Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2033/2021 28.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyri-qanuni yazılmış 196.02 manat borcun silinməsi, sayğac kartından silinmiş pulların geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qeyri-qanuni yazılmış 196.02 manat borcun silinməsi, həmin borca görə ondan alınmış 34 manat pulun işıq sayğac kartının balansına geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh təşkilat tərəfindən təqdim olunan bildirişlər üzrə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtı-vaxtında poçt şöbəsinə ödəmişdir. Həmişə sayğac üzrə ödənişlər aparmışdır. Ödənişlərlə bağlı onda heç vaxt problem olmamışdır. 2017-ci ildə sosial yardım almaq üçün yaşadığı ünvana ayrıca sayğac çəkdirmişdir. Bundan iki ay sonra bildirişi alanda ona məlum olmuşdur ki, 260 manat borcu vardır. Bildirişi aldıqdan sonra cavabdeh təşkilata müraciət etdikdə ona məlum olmuşdur ki, barəsində akt tərtib edilmişdir. Akt tərtib edilən zaman onun həmin aktdan ümumiyyətlə xəbəri olmamışdır. Aktın surətini cavabdeh təşkilata müraciət etdikdən sonra almışdır. Daha sonra 243.87 manat məbləğdən 47.85 manat borc silinmiş, 196.02 manay qalmışdır. Həmin məbləği ondan tələb etməmişlər. 2021-ci ildə ünvanına yeni smart tipli sayğac quraşdırılmışdır. Hazırda hər dəfə karta pul vurduqda 50% cəriməyə silinir. Hesab edir ki, əsassız olaraq cərimə olunmuşdur. Cavabdeh təşkilat həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki rayonu Baş Göynük kəndində yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına **********00150 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 15 avqust 2017-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları Y.Salahov, Ə.Salayev və İ.Məmmədov tərəfindən Şəki rayonu Baş Göynük kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacsız və qeydiyyatsız elektrik sayğacından istifadə etdiyi müəyyən olunmuşdur. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 15 avqust 2017-ci il tarixli, R 072473 saylı akt tərtib olunmuşdur. Bundan sonra Şəki EŞ-nin əməkdaşları tərəfindən həmin sayğac yenisi ilə əvəz edilərək möhürlənmişdir. 15 avqust 2017-ci il tarixli, R 072473 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən 11 oktyabr 2017-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 120 gün üçün 0.11 manatla 2217 kvts, dəyəri 243.87 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Əməkdaşlar tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Bundan başqa akt əsasında hesablanmış 243.87 manat elektrik enerjisinin dəyərindən 13 sentyabr 2019cu il tarixli protokola əsasən 47.89 manat silinmiş və 196.02 manat saxlanılmışdır. İddiaçının 15 sentyabr 2021-ci il tarixə 169.62 manat borcu qalmışdır. Həmçinin, İddiaçı tələb etmə üzrə iddia müddəti başa çatmış və iddiaçı iddia müddətini ötürməklə 2021-ci ilin sentyabr ayında məhkəməyə müraciət etmişdir. İddiaçı hazırkı iddia ərizəsi üzrə iddia müddəti ötmüş borc tələbi 196.02 manat təşkil edir ki, həmin məbləğ üç illik müddət tətbiq edilməklə rədd edilməlidir. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan, abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00150 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına olan, 15 avqust 2017-ci il tarixli, R seriyalı, 072473 nömrəli aktdan görünür ki, İddiaçı sayğacsız və qeydiyyatsız elektrik sayğacından istifadə etdiyi müəyyən olunmuşdur. «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində eletrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göründüyü kimi, Qaydaların 8.32-ci bəndində göstərilən pozuntulara görə mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış evinin daxilində quraşdırılmayan məişət abonentinin məsuliyyəti istisna edilmişdir. Çünki «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış elektrik enerjisi borcunun sayğacın nasaz olması ucbatından yaranması iddiaçının və cavabdeh "xxxx" ASC-nin “Şimal-Qərb” X3 və Satışı İdarəsinin nümayəndəsinin məhkəmə iclasında verdikləri izahat və iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, sayğacın nasaz olmasının İddiaçı vəziyyətini daha da ağırlaşdıraraq ona əlavə elektrik enerjisi borcunun yazılmasına səbəb olmuşdur. Məhkəmə «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11ci bəndini və yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********00150 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı elektrik sayğacında yaranmış problemin onun təqsiri ucbatından yaranması ilə bağlı cavabdeh "xxxx" ASC- nin “Şimal-Qərb” X3 və Satışı İdarəsinin nümayəndəsinin dedikləri əsaslı deyil. Göründüyü kimi, İddiaçı elektrik sayğacının nasaz olması ilə bağlı ona əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacın yenisi ilə əvəzlənməsi günündə **********00150 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı 11 oktyabr 2017-ci il tarixə 2217 kvts, enerji istehlak etmiş və onun 243.87 manat borcu olması müəyyən edilmişdir. Həmin borcun 47.89 manat hissəsi 13 sentyabr 2019-cu il tarixli protokola əsasən silinmiş və 196.02 manat saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış qeyd edilən elektrik enerjisi borcu silinməlidir. Məhkəmə araşdırması nəticəsində 15 avqust 2017-ci il tarixli, R seriyalı, 072473 nömrəli akt əsasında İddiaçı 196.02 manat borcun hesablanması müəyyən edilmişdir. Bundan başqa iddiaçının ünvanına 16 avqust 2021-ci il tarixdə smart tipli sayğac quraşdırıldıqdan sonra kart hesabına ödənilmiş puldan 26.40 manat (196.02 - 169.62 = 26.40 manat) cəriməyə silinmişdir. Məhkəmə cavabdehin üç illik iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, aktda və etiraz ərizəsində qüsur aşkar olunduqdan sonra abonentə 2217 kvts, dəyəri 243.87 manat məbləğində hesabat aparılması göstərilmişdir. Lakin itirilmiş enerjinin bərpası üçün müəyyən olunan məbləğin məhz 243.87 manat olması əsaslandırılmır və faktiki olaraq cərimə kimi qiymətləndirilməlidir. İddiaçıya hesablanan itirilmiş enerjinin bərpası dair məbləğ əsaslı olması sübuta yetirilmədiyindən, faktiki olaraq cərimə kimi qəbul olunmalı, həmin məbləğin silinməsinə dair üç illik iddia müddəti də tətbiq olunmamalıdır. Belə ki, MM-nin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə iddiaçıya yazılan məbləğ müqavilə tələblərindən irəli gəlməsinə dair sübutlar təqdim olunmur, vaxtaşırı icra olunmalı öhdəliklərdən irəli gələn tələblərə aid edilmir və bu səbəbdən də on illik ümumi iddia müddəti tətbiq olunmalıdır. Belə olan halda isə müəyyən olunur ki, aktın 15 avqust 2017-ci il tarixdə tərtib olunması nəzərə alınaraq iddiaçı iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan İddiaçı 11 oktyabr 2017-ci il tarixə 196.02 manat borcunun olmasının qeyd edilməsi və iddiaçının bunun əksini sübut edəcək lazımi sənədləri iş materiallarına əlavə etməməsi, məhkəmə iclasında da təqdim etməməsi nəzərə alınaraq iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 15 avqust 2017-ci il tarixli, R seriyalı, 072473 nömrəli akt əsasında **********00150 saylı abonent kod hesabında qeydə alınmış 196.02 manat borc əsassız hesab edilərək İddiaçı hesabından silinməli, 26.40 manat məbləğində pul iddiaçıya məxsus sayğacın balansına geri qaytarılması, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 15 avqust 2017-ci il tarixli, R seriyalı, 072473 nömrəli akt əsasında **********00150 saylı abonent kod hesabında qeydə alınmış 196.02 manat borc İddiaçı hesabından silinsin və 26.40 manat məbləğində pul iddiaçıya məxsus sayğacın balansına geri qaytarılsın. İddianın qalan hissəsi təmin edilməsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-2033/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2033/2021
28.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver