Məhkəmə qərarları › İş №2(075)-603/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-603/2021

05.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-603/2021 05.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı Abdulkərim oğlunun iştirakı ilə İddiaçı Abdulkərim oğlunun cavabdeh “xxxx” ASC-yə qarşı akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Abdulkərim oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən xx xxxx 2016-cı il tarixli, 010958 nömrəli akt əsasında əsassız hesablanmış 295.89 manat məbləğində borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Abdulkərim oğlu iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat tərəfindən təqdim olunan bildirişlər üzrə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtı-vaxtında poçt şöbəsinə ödəmişdir. Həmişə sayğac üzrə ödənişlər aparmışdır. Ödənişlərlə bağlı onda heç vaxt problem olmamışdır. Sonuncu dəfə bildirişi alanda ona məlum olmuşdur ki, 295.89 manat borcu vardır. Bildirişi aldıqdan sonra cavabdeh təşkilata müraciət etdikdə ona məlum olmuşdur ki, barəsində akt tərtib edilmişdir. Akt tərtib edilən zaman onun həmin aktdan ümumiyyətlə xəbəri olmamışdır. Aktın surətini cavabdeh təşkilata müraciət etdikdən sonra almışdır. Hesab edir ki, əsassız olaraq cərimə olunmuşdur. Cavabdeh təşkilat həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı Abdulkərim oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh «xxxx» ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin «xxxx» ASC xx xxxx 2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, İddiaçı Abdulkərim oğlunun Şəki rayonu Baş Şabalıd kəndində yaşadığı fərdi yaşayış evi “xxxx” ASC-nin enerji satış bazasında onun adına olmaqla **********00174 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx xxxx 2016-cı il tarixdə “xxxx” ASC-nin Şimal-Qərb RETSİnin Şəki EŞ-nin əməkdaşları R.İbadullayev, V.Cəfərov və T.Məmmədov tərəfindən Şəki rayonu Baş Şabalıd kəndində yerləşən İddiaçı Abdulkərim oğluna məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmiş və pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx xxxx 2016-cı il tarixli, R068214 saylı akt tərtib olunmuşdur. xx xxxx 2016-cı il tarixli, R068214 saylı akta əsasən “xxxx” ASC Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx xxxx 2016-cı il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 120 gün üçün 0.xx xxxxxxx 1200 kvt.s (dəyəri 84 manat) və 0.xx xxxxxxx 1968 kvt.s (dəyəri 216.48 manat) toplamda 300.48 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Əməkdaşlar tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, abonenti faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Həmçinin, İddiaçı Abdulkərim oğlunun tələb etmə üzrə iddia müddəti başa çatmış və iddiaçı iddia müddətini ötürməklə 2021-ci ilin fevral ayında məhkəməyə müraciət etmişdir. İddiaçı Abdulkərim oğlunun hazırkı iddia ərizəsi üzrə iddia müddəti ötmüş borc tələbi 295.89 manat təşkil edir ki, həmin məbləğ üç illik müddət tətbiq edilməklə rədd edilməlidir. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, abunə haqqında məlumatdan görünür ki, Əhmədov X1 EŞ-nin enerji satış bazasında **********00174 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına olan, xx xxxx 2016-cı il tarixli, R seriyalı, 068214 nömrəli aktdan görünür ki, İddiaçı Abdulkərim oğlunun sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri Ş.R.Dəmirov tərəfindən təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 120 gün üçün 0.xx xxxxxxx 1200 kvt.s (dəyəri 84 manat) və 0.xx xxxxxxx 1968 kvt.s (dəyəri 216.48 manat) toplamda 300.48 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Sayğacdan kənar xəttin ləğv edilməsi, hesablanmış məbləğin ödənilməsi, əks halda enerji verilişinin dayandırılması nəzərdə tutulmuşdur. «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində eletrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göründüyü kimi, Qaydaların 8.32-ci bəndində göstərilən pozuntulara görə mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış evinin daxilində quraşdırılmayan məişət abonentinin məsuliyyəti istisna edilmişdir. Çünki «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İddiaçı Abdulkərim oğlunun istifadəsində olan elektrik sayğacına yazılmış elektrik enerjisi borcunun sayğacın nasaz olması ucbatından yaranması iddiaçının məhkəmə iclasında verdikləri izahat və iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, sayğacın nasaz olmasının İddiaçı Abdulkərim oğlunun vəziyyətini daha da ağırlaşdıraraq ona əlavə elektrik enerjisi borcunun yazılmasına səbəb olmuşdur. Məhkəmə «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndini və yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********00174 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı Abdulkərim oğlunun elektrik sayğacında yaranmış problemin onun təqsiri ucbatından yaranması ilə bağlı cavabdeh “xxxx” ASC-nin “Şimal-Qərb” X2 və Satışı İdarəsinin nümayəndəsinin etiraz ərizəsində göstərdikləri əsaslı deyil. Belə ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx xxxx 2016-cı il tarixdə iddiaçıya məxsus Şəki rayonu Baş Şabalıd kəndində yerləşən mənzildə elektrik enerjisindən istifadə qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, həmin ünvanda quraşdırılmış sayğacdan istehlakçının sayğacdan kənar xətt vasitəsilə elektrik sayğacından istifadə etməsi ilə əlaqədar “Elektrik enerjisindən istifadə qaydalarının” pozulması əsas götürülərək R seriyalı, 068214 nömrəli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Həmçinin, istehlakçının ünvanına sayğacın quraşdırılmasına baxmayaraq aktda iddiaçının sayğacdan kənar şəkildə elektrik enerjisindən istifadə etməsi barədə heç bir fikir ifadə edilmir. Belə ki, sayğacda hər hansı bir qüsurun olması bunun bütün hallarda istehlakçının elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi nəticəsinə gəlməyə əsas vermir. Bundan başqa R seriyalı, 068214 nömrəli aktın tərtibində nəinki istehlakçının, hətta hal şahidlərinin də iştirakı təmin edilməmişdir. Göründüyü kimi, İddiaçı Abdulkərim oğlunun elektrik sayğacının nasaz olması ilə bağlı ona əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacın yenisi ilə əvəzlənməsi günündə **********00174 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı Abdulkərim oğlu xx xxxx 2016-cı il tarixə 3168 kvts, enerji istehlak etmiş və onun 300.48 manat borcu olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Abdulkərim oğlunun istifadəsində olan elektrik sayğacına yazılmış qeyd edilən elektrik enerjisi borcu silinməlidir. Məhkəmə araşdırması nəticəsində xx xxxx 2016-cı il tarixli, R seriyalı, 068214 nömrəli akt əsasında İddiaçı Abdulkərim oğluna 300.48 manat borcun hesablanması müəyyən edilmişdir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx xxxx 2016-cı il tarixli, R seriyalı, 068214 nömrəli akt əsasında İddiaçı Abdulkərim oğlunun hesabına 300.48 manat borc yazılsa da, İddiaçı Abdulkərim oğlu hesabından 295.89 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə cavabdehin üç illik iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, aktda və etiraz ərizəsində qüsur aşkar olunduqdan sonra abonentə 3168 kvts, dəyəri 300.48 manat məbləğində hesabat aparılması göstərilmişdir. Lakin itirilmiş enerjinin bərpası üçün müəyyən olunan məbləğin məhz 300.48 manat olması əsaslandırılmır və faktiki olaraq cərimə kimi qiymətləndirilməlidir. İddiaçıya hesablanan itirilmiş enerjinin bərpası dair məbləğ əsaslı olması sübuta yetirilmədiyindən, faktiki olaraq cərimə kimi qəbul olunmalı, həmin məbləğin silinməsinə dair üç illik iddia müddəti də tətbiq olunmamalıdır. Belə ki, MM-nin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə iddiaçıya yazılan məbləğ müqavilə tələblərindən irəli gəlməsinə dair sübutlar təqdim olunmur, vaxtaşırı icra olunmalı öhdəliklərdən irəli gələn tələblərə aid edilmir və bu səbəbdən də on illik ümumi iddia müddəti tətbiq olunmalıdır. Belə olan halda isə müəyyən olunur ki, aktın xx xxxx 2016-cı il tarixdə tərtib olunması nəzərə alınaraq iddiaçı iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan İddiaçı Abdulkərim oğlunun xx xxxx 2016-cı il tarixə 300.48 manat borcunun olmasının qeyd edilməsi və iddiaçının bunun əksini sübut edəcək lazımi sənədləri iş materiallarına əlavə etməməsi, məhkəmə iclasında da təqdim etməməsi nəzərə alınaraq iddia qismən təmin edilməli, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair xx xxxx 2016-cı il tarixli, R seriyalı, 068214 nömrəli akt əsasında **********00174 saylı abonent kod hesabında qeydə alınmış 295.89 manat borc əsassız hesab edilərək İddiaçı Abdulkərim oğlunun hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı Abdulkərim oğlu dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair xx xxxx 2016-cı il tarixli, R seriyalı, 068214 nömrəli akt əsasında **********00174 saylı abonent kod hesabında qeydə alınmış 295.89 (iki yüz doxsan beş manat səksən doqquz qəpik) manat borc İddiaçı Abdulkərim oğlunun hesabından silinsin. “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar