Məhkəmə qərarları › İş №2(075)-645/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-645/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-645/2021 04.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “borcla əlaqədar pul“ tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «xxxx» ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 456,12 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı«xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılmasını xahiş etmişdir. 12 mart 2021-ci il tarixdə Cavabdeh oğlu X1 məhkəməyə etiraz ərizəsi göndərərək, Cavabdeh öldüyünü bildirmiş və işə iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “borcla əlaqədar pul“ tələbinə dair iddia ərizəsi üzrə iddiasına iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiа ərizəsi məhkəmənin icrааtınа qəbul edilmiş, məhkəmə hаzırlıq iclаsı 13 aprel 2021-ci il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxış iclası bu günə, yəni 04 may 2021-ci il tаrixə sааt 09:30-a təyin edilmişdir. İddiaçı «xxxx» ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2 09 aprel 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək, işə iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. İşdə olan 16 avqust 1988-ci il tarixdə verilmiş İİİ-JQ 355961 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 15 avqust 1988-ci il tarixdə Şəki şəhərində ölmüşdür. Göründüyü kimi Cavabdeh 15 avqust 1988-ci il tarixdə vəfat etmiş və bu barədə 16 avqust 1988-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “borcla əlaqədar pul “ tələbinə dair iddia ərizəsi isə 05.03.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Belə olduğu halda iddia ərizəsi üzrə cavabdeh kimi qeyd edilən Cavabdeh məhkəmədə tərəf olarkən deyil, hələ belə status qazanmamışdan təxminən 32 il əvvəl vəfat etmişdir. Göründüyü kimi iddiaçı məhkəmədə artıq 32 il əvvəl ölmuş cavabdehə qarşı iddia qaldırmışdır. Halbuki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxtda cavabdeh artıq vəfat etmiş olmuşdur. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinin məzmununa görə isə mərhum Cavabdeh məhkəmə iclasında tərəf kimi iştirak edib, mülki işə baxılan zaman isə vəfat edərdisə və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərdisə məhkəmə cavabdehin hüquqi varisini müəyyən edərək işə cəlb etməlidir. Lakin hazırkı vəziyyətdə iddiaçı özü mərhum Cavabdeh hüquqi varisini aşkar edərək ona qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır. MPM-nin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası MM-nin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “borcla əlaqədar pul“ tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. İddiaçı «xxxx» ASC-nə izah edilməlidir ki, Cavabdeh hüquq varisini müəyyən edildikdən sonra ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.7, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “borcla əlaqədar pul“ tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. İddiaçı «xxxx» ASC-nə Cavabdeh hüquq varisini müəyyən etməklə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar