Məhkəmə qərarları › İş №2(075)-1887/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1887/2021

20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1887/2021 20.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun nümayəndəsi Maraqlı şəxs2 (əvvəlki məhkəmə iclaslarında digər nümayəndələr X18 və Nümayəndə iştirak etmişdir) iştirakları ilə, Ərizəçi “Arxiv sənədin ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qax Rayon Dövlət Arxivindən verilən 06.04.2021-ci il tarixli, 85 saylı Arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək göstərmişdir ki, o, xx.xx.1956-cı ildə Qax rayonunun Qax-Gürcü kəndində anadan olmüşdur. X15 o vaxtlar Qax rayonu Qaxingiloy kəndində mövcud olmuş “Ş.Rustavelli” adına kolxozda ferma müdiri işlədiyindən onlar ailəlikcə həmin fermanın ərizisində olan evdə məskunlaşmaqla həmin fermada işləmişlər. O, özü həmin fermada mallara baxmaq, onlara qulluq etmək və onları güdməklə əmək fəaliyyətinə 1969-cu ildə başlamış və 1985ci ilədək həmin fermada müxtəlif işlərdə işləmişdir. Hazırda pensiya yaşına çatmış və Şəki rayonunun Aşağı Laysqı kəndində yaşayır. Bildirmişdir ki, onun 25 ildən çox iş stajı vardır. Pensiya yaşına çatdıqda müvafiq icra hakimiyyəti orqanına müraqciət etmiş, lakin ona əmək pensiyası təyin edilərkən Qax Rayon Dövlət Arxivindən verilən 06.04.2021-ci il tarixli, 85 saylı Arxiv arayışında göstərilən 1969-cu ildən 1985-ci ilədək Qax rayonu Qaxingiloy kənd “Ş.Rustavelli” adına kolxozda işlədiyi iş illəri nəzərə alınmadan ona pensiya təyin edilmişdir. Səbəb də ondan ibarət olmuşdur ki, Qax Rayon Dövlət Arxivindən verilən 06.04.2021-ci il tarixli, 85 saylı Arxiv arayışında onun soyadı İlyasov, adı Akif kimi göstərilmiş, atasının adı qeyd edilməm, həmçinin soyadı Abdurahmanov deyil İlyasov kimi qeyd edilmişdir. Bu səbəbdən də, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialından ona ünvanlanan 21.06.2021-ci il tarixli məktubda ünvan 1lxozda işlədiyi iş illəri təsdiqini tapdıqdan sonra ona yaşa görə əmək pensiyası təyin edilə biləcəyi qeyd edilmişdir. O da məcbur olub Qax rayonu Qaxingiloy kənd “Ş.Rustavelli” adına kolxozda işlədiyi iş illərini təsdiq edən Qax Rayon Dövlət Arxivindən verilən 06.04.2021-ci il tarixli, 85 saylı Arxiv arayışının ona məxsus olması barədə məhkəməyə müraciət etməli olmuşdur. Həmin Arxiv arayışında onun soyadının İlyasov kimi göstərilməsi babasının adı ilə əlaqədar olmuşdur. Belə ki, onun babasının adı İlyas olmuşdur. Arxiv arayışında soyadının İlyasov, ata adının isə ümumiyyətlə qeyd olunmaması onun günahı deyil, bu müvafiq icra hakimiyyəti orqanının təqsiridir. Qeyd etmişdir ki, onun qeyd edilən illərdə həmin kolxozda işləməsini təsdiq edən şahidləri vardır. Göstərmişdir ki, soyad və ata adında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qax Rayon İcra Hakimiyyəti Qax Rayon Dövlət Arxivinə müraciət etmiş, lakin həmin idarədən ona bildirilmişdir ki, Qax rayon Qaxinqiloy kənd “Ş.Rustaveli” adına kolxozda işlədiyi 1969-1985-ci illərə üzrə əmək haqqına dair arxiv arayışının şəxsiyyət vəsiqəsində olduğu kimi yəni, Abdurahmanov olaraq göstərilməklə verilməsi barədə 15 oktyabr 2021-ci il tarixli ərizəsinə Qax rayon Dövlət Arxivində baxılmışdır. Qaxinqiloy kənd Ş.Rustaveli adına kolxozunun arxiv sənədlərində onun soyadının İlyasov olaraq qeyd edildiyindən sorğusunu icra etmək mum kündeyil. Məsələ ilə bağlı Məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Buna görə də məhkəməyə müraciət etmişdir. Xəstədir, bilmir ki, pensiyaya çıxaraq həmin pulu neçə il alacaqdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun nümayəndəsi Maraqlı şəxs2 izahat verərək göstərmişdir ki, Ərizəçi təmsil olunduqları Mərkəzi Filiala müraciət edərək onun yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ərizəçinin 31.05.2021-ci il tarixli ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stalından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Ərizəçi tərəfindən təqdim edilmiş 19.08.1988-ci il tarixində tərtib edilmiş MT-İ № ******* saylı əmək kitabçasının və hərbi biletin surətinə baxdıqda müəyyən olunmuşdur ki, onun 01.01.2006-cı il tarixədək sığorta stajı 15 il 4 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı iİ tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Ərizəçiyə əlavə olaraq bildirilmişdir ki, təqdim etdiyi ərizə və arxiv arayışı əsasında Qax rayon Qaxinqiloy kənd “Ş.Rustaveli” adına kolxozdakı fəaliyyət dövrü əmək kitabçasında öz təsdiqini tapmadığına görə həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Yuxanda qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd etmişdir ki, etiraz ərizələrindən ərizəçinin Arxiv idarəsinə müraciət edərək qeyd olunan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı müraciət etməsi vurğulansa da hazırda ərizəçi bu məzmunda imtina məktubunu alaraq məhkəməyə təqdim etmişdir. Göstərmişdir ki, hazırda ərizəçinin qeyd edilən arxiv arayışının ona məxsusluğu müəyyən olunacağı təqdirdə ərizəçi yenidən pensiya təyin olunması ilə bağlı Filiala müraciət edəcəkdir. Həmin məsələ isə yenidən araşdırma tələb edəcəkdir. Buna görə də hər bir halda ərizənin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 1953cü ildə Qax rayonunun Qaxbaş kəndində anadan olmuşdur. Milliyətcə gürcüdür. Bildirmişdir ki, 1969-cu ildən 1999-cu ilədək təxminən 27-28 il “Ş.Rustavelli” adına kolxozda əvvəlcə kolxozçü sonralar isə sürücü kimi işləmişdir. Demək olar ki, qeyd edilə kolxoz dağılana kimi orada işləmişdir. Qeyd edilənləri əks etdirən əmək kitabçası vardır. Özü də hazırda pensiyaya çıxmış, pensiya alır. Ərizəçi və onun ailəsini yaxşı tanımışdır. Belə ki, Akifin atası ferma müdiri olduğundan onlar (atası, anası, qardaşları) hamısı Qaxbaş kəndində olmuş “Ş.Rustavelli” adına kolxozda mal fermasının ərazisində olan evdə qalırdılar. O, 1972-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. Təsdiq edir ki, Ərizəçi 1969-cu ildən 1985-ci ilədək qeyd edilən kolxozda mala baxmaqla işləmişdir. Daha sonra o, əsgərlikdən qayıtmış və yenə də həmin kolxozda işləmişdir. Həmin kolxozdan pensiyaya çıxmışdır. Həmin dövrlər onlar kolxozda ərizəçini Akif deyə çağırırdılar. Ərizəçinin soyadının dəqiq bilmir, lakin atasının adının İdris olduğunu dəqiq bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 də şahid X6 oxşar olan eyni məzmunda ifadə vermişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qax Rayon İcra Hakimiyyəti Qax Rayon Dövlət Arxivi tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli, 85 nömrəli arxiv arayışından görünür ki, Qax rayon Qaxinqiloy kənd “Ş.Rustaveli” adına kolxozun “Kolxozçunun əmək stajı və qazancının uçotu kitabı”na və “Əməyin ödəniş üzrə hesablaşma kitabı”na əsasən İlyasov Akifin əmək haqqı və iş stajı aşağıdakı kimi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X20 Təsərrüfatı Mərkəzi tərəfindən Şəki Sosial Müdafiə Fonduna göndərilmiş arayışın surətindən görünür ki, Ərizəçi X20 Təsərrüfatı Mərkəzində fəhlə işləmişdir. İşdə olan 20 sentyabr 2021-ci il tarixli, 05/76-474/69 nömrəli nikah haqqında arayışdan görünür ki, X8 və X3 nikahı haqqında 04 noyabr 1966-cı il tarixdə 26 nömrəli aktın qeydi tərtib olnumuşdur. Nikahdan sonra Arvada Abdurahmanova soyadı verilmişdir. İşdə olan AZB 070711 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1956-cı il təvəllüdlü Ərizəçi atası X8, anası isə X2r. İşdə olan NZ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi hərbi bileti mövcuddur. İşdə olan İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X9 06.09.1986-cı il tarixdə Şəki Meşə təsərrüfatı Göynük m üzrə müvəqqəti fəhlə təyin edilmişdir. 12.12.01-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən ləğv etmə ilə işdən azad edilmişdir. İşdə olan 21 iyun2021-ci il tarixli, **********3 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən Ərizəçi Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktub göndərilmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qax Rayon İcra Hakimiyyəti Qax Rayon Dövlət Arxivi tərəfindən Şəki rayon Aşağı Layısqı kənd sakini Ərizəçi göndərilmiş 15 oktyabr 2021-ci il tarixli, 243 nömrəli məktubdan görünür ki, Qax rayon Qaxinqiloy kənd “Ş.Rustaveli” adına kolxozda işlədiyi 1969-1985-ci illərə üzrə əmək haqqına dair arxiv arayışının şəxsiyyət vəsiqəsində olduğu kimi yəni, Abdurahmanov olaraq göstərilməklə verilməsi barədə 15 oktyabr 2021-ci il tarixli ərizəsinə Qax rayon Dövlət Arxivində baxılmışdır. Qaxinqiloy kənd Ş.Rustaveli adına kolxozunun arxiv sənədlərində onun soyadının İlyasov olaraq qeyd edildiyindən sorğusunu icra etmək mumkün deyil. Məsələ ilə bağlı Məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. İşdə olan 319 nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X11 30 dekabr 1969-cu il tarixdə Ş.Rustaveli kolxozuna işə qəbul edilmiş və 1999-cu ilədək həmin kolxozda müxtəlif işlərdə işləmişdir. İşdə olan ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X14 06 oktyabr 1980-ci il tarixdə Ş.Rustaveli kolxozunda işə qəbul edilmiş və 01 iyul 1998-ci il tarixədək həmin kolxozda müxtəlif işlərdə işləmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qax Rayon İcra Hakimiyyəti Qax Rayon Dövlət Arxivi tərəfindən İlyasov Akifə 06 aprel 2021-ci il tarixli, 85 nömrəli arxiv arayışı verilmişdir. Həmçinin müəyyən olundu ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qax Rayon İcra Hakimiyyəti Qax Rayon Dövlət Arxivi tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli, 85 nömrəli arxiv arayışında X1 İlyasov kimi yazılmış, ata adı isə ümumiyyətlə yazılmamışdır. Əslində isə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qax Rayon İcra Hakimiyyəti Qax Rayon Dövlət Arxivi tərəfindən İlyasov Akifə 06 aprel 2021-ci il tarixli, 85 nömrəli arxiv arayışında İlyasov Akif kimi yazılmış şəxs Ərizəçi ilə eyni şəxsdir və həmin arxiv arayışı Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Göründüyü kimi məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X12 Ş.Rustaveli kolxozunda işləmələrini əks etdirən əmək kitabçaları mövcuddur. İşə əlavə edilmiş 23.09.2021-cil il tarixli etitazdan görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-u məhkəməyə etiraz ərizəsi təqdim etmişdir. Məhkəmə etiraz ərizəsinə münasibət bildirərək qeyd edir ki, hazırkı iş üzrə ərizəçi ilə maraqlı şəxs arasında “hüquq barədə mübahisə” mövcud deyildir. Belə ki, hüquq haqqında mübahisə mürəkkəb hüquqi tərkib olub, müəyyən hüquqi faktların məcmusundan ibarətdir. Həmin hüquqi faktlar hüquq haqqında bütün mübahisələr üçün xarakterikdir. Əvvəla, mübahisə vardırsa, deməli mübahisənin bir-birinə əks dayanan iki tərəfi olmalıdır. İkincisi, hüquq haqqında mübahisə, maddi hüquq münasibətinin konkret iştirakçısına mənsub olan hüquq başqa şəxs tərəfindən pozulduqda, yaxud mübahisələndirildikdə, yarana bilər. MPM-in 306.4-cü maddəsi xüsusi icraat qaydasında işə baxılarkən hüquq haqqında mübahisənin olduğu müəyyən edildiyi təqdirdə ərizənin baxılmamış saxlanması barədə qərardadın çıxarılması üçün hüquq haqqında mübahisəyə baxılıb həll edilməsi səlahiyyətinin məhkəməyə aid olması şərtini də nəzərdə tutur. Əgər bu halda hüquq haqqında mübahisəyə baxılıb həll edilməsi məhkəməyə deyil, başqa orqana aiddirsə, onda məhkəmə ərizənin baxılmamış saxlanması haqqında qərardad çıxarmamalıdır, əksinə, faktın müəyyən edilməsi haqqında ərizəyə xüsusi icraat qaydasında baxmalı və müvafiq qətnamə çıxarmalıdır. Xüsusi icraat qaydasında işə baxılarkən baxılıb həll edilməsi məhkəmənin deyil, başqa orqanın səlahiyyətinə aid hüquq haqqında mübahisənin meydana çıxdığı hallarda məhkəmə tərəfindən ərizənin baxılmamış saxlanması ərizəçinin (ərizəçilərin) öz hüquqlarını xüsusi icraat qaydasında məhkəmə yolu ilə müdafiə etmək imkanlarını əlindən almaq demək olardı. Göründüyü kimi ərizəçi məhkəməyə müraciət edərək “arxiv arayışının” ona məxsus olmasının müəyyən edilməsini xahiş etmişdir. Buna qədər ərizəçi soyadının səhv yazılması və ata adının ümumiyyətlə qeyd olunmaması ilə bağlı uyğunsuzluğun aradan qaldırılması məqsədilə Qax Rayon Dövlət Arxivinə müraciət etmiş, lakin həmin idarədən imtina məktubu almışdır. İmtina məktubunda ərizəçiyə məhkəməyə müraciət etmək məsləhət bilinmişdir. Hazırda ərizəçinin qeyd edilən arxiv arayışının ona məxsusluğu müəyyən olunmasından sonra ərizəçi yenidən pensiya təyin olunması ilə bağlı Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-na müraciət etmək hüququ yaranır. Həmin məsələyə hüquqi qiyməti isə qanunvericiliyə uyğun olaraq DSMF verəcəkdir. Yəni hazırda ərizəçi ilə maraqlı şəxs olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF arasında hər hansı hüquq barədə mübahisə yoxdur və Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin hər hansı hüququ məhkəmə tərəfindən məhdudlaşdırılmır. Məhkəmə hesab edir ki, hazırkı halda hüquq haqqında mübahisəyə baxılıb həll edilməsi məhkəməyə aiddir və həmin məsələ məhkəmədə öz həllini tapmalıdır. Dövlət qeydiyyatından imtina edilməsi və hüquqi əhəmiyyətli faktların müəyyən olunması haqqındakı ərizələrə baxılarkən hüquq haqqında mübahisənin olduğu müəyyən edildikdə, ərizənin baxılmamış saxlanmasının əsas məqsədi hüquq haqqında yaranmış mübahisənin iddia icraatı qaydasında məhkəmədə baxılaraq həll edilməsindən ibarətdir. Deməli, qanunun mənasına görə, bu kateqoriyadan olan işlərə baxılarkən ərizə MPM-in 259.0.9-cu və 259.0.10-cu maddələrində nəzərdə tutulmuş əsaslarla yalnız o halda baxılmamış saxlanıla bilər ki, hüquq haqqında yaranmış mübahisənin həlli məhkəmənin səlahiyyətinə aid olsun. Belə ki, ərizəçinin pensiya almaq üçün “arxiv arayışının ona məxsus olması” faktının müəyyən olunması barəsindəki ərizəyə baxılarkən həmin faktın müəyyən edilməsi ilə əlaqədar olan mübahisə yarandıqda, bu mübahisəyə baxılması pensiya qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Belə olan halda “arxiv arayışının şəxsə məxsus olması” faktının müəyyən edilməsi ilə əlaqədar yaranmış bu mübahisə ərizənin baxılmamış saxlanması üçün əsas ola bilməz. Təsadüfi deyil ki, MPM-in 306.4-cü maddəsində xüsusi icraat qaydasında işlərə baxarkən məhz məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edildikdə, ərizənin baxılmamış saxlanmalı olması nəzərdə tutulmuşdur. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə tərəflər arasında hüquq haqqında mübahisə olmaması qənaətinə gəlmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qax Rayon İcra Hakimiyyəti Qax Rayon Dövlət Arxivi tərəfindən İlyasov Akifə verilmiş 06 aprel 2021-ci il tarixli, 85 nömrəli arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qax Rayon İcra Hakimiyyəti Qax Rayon Dövlət Arxivi tərəfindən İlyasov Akifə verilmiş 06 aprel 2021-ci il tarixli, 85 nömrəli arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar