Məhkəmə qərarları › İş №2(075)-2858/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2858/2021

10.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2858/2021 10.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 1997-ci il tarixli, JN-0059, KOD 40400068 saylı «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı» və «Torpağa mülkiyyət hüququna dair» JN-048A, KOD 40400068 saylı Şəhadətnamə ilə ailə üzvlərinə Şəki rayonu (keçmiş Beş evlər) indiki Aran kəndində 2.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və 0.34 ha həyətyanı torpaq sahəsinin paya münasibətdə X2 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikasının MM-nin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Ərizəçi Şəki Rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 1997-ci il tarixli, JN-0059, KOD 40400068 saylı «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı» və «Torpağa mülkiyyət hüququna dair» JN-048A, KOD 40400068 saylı Şəhadətnamə ilə ailə üzvlərinə Şəki rayonu (keçmiş Beş evlər) indiki Aran kəndində 2.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və 0.34 ha həyətyanı torpaq sahəsinin paya münasibətdə X2 məxsus olması hüquqi faktının müəyyən edilməsini xahiş etsə də, ərizəsində maraqlı şəxsin adını və hüquqi ünvanını qeyd etməyərək ərizənin forma və məzmununa riayət etməmişdir. Bundan başqa ərizədə «ərizəçi» kimi Ərizəçi göstərilsə də, ərizənin nəticə hissəsində imza qrafası «X1 nümayəndəsi Ərizəçi» tərəfindən imzalanmışdır. Ərizəçi ərizəsində özünə münasibətdə hər hansı tələb irəli sürməmiş, mülkiyyət sənədlərinin digər şəxsə məxsus olmasını tələb etmişdir. Göründüyü kimi ərizədə «ərizəçi» kimi X3 çıxış etməli olduğu halda digər şəxs göstərilmiş, ərizəçi qismində Ərizəçi göstərilməsinə əsas olan sənədlər (X1 fəaliyyət qabiliyyəti olmayan olması, vəfatı və s.) ərizəyə əlavə edilməmişdir. Ona görə də Ərizəçi ərizəsi geri qaytarılmalı, ona qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar