Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-446/2021 23.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən xx xxxxxxxx 2017-ci il tarixli, 010757 nömrəli akt əsasında əsassız hesablanmış 242 manat məbləğində borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat tərəfindən təqdim olunan bildirişlər üzrə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtıvaxtında poçt şöbəsinə ödəmişdir. Həmişə sayğac üzrə ödənişlər aparmışdır. Ödənişlərlə bağlı onda heç vaxt problem olmamışdır. Sonuncu dəfə bildirişi alanda ona məlum olmuşdur ki, 242 manat borcu vardır. Bildirişi aldıqdan sonra cavabdeh təşkilata müraciət etdikdə ona məlum olmuşdur ki, barəsində akt tərtib edilmişdir. Akt tərtib edilən zaman onun həmin aktdan ümumiyyətlə xəbəri olmamışdır. Aktın surətini cavabdeh təşkilata müraciət etdikdən sonra almışdır. Hesab edir ki, əsassız olaraq cərimə olunmuşdur. Cavabdeh təşkilat həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki rayonu Şorsu kəndində yerləşən fərdi yaşayış evi “xxxx” ASC-nin enerji satış bazasında İddiaçı adına **********00389 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx xxxxxxxx 2017-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları R.Qocayev, A.Quliyev və Z.Məmmədov tərəfindən Şəki rayonu Şorsu kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının sxemdən keçən elektrik yükünü qeyd etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx xxxxxxxx 2017-ci il tarixli, NDM 010757 saylı akt tərtib olunmuşdur. Bundan sonra Şəki EŞ-nin əməkdaşları tərəfindən həmin sayğac yenisi ilə əvəz edilərək möhürlənmişdir. xx xxxxxxxx 2017-ci il tarixli, NDM 010757 saylı akta əsasən “xxxx” ASC-nin Akt komissiyası tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 105 gün üçün 0.xx xxxxxxx 2105 kvts, dəyəri 231.55 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Əməkdaşlar tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda xx xxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2017-ci il tarixə qədər 184 gün üçün sərfiyyatın toplamda 105 kvts olduğu, lakin sayğac dəyişildikdən sonrakı dövr üzrə 188 gün üçün artaraq xx xxxxx 2018-ci il tarixə 1419 kvts olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq-aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (1314 kvt.s) olduqca böyükdür. İddiaçı iddia tələbində silinəcək məbləği 242.00 manat göstərmişdir. İddiaçıya akt əsasında 231.55 manat hesabat aparılmış, yerdə qalan 10.45 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. Həmçinin, İddiaçı tələb etmə üzrə iddia müddəti başa çatmış və iddiaçı iddia müddətini ötürməklə 2021-ci ilin yanvar ayında məhkəməyə müraciət etmişdir. İddiaçı hazırkı iddia ərizəsi üzrə iddia müddəti ötmüş borc tələbi 242.00 manat təşkil edir ki, həmin məbləğ üç illik müddət tətbiq edilməklə rədd edilməlidir. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan, abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********389 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına olan, xx xxxxxxxx 2017-ci il tarixli, NDM seriyalı, 010757 nömrəli aktdan görünür ki, İddiaçı məxsus olan elektrik sayğacının sxemdən keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri N.Ə.Şiriyev tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2017-ci il tarixli icra əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 105 gün üçün 2105 kvts, dəyəri 231.55 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Sayğacın yeni tipli sayğacla əvəz edilməsi nəzərdə tutulmuşdur. «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində eletrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göründüyü kimi, Qaydaların 8.32-ci bəndində göstərilən pozuntulara görə mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış evinin daxilində quraşdırılmayan məişət abonentinin məsuliyyəti istisna edilmişdir. Çünki «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış elektrik enerjisi borcunun sayğacın nasaz olması ucbatından yaranması iddiaçının və cavabdeh “xxxx” ASC-nin “Şimal-Qərb” X3 və Satışı İdarəsinin nümayəndəsinin məhkəmə iclasında verdikləri izahat və iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, sayğacın nasaz olmasının İddiaçı vəziyyətini daha da ağırlaşdıraraq ona əlavə elektrik enerjisi borcunun yazılmasına səbəb olmuşdur. Məhkəmə «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11ci bəndini və yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********389 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı elektrik sayğacında yaranmış problemin onun təqsiri ucbatından yaranması ilə bağlı cavabdeh “xxxx” ASC- nin “Şimal-Qərb” X3 və Satışı İdarəsinin nümayəndəsinin dedikləri əsaslı deyil. Göründüyü kimi, İddiaçı elektrik sayğacının nasaz olması ilə bağlı ona əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacın yenisi ilə əvəzlənməsi günündə **********389 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı xx xxxxxxx 2017-ci il tarixə 2105 kvts, enerji istehlak etmiş və onun 231.55 manat borcu olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış qeyd edilən elektrik enerjisi borcu silinməlidir. Məhkəmə araşdırması nəticəsində xx xxxxxxxx 2017-ci il tarixli, NDM seriyalı, 010757 nömrəli akt əsasında İddiaçı 231.55 manat borcun hesablanması müəyyən edilmişdir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2017-ci il tarixli, NDM seriyalı, 010757 nömrəli akt əsasında İddiaçı hesabına 231.55 manat borc yazılsa da, İddiaçı hesabından 242 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə cavabdehin üç illik iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, aktda və etiraz ərizəsində qüsur aşkar olunduqdan sonra abonentə 2105 kvts, dəyəri 231.55 manat məbləğində hesabat aparılması göstərilmişdir. Lakin itirilmiş enerjinin bərpası üçün müəyyən olunan məbləğin məhz 231.55 manat olması əsaslandırılmır və faktiki olaraq cərimə kimi qiymətləndirilməlidir. İddiaçıya hesablanan itirilmiş enerjinin bərpası dair məbləğ əsaslı olması sübuta yetirilmədiyindən, faktiki olaraq cərimə kimi qəbul olunmalı, həmin məbləğin silinməsinə dair üç illik iddia müddəti də tətbiq olunmamalıdır. Belə ki, MM-nin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə iddiaçıya yazılan məbləğ müqavilə tələblərindən irəli gəlməsinə dair sübutlar təqdim olunmur, vaxtaşırı icra olunmalı öhdəliklərdən irəli gələn tələblərə aid edilmir və bu səbəbdən də on illik ümumi iddia müddəti tətbiq olunmalıdır. Belə olan halda isə müəyyən olunur ki, aktın xx xxxxxxxx 2017-ci il tarixdə tərtib olunması nəzərə alınaraq iddiaçı iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan İddiaçı xx xxxxxxx 2017-ci il tarixə 231.55 manat borcunun olmasının qeyd edilməsi və iddiaçının bunun əksini sübut edəcək lazımi sənədləri iş materiallarına əlavə etməməsi, məhkəmə iclasında da təqdim etməməsi nəzərə alınaraq iddia qismən təmin edilməli, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair xx xxxxxxxx 2017-ci il tarixli, NDM seriyalı, 010757 nömrəli akt əsasında **********389 saylı abonent kod hesabında qeydə alınmış 231.55 manat borc əsassız hesab edilərək İddiaçı hesabından silinməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair xx xxxxxxxx 2017-ci il tarixli, NDM seriyalı, 010757 nömrəli akt əsasında **********389 saylı abonent kod hesabında qeydə alınmış 231.55 (iki yüz otuz bir manat əlli beş qəpik) manat borc İddiaçı hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-446/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-446/2021
23.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver