Məhkəmə qərarları › İş №2(075)-54/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-54/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-54/2021 09.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 qızının iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı X15 və “X7” MMC-yə (“xxxx” MMC) qarşı «hərrac protokolunun və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı X15 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin X15 tərəfindən Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi 82 saylı evin “xxxx” QSC-nin adına qeydiyyata alınması barədə verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, ********** saylı çıxarış, həmin çıxarış əsasında Cavabdeh2 MMC-nin verdiyi xx xxxxxx 2017-ci il tarixli, 452/AB saylı qiymətləndirmə sənədi və həmin sənədə əsasən “X7” MMC tərəfindən keçirilmiş xx xxxx 2018-ci il tarixli, 105 saylı hərrac protokolunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Sonradan Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinin tələbinə əsasən iddiaçıların razılığı ilə Cavabdeh2 MMC əsl cavabdeh “X7” MMC-yə (“xxxx” MMC) ilə əvəz edilmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsinə əlavə təqdim edərək, Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi 82 saylı evin ipotekası ilə bağlı icra hərəkətlərinin başlanmasına dair xx xxxxx 2020-ci il tarixli qərarın icrasının dayandırılması və evin satılmasına dair “X7” MMC tərəfindən keçirilmiş xx xxxx 2018-ci il tarixli, 105 saylı hərrac protokolunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbinə əlavə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ƏMDK yanında DƏDRX-nin X15 tərəfindən Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi 82 saylı evin “xxxx” QSC-nin adına qeydiyyata alınması barədə verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, ********** saylı çıxarış və həmin çıxarışa əsasən “X7” MMC tərəfindən keçirilmiş xx xxxx 2018-ci il tarixli, 105 saylı hərrac protokolunun ləğv edilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışlar ki, “xxxx“ QSC ilə aralarında olan 07R000009137 saylı kredit razılaşmasına əsasən ümumilikdə 11610 ABŞ dolları borcları olmuşdur. Hazırda yaşadıqları Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi 82 saylı ev onların razılıqları əsasında bank tərəfindən ipotekaya olunmuşdur. Dolların məlum kəskin bahalaşması, onların xəstə olması səbəbindən artıq böyük məbləğə çevrilən borclarını ödəyə bilməmişlər. Bu səbəbdən də bank məhkəməyə müraciət etmiş, bankın iddiası əsasında Şəki Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. Yaşadıqları fərdi yaşayış evi DƏDRX-nin X13 tərtib etdiyi hüquqmüəyyənedici sənədlər və Cavabdeh2 MMC-nin verdiyi xx xxxxxx 2017-ci il tarixli, 452/AB saylı qiymətləndirmə rəyinə əsasən hərraca çıxarılmış, “X7” MMC-nin xx xxxx 2018-ci il tarixdə keçirdiyi 105 saylı hərrac protokoluna əsasən “xxxx” QSC-nin mülkiyyətinə verilmişdir. Onların nə DƏDRX-nin X13 tərtib etdiyi hüquqmüəyyənedici sənədlərdən, nə Cavabdeh2 MMC-nin verdiyi xx xxxxxx 2017-ci il tarixli, 452/AB saylı qiymətləndirmə rəyindən, nə “X7” MMC-nin xx xxxx 2018-ci il tarixdə keçirdiyi hərracdan və həmin hərracın 105 saylı protokolundan, nə DƏDRX-nin X13 tərtib etdiyi hüquqmüəyyənedici sənədləri, nə də Cavabdeh2 MMC-nin verdiyi xx xxxxxx 2017-ci il tarixli, 452/AB saylı qiymətləndirmə rəyini tərtib etmək üçün nə zaman evə baxış keçirildiyindən xəbərləri olmuşdur. Sadəcə mübahisəni “xxxx” QSC-nin xeyrinə həll etmək üçün xəyali sənədləşmə aparmış və 8 otaqdan ibarət ev birotaqlı ev kimi sənədləşdirilərək birotaqlı ev kimi ucuz qiymətləndirilmişdir. Sözsüz ki, hərrac barədə kütləvi məlumat verilsə idi həmin əraziyə maraq göstərən də çox olardı və ev ən azı 40000-50000 manata satılardı ki, onlar da küçədə qalmaq qorxusu ilə üz-üzə gəlməzdilər. Eyni zamanda problemli kreditlər barədə “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının verilməsinə çox az bir müddət qalmış, hətta Milli Məclisdə problemli kreditlərin aqibəti barədə qızğın mübahisələrin getdiyi bir müddətdə qısa zaman ərzində bir neçə dəfə saxtalaşdırılmış hərrac keçirilərək evin bank tərəfindən faktiki olaraq mənimsənilməsi göz qabağındadır. Əgər DƏDRX-nin X10 otaqlı evin sənədini mövcud vəziyyətdə işləmək əvəzinə 30-40 il bundan qabaq verilmiş köhnə sənədləri qanunsuz olaraq eynilə təkrarlayıb verməsə, Cavabdeh2 MMC verilmiş sənədlərə yox, qanuni olaraq evin mövcud vəziyyətinə onların iştirakları ilə baxış keçirərək, düzgün qiymətləndirmə apararaq, obyektiv rəy versə idi bank da bu saxtalaşdırılmış sənədlərlə “X4” MMC ilə birlikdə əlbir olaraq saxtalaşdırılmış hərrac vasitəsi ilə evi mənimsəməzdi. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı X15 və “X7” MMC-yə (“xxxx” MMC), həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-yə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı X15 və “X7” MMC-nin (“xxxx” MMC), həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin xx xxxxxx 2020-ci il tarixdə “X7” MMC (“xxxx” MMC) iddia ərizəsinə etiraz göndərərək göstərmişdir ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. İddiaçılar iddia tələbində “hərrac barədə kütləvi məlumat verilsə idi, həmin əraziyə maraq göstərən də çox olardı” və “nə də ki hərracdan və həmin hərracın 105 saylı protokolundan xəbərimiz olmuşdur” sözlərini qeyd etməklə süni şəkildə hərracın keçirilməsindən xəbərsiz olduğunu göstərir. Bununla əlaqədar aşağıdakı faktların məhkəmənin diqqətinə çatdırılmasını zəruri hesab edir. Hərracın keçirilmə vaxtı xx xxxx 2018-ci il tarix göstərilməklə, xx xxx 2018-ci il tarixdə, 03/23 nömrəli bildiriş iddiaçıların ünvanında göndərilmişdir. Həmçinin, xx xxx 2018-ci il tarixli “Kaspi” qəzetində keçirilən hərracla bağlı müvafiq elan yerləşdirilmişdir. Hərracın keçirilmə vaxtı xx xxxx 2018-ci il göstərilməklə, xx xxxx 2018-ci il tarixdə, 03/23-1 nömrəli bildiriş iddiaçıların ünvanına göndərilmişdir. Həmçinin, xx xxxx 2018-ci il tarixli “Kaspi” qəzetində keçirilən hərracla bağlı müvafiq elan yerləşdirilmişdir. Onu da qeyd etmək lazımdır ki, iddiaçıların hazırkı iddia ilə bağlı məhkəməyə verdiyi ünvan Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin sifariş məktubunda və Şəki Rayon Məhkəməsinin icra vərəqəsində borcluların təqdim etdiyi ünvanlar eynidir. “hərracın keçirilməsi barədə bildirişləri almamışıq” bəhanəsini ortadan qaldırmaq məqsədildə “İpoteka haqqında” qanuna dəyişikliklər edilmişdir. Belə ki, qanunun 36.1-ci maddəsinə əsasən “İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır”. Bu da onu göstərir ki, qanunvericilik süni şəkildə yaranmış problemleri ortadan qaldırmaq məqsədilə təkmilləşdirilməkdədir. Bundan başqa, iddiaçılar iddia tələbində “8 otaqlı evin qiymətini bir neçə dəfə ucuzlaşdıraraq bir otaqlı evin qiymətini bir neçə dəfə ucuzlaşdırılaraq bir otaqlı ev kimi satın almışdır” sözlərini qeyd etməklə qanunun tətbiqi ilə bağlı yanlış qənaətə gəlmişdir. Belə ki, (“xxxx” MMC hərrac təşkilatı olaraq sadəcə əmlakların açıq hərracda satışını təşkil edir. İcra və probasiya şöbələrinin və ya hər hansı əmlakın qiymətləndirilməsi mərkəzlərinin səlahiyyətini həyata keçirmir. Bir qayda olaraq əmlaklar qiymətləndirildikdən sonra hərraca yönəldilir. Şəki rayonu üzrə İcra və Probasıya Şöbəsinin xx xxxxx 2018-ci il tarixli, 10281/8 nömrəli sifariş məktubu əsasında Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi 82 saylı fərdi yaşayış evi sifariş məktubunda ilkin qiymət 25000 manat göstərilməklə hərraca çıxarılmışdır. Hazırkı hərracı predmeti olan əmlakın təkrar hərracda ilkin satış qiyməti 15% endirimlə 25000 – (25000 X 15%) = 21250 manat məbləğində müəyyən olunmuşdur. Təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymət isə 21250 – (21250 X 25%) = 15937 manat hesab olunur. Nəticədə, xx xxxxxx 2018-ci il tarixli, 105 nömrəli protokola əsasən tələbkar (alıcı) 25% endirim (15937 manat) məbləği ilə sözügedən əmlakı almışdır. “X7” MMC tərəfindən hərrarın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Odur ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Şəki Rayon Məhkəməsinin 2(075)-71/2018 saylı, xx xxxx 2018-ci il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 71/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə «xxxx» Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı2 arasında bağlanmış 07R000009137 saylı kredit razılaşması üzrə 8554,94 ABŞ dolları məbləğində əsas kredit borcu və 3055,77 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 11610,71 ABŞ dolları məbləğində borcun İddiaçı2, X2, X6 və X3 müştərək qaydada alınaraq «xxxx» Qаpаlı Səhmdаr Cəmiyyətinin xeyrinə verilməsi, İddiaçı2, X2, X6 və X3 tutulacaq məbləğin öhdəliyin təminatı kimi iptekaya qoyulmuş, İddiaçı2 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0,0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satış yolu ilə realizə edilməsi, ipoteka ilə yüklü edilmiş, İddiaçı2 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 25000 manat müəyyən edilməsi, hərrаcdаn əldə оlunmuş vəsаit bоrcun tаm ödənilməsinə kifаyət etmədikdə 07R000009137 saylı kredit razılaşması üzrə İddiaçı2, X2, X6 və X3 alınaraq «xxxx» Qаpаlı Səhmdаr Cəmiyyətinə verilməli olan qalan borcun ümumi qаydаdа icra edilməsi, İddiaçı2 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0,0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra İddiaçı2, İddiaçı1 və X1 həmin fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması, iddiаçı «xxxx» Qаpаlı Səhmdаr Cəmiyyəti tərəfindən iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu xərcinin 12 manatının özünə aid edilməsi, 18 manatının isə İddiaçı2, X2, X6 və X3 müştərək qaydada alınaraq «xxxx» Qаpаlı Səhmdаr Cəmiyyətinə verilməsi, «xxxx» Qаpаlı Səhmdаr Cəmiyyəti tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün dövlət rüsumu olaraq ödənilmiş 10 manat və xidmət haqqı olaraq ödənilmiş 21 manat olmaqla, cəmi 31 manatın 12 manatının özünə aid edilməsi, 19 manatının isə İddiaçı2, X2, X6 və X3 müştərək qaydada alınaraq «xxxx» Qаpаlı Səhmdаr Cəmiyyətinə verilməsi, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı ödənilməli olan 150 manatın 60 manatının «xxxx» Qаpаlı Səhmdаr Cəmiyyətindən və 90 manatının isə İddiaçı2, X2, X6 və X3 müştərək qaydada alınaraq AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesabı AZ41 NABZ **********000003944 SWİFT. BİK: CTREAZ 22 hesabına ödənilməsi qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş **********10 saylı məlumatdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı2 adına xx xxxxxxxx 2013-cü il tarixli, 190 inventar nömrəli texniki pasport və xx xxxxxxxx 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. xx xxxx 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli yüklülük çıxarışı ilə həmin fərdi yaşayış evi “xxxx” QSC-nin xeyrinə yüklü edilmiş və ərazi idarəsinə təqdim edilən xx xxxxxx 2018-ci il tarixli hərracın yekunları barədə 105 saylı protokol əsasında əldə edən alıcı tərəfə xx xxxxxxxx 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. “Kaspi” qəzetinin xx xxx 2018-ci il tarixli, 077 (3452) saylı və xx xxxx 2018-ci il tarixli, 105 (3480) saylı buraxılışlarının təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında 0.0365 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satışının əvvəlcə xx xxxx 2018-ci il tarixdə, saat 11:00-a, ikinci dəfə isə xx xxxx 2018-ci il tarixdə, saat 11:00-da keçirilməsi ilə bağlı elanlar verilmişdir. «X7» MMC İddiaçı2, X2, X6, İddiaçı1 və X8 xx xxxx 2018-ci il tarixə və xx xxxx 2018ci il tarixə təyin edilmiş açıq hərracın keçirilməsi ilə bağlı ünvanlanmış müvafiq olaraq xx xxx 2018-ci il tarixli, 03/23 saylı və xx xxxx 2018-ci il tarixli, 03/23-1 saylı bildirişlərin, xx xxx 2018-ci il və xx xxxx 2018-ci il tarixli xəbərnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı2 göndərilmiş bildiriş müvafiq olaraq xx xxxx 2018-ci il, xx xxx 2018-ci il və xx xxxx 2018-ci il tarixlərdə şəxsən qəbul edilmişdir. xx xxxxxx 2018-ci il tarixli, 105 nömrəli hərracın yekunları barədə protokolun və hərracın yekunları haqqında alqı-satqı müqaviləninin təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 3 ünvanında 0.0365 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 25000 manat müəyyən olunmuş, əmlak ilkin hərracdan satılmadığından ikinci hərracda 15% endirimlə 21250 manat müəyyən olunmuş, hərrac baş tutmamış elan edildiyindən ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 15937 manat 50 qəpikə ipoteka saxlayan «xxxx» QSC-yə satılmışdır. Məhkəmə iclasında işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-71/2018 saylı, xx xxxx 2018-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar ünvan 3 ünvanında 0.0365 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evinin açıq hərrac vasitəsi ilə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, bununla bağlı 01 may iyun 2018-ci ildə “Kaspi” qəzetində elan verilmişdir. Əmlak hərracın birinci dövriyyəsində satılmadığından, ikinci hərracın keçirilməsi ilə bağlı xx xxxx 2018-ci ildə “Kaspi” qəzetində elan verilmişdir. Hərrac baş tutmamış elan edildiyindən tələbkara təklif edilmiş, təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə «xxxx» QSC tərəfindən alınmışdır. Hərracın nəticələri üzrə protokol tərtib edilərək alıcıya təqdim edilmişdir. İddiaçılar birinci və ikinci hərracların keçirilməsi ilə bağlı xəbərdar edilmədiklərini əsas gətirərək iddianı müdafiə etmişlər. Cavabdeh «X7» MMC iddia tələbinin rədd edilməsi barədə ərizə göndərmiş, cavabdeh ƏMDK yanında DƏDRX-nin 12 saylı X15 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-yə məhkəmə iclasında iştirak etməməklə iddiaya münasibət bildirməmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu”nun 41-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Göründüyü kimi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 10281/8 nömrəli məktubla İddiaçı2 mülkiyyətində olan ünvan 3 ünvanında 0.0365 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 25000 manat müəyyən edilməklə açıq hərracda satılmasına dair ixtisaslaşdırılmış təşkilata, yəni – «X7» MMC-yə sifariş verilmişdir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Həmin Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-ci maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Göründüyü kimi hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuş, əmlak təkrar hərracdakı satış qiymətindən 25% endirimlə, yəni 15937.50 manatla banka təklif olunmuş və əmlak «xxxx» QSC tərəfindən alınmışdır. Bu barədə «X7» MMC tərəfindən hərracın yekunları barədə xx xxxxxx 2018-ci il tarixli, 105 nömrəli protokol tərtib olunmuş, həmin protokol əsasında «X7» MMC ilə «xxxx» QSC arasında xx xxxxxx 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu” ilə müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Göründüyü kimi iddiaçılar birinci, ikinci hərracla da bağlı onlara elan və bildirişlərin verilmədiyini əsas gətirərək xx xxxxxx 2018-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında 105 nömrəli yekun protokolun və çıxarışın ləğv edilməsini xahiş etsələr də, iş materiallarına əlavə edilmiş bildiriş və xəbərnamələrin təsdiq edilmiş surətlərindən də məlum olduğu kimi hərracların keçirilmə yerləri və vaxtları barədə iddiaçılar lazımınca xəbərdar edilmiş, xx xxxx 2018-ci il və xx xxxx 2018-ci il tarixli hərraclar “İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu” ilə müəyyən edilmiş qaydalara riayət edilməklə keçirilmişdir. Odur ki, iddia tələbi “X7” MMC tərəfindən keçirilmiş xx xxxx 2018-ci il tarixli, 105 saylı hərrac protokolunun ləğv edilməsinin təmin edilməsi hissəsində əsaslı deyildir. Məhkəmə qeyd edir ki, iddiaçılar ipoteka predmetinin 8 otaqlı ev olmasına baxmayaraq bir otaqlı ev kimi təqdim edildiyini, həmçinin bir otaqlı evin qiymətini də bir neçə dəfə ucuzlaşdıraraq hərracda ilkin satış qiymətinin 25000 manat müəyyən edilməsini qeyd etsələr də, iş materiallarından görünür ki, ipoteka predmeti ilkin satış qiyməti 25000 manat olmaqla məhkəmə tərəfindən qiymətləndirilmiş, qətnamədən apellyasiya şikayəti verilməmişdir. Bu isə bir daha sübut edir ki, iddiaçılar ipoteka predmetinin ilkin satış qiyməti ilə razı olmuşlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”nun 8.0.3-cü madəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X12 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. «X7» MMC tərəfindən tərtib edilmiş hərracın yekunları barədə xx xxxxxx 2018-ci il tarixli, 105 nömrəli protokol etibarlı hesab edildiyindən, iddiaçılar tərəfindən irəli sürülmüş tələb əsaslı olmadığından həmin müqavilə əsasında «xxxx» QSC-nin adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbi də özü-özlüyündə əsaslı deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı X15 və “X7” MMC-yə (“xxxx” MMC) qarşı «hərrac protokolunun və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddianın təmin edilməməsi nəzərə alınaraq iddiaçıların dövlət büdcəsinə ödədikləri 10 (on) manat dövlət rüsumu xərci onların özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 və İddiaçı1 “ƏMDK yanında DƏDRX-nin X15 tərəfindən Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi 82 saylı evin “xxxx” QSC-nin adına qeydiyyata alınması barədə verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, ********** saylı çıxarış və həmin çıxarışa əsasən “X7” MMC tərəfindən keçirilmiş xx xxxx 2018-ci il tarixli, 105 saylı hərrac protokolunun ləğv edilməsinin təmin edilməsi” tələbinə dair iddiaları təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar