tövlədən üfunətli və pis qoxunun yayılacağı müəyyən edilmişdir. Məhkəmə, cavabdehin və vəkilinin tövlədə mal-qara saxlanılmadığı barədə arqumentinə tənqidi yanaşaraq qeyd edir ki, iş materiallarında olan foto şəkillərdən cavabdehin həyətində xeyli sayda xırdabuynuzlu heyvanın olması, həmçinin cavabdehin həyətində olan tövlə yandıqdan sonra çəkilmiş foto şəkillərdən cavabdehin həyətində yanaraq tələf olmuş iribuynuzlu heyvanların olması müəyyən olunur. Məhkəmə qeyd edir ki, tərəflərin yaşadıqları ərazi şəhərdən kənar yer olmadığından onlara məxsus evlərin yaxınlığında, hətta bir neçə metrliyində qonşuların yaşaması mütləqdir. Ona görə də, məhkəmə hesab edir ki, həmin torpaq sahəsinə inşa edilmiş tövlədə mal-qara saxlanılması və həmin mal-qaranın ifrazatının həyətə yığılması və saxlanılması ətrafa, qonşulara pis qoxunun yayılmasına səbəb olar ki, bu da qonşuluq hüququna açıq hörmətsizlikdir. Ona görə də, məhəmə hesab edir ki, iddia tələbi Cavabdeh antisanitariya qaydalarına əməl edilmədiyi üçün ünvan 2 ünvanda yerləşən mübahisələndirilən qeyriyaşayış tikilidə (tövlədə) mal-qara saxlanılmasının, saxladığı mal-qaranın peyininin həyətə (onunla sərhəd divara) yığılmasının və həmin yerdə saxlanılmasının qadağan edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhəmə iddia tələbinin Cavabdeh antisanitariya qaydalarına əməl edilmədiyi üçün ünvan 2 ünvanda mal-qara kəsiminin qadağan edilməsi hissəsində münasibətdə aşağıdakıları qeyd edir: “Heyvan və quş kəsimi məntəqələrinə dair Baytarlıq-sanitariya normaları və qaydaları”nın 3.1.5-ci bəndinə əsasən kəsim məntəqələri ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən, o cümlədən yaşayış binalarından 300 metr ara məsafəsi gözlənilməklə yerləşdirilməlidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən kəsim məntəqələrinin ərazisi ən az 1,5 m hündürlükdə hasarla hasarlanaraq, digər ərazilərdən ayrılmalıdır Həmin Qaydaların 8.2-ci bəndinə əsasən kəsim məntəqələrinə gətirilmiş heyvanlar və ya quşlar baytarlıq qanunvericiliyinə uyğun olaraq müvafiq müşaiyətedici baytarlıq sənədləri (ekspertiza aktı, baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi) ilə təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, heyvan kəsimi, saxlanması və daşınması zamanı gigiyena qaydalarına riayət edilməsi vacibdir. Bu mərhələlərin hər hansı birində xətalara yol verilməsi insan sağlamlığına təhlükə yarada bilər. Cavabdehin həyətində olan tikilidə heyan kəsimi üçün yuxarıda qeyd edilən qaydaların tələblərinə uyğun şərait yaradılmamış, ət kəsimi həyata keçirilən yerlə iddiaçının yaşayış evinin arasında minimum 300 metr yoxdur. Qeyd edilən yerdə həyvan kəsilərkən mütləqdir ki, ətrafa pis qoxu yayılacaq və bu hal da yuxarıda qeyd edildiyi kimi qonşuluqda yaşayan şəxslərin narahatçılığına və haqlı narazılığına səbəb olacaqdır. Ona görə də, ünvan 2 ünvanda yerləşən mübahisələndirilən qeyri-yaşayış tikilidə heyvan kəsiminin həyata keçirilməsi cavabdehə qadağan olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh antisanitariya qaydalarına əməl edilmədiyi üçün ünvan 2 ünvanda yerləşən qeyri yaşayış tikilisində (tövlə) mal-qara saxlanılması, saxladığı mal-qaranın peyininin həyətə (iddiaçı ilə sərhəd divara) yığılması və həmin yerdə saxlanılması, eyni zamanda həmin tikilidə malqara kəsimi qadağan edilməli, iddia tələbi qalan hissədə təmin edilməmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 2 ünvanda yerləşən mübahisələndirilən qeyri-yaşayış sahəsində (tövlədə) mal-qaranın saxlanılması və kəsimi, mal-qaranın peyininin həyətə (iddiaçı ilə sərhəd divara) yığılması və həmin yerdə saxlanılması qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar