Məhkəmə qərarları › İş №2(075)-425/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-425/2022

03.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-425/2022 03.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun hesabından silinməsi tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.10.2021-ci il tarixdən 01.11.2021-ci il tarixədək "xxxx" ASC tərəfindən quraşdırılmış sayğacın yüksüz rejimdə özbaşına yazması nəticəsində onun **********21736 nömrəli abonent koduna əsassız hesablanmış 183.24 manat borcun hesabından silinməsi, habelə onun 01.11.2021-ci il tarixə quraşdırılmış **********41 nömrəli smart tipli sayğaca 05.11.2021-ci il tarixdə ödədiyi 20.00 manat borca çıxılan 10 manatı və 27.11.2021-ci il tarixdə ödədiyi 30.00 manat puldan borca çıxılan 15 manat məbləği abunə kodunun hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yalnız yay aylarında yaşayış olur. Həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında sayğac üzrə ödəniş aparmışdır. 07.10.2021-ci il tarixli "xxxx" ASC-nin hesab bildirişindən görünür ki, həmin tarixə qədər onun sayğac üzrə istifadə etdiyi elektrik enerjisinə borcu 0.00 qəpik olmuşdur. Son ödənişdən sonra sayğaca baxış keçirildiyi zaman evdə yaşayış olmadığı və yükə qoşulmadığı halda sayğacın yüksüz rejimdə özbaşına işlədiyini görmüş, bu barədə aidiyyəti orqana məlumat vermişdir. Cavabdeh təşkilatın nümayəndələri 25 oktyabr 2021-ci il tarixdə evinə gələrək sayğaca baxış keçirmişlər. "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirildiyi zaman aşkar olunmuşdur ki, evdə yaşayış olmadığı və yükə qoşulu olmadığı halda sayğac yüksüz rejimdə özbaşına işləyir. Bu barədə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 234703 nömrəli akt tərtib edilmişdir. Həmin akta göstərilmişdir ki, sayğac yüksüz rejimdə özbaşına yazır və hu barədə tərtib olunmuş akta imza etmişlər. 01.11.2021-ci ildə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 008066 nömrəli protokol tərtib olunmuş və həmin protokolda göstərilmişdir ki, 234703 nömrəli akta əsasən həmin sayğac smart tipli sayğacla əvəz olundu. 05.11.2021-ci il tarixli, 296624 nömrəli müqaviləyə əsasən "xxxx" ASC ilə arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmış və ona **********217.36 nömrəli abonent kodu verilmişdir. Smart tipli sayğac quraşdırdıqdan sonra 05.11.2021-ci il tarixdə 20.00 manat və 27.11.2021-ci il tarixdə 30.00 manat ödəniş etmişdir. Onun elektrik enerjisinə borcu olmadığı halda mənim smart tipli sayğaca ödədiyi puldan borca çıxılır. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan qalıq borcu yazaraq “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərini pozmuş, bununla da istehlakçı kimi ona əsassız qalıq borc yazaraq yanlışlığa yol vermişlər. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, İddiaçı iddiasında qeyd etdiyi Şəki şəhəri, Qurcana küçəsində yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********21736 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, 2015-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayına qədər olan məlumat cədvəlindən görünür ki, iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 759.28 manat olmuşdur. İddiaçı bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərinin cəmi 601.04 manatını ödəmişdir. Buradan açıq aydın görünür ki, qeyd olunan dövrlər üzrə iddiaçı sərf etdiyi elektrik enerjisinin dəyərini bildiriş təqdim edilən zaman hər ay ödəməmiş və iddiaçının istifadə etdiyi elektrik enerjisindən ödənilməmiş 158.24 manat (759.28-601.04=158.24) qalıq borcu qalmışdır. Yuxarda qeyd olunlara əsasən iddiaçının heç bir əsassız və qanunsuz borcu yaranmamış və yaranmış borc iddiaçının 18.08.2015-ci il tarixdən 18.01.2022-ci il tarixinə kimi istifadə etdiyi elektrik enerjisinin dəyəridir. 18 yanvar 2022-ci il tarixinə iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə istifadə etdiyi elektrik enerjisinə görə qalıq borcu 158.24 manatdır. Yaranmış borcun ödənilməsi ilə əlaqədar iddiaçıya bir neçə dəfə xəbərdarlıq edilmiş, lakin iddiaçı borcu vaxtında ödəməmiş və bu müddət ərzində iddiaçıya elektrik enerjisinin verilişi enerjitəchizatı müəssisəsi tərəfindən dayandırılmamışdır. İddiaçı iddiasında qeyd etdiyi Şəki şəhəri, Qurcana küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirərək R234703 nömrəli akt tərtib edilmiş və həmin akt üzrə heç bir məbləğdə hesabat aparılmamışdır. Belə ki, həmin akt baxış aktı kimi tərtib edilmişdir. Tərtib olunmuş akta əsasən elektrik sayğacı yenisi ilə əvəz edilərək möhürlənmiş və çıxarılan elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyanın 25.11.2021-ci il tarixli, 237714 saylı protokolu ilə elektrik sayğacının normal işlədiyi barədə rəy verilmişdir. İddiaçı iddoasında həmin fərdi yaşayış evində yalnız yay aylarında yaşayış olduğunu bildirmişdir. Abonentin abunə haqqında məlumat cədvəlinə nəzər saldıqda hər ay sərfiyyat vurulduğu açıq aşkar görünür. Bu da onu deməyə əsas verir ki, fərdi yaşayış evində mütəmadi yaşayış olmuşdur. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında İddiaçı vəsatəti ilə dindirilmiş şahid X3 göstərmişdir ki, "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Şəki EŞ-də sahə rəisi kimi işləyir. İddiaçı müraciəti əsasında sayğaca baxış keçirmişdir. Həmin vaxt sayğacın həqiqətən də, yüksüz rejimdə özbaşına işlədiyini aşkar etmiş, bu barədə akt tərtib etmişdir. Bundan başqa sahəni tanıdığı üçün bilir ki, həmin evdə yaşayış yoxdur. Ev sahibləri Bakıda yaşadığından ilin müəyyən vaxtlarında gəlib-gedirlər. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, sayğacın yüksüz rejimdə nə qədər yazdığını dəqiq deyə bilməz. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********21736 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Abunə haqqında məlumatdan görünür ki, **********21736 saylı abonentin elektrik enerjisindən istifadə nəticəsində 2022-ci ilin yanvar ayının sonuna istifadə edilmiş elektrik enerjisinin dəyəri üzrə 158.24 manat (684.12+75.16-601.04=158.24) borcu yaranmışdır. 25 oktyabr 2021-ci il tarixli, R seriyalı, 234703 nömrəli aktdan görünür ki, İddiaçı məxsus elektrik sayğacının yüksüz rejimdə özbaşına işlədiyi aşkar edilmişdir. 01 noyabr 2021-ci il tarixli, 008066 nömrəli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, iddiaçıya məxsus olan sayğac yenisi ilə əvəzlənmiş və möhürlənərək rəy verilməsi üçün götürülmüşdür. 25 noyabr 2021-ci il tarixli, 237714 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında protokoldan görünür ki, iddiaçıya məxsus olan elektrik sayğacı normal buraxılan xəta ilə işləyir. «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində eletrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göründüyü kimi, Qaydaların 8.32-ci bəndində göstərilən pozuntulara görə mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış evinin daxilində quraşdırılmayan məişət abonentinin məsuliyyəti istisna edilmişdir. Çünki «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış elektrik enerjisi borcunun sayğacın nasaz olması ucbatından yaranması iddiaçının və cavabdeh "xxxx" ASC-nin “Şimal-Qərb” X4 və Satışı İdarəsinin nümayəndəsinin məhkəmə iclasında verdikləri izahatlar, şahid ifadəsi və iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, sayğacın nasaz olmasının İddiaçı vəziyyətini daha da ağırlaşdıraraq ona əlavə elektrik enerjisi borcunun yazılmasına səbəb olmuşdur. Məhkəmə «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndini və yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********21736 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı elektrik sayğacında yaranmış problemin onun təqsiri ucbatından yaranması ilə bağlı cavabdeh "xxxx" ASC- nin “Şimal-Qərb” X4 və Satışı İdarəsinin nümayəndəsinin dedikləri əsaslı deyil. Həmçinin, istehlakçı İddiaçı istifadəsində olan elektrik sayğaclarını qüsur aşkar edilməzdən əvvəl və sayğac dəyişdirildikdən sonra müqayisə etdikdə istifadə edilmiş elektrik enerjisi sərfiyyatının miqdarında nəzərə çarpacaq artma müşahidə edilmir. Göründüyü kimi, İddiaçı elektrik sayğacının nasaz olması ilə bağlı ona əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacın yenisi ilə əvəzlənməsi günündə **********21736 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı 01 noyabr 2021-ci il tarixə 1884 kvts, enerji istehlak etmiş və onun 183.24 manat borcu olması müəyyən edilmişdir. Həmin borcun 25.00 manat hissəsi sayğac üzrə ödənilməmiş borc olmuş və 158.24 manat hissəsi sayğacın özübaşına işləməsi nəticəsinə qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış qeyd edilən elektrik enerjisi borcu silinməlidir. Bundan başqa iddiaçının ünvanına 01 noyabr 2021-ci il tarixdə smart tipli sayğac quraşdırıldıqdan sonra kart hesabına ödənilmiş puldan 25.00 manat cəriməyə silinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan İddiaçı 01 noyabr 2021-ci il tarixə 158.24 manat borcunun olmasının qeyd edilməsi və iddiaçının bunun əksini sübut edəcək lazımi sənədləri iş materiallarına əlavə etməməsi, məhkəmə iclasında da təqdim etməməsi nəzərə alınaraq iddia qismən təmin edilməli, **********21736 saylı abonent kod hesabında qeydə alınmış 158.24 manat borc əsassız hesab edilərək İddiaçı hesabından silinməli, 25.00 manat məbləğində pul iddiaçıya məxsus sayğacın balansına geri qaytarılması, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. **********21736 saylı abonent kod hesabında qeydə alınmış 158.24 manat borc İddiaçı hesabından silinsin və 25.00 manat məbləğində pul iddiaçıya məxsus sayğacın balansına geri qaytarılsın. İddianın qalan hissəsi təmin edilməsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30.00 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar