Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-667/2021 07.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Turan qəsəbəsində yerləşən, Cavabdeh ilə onun paylı mülkiyyətində olan fərdi yaşayış evinə bitişik cavabdeh tərəfindən inşa edilən qanunsuz tikilinin onun hesabına sökülməsi və paylı mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Turan qəsəbəsində yaşayır. Azərbaycanda islahatlar gedən zaman “Turan” taxılçılıq sovxozu X18 Komissiyasının 24 fevral 2000-ci il tarixli, 22 saylı protokol qərarı ilə Şəki rayonu Turan qəsəbəsinin ərazisində yaşayış evinin bir hissəsi ona, digər hissəsi isə qardaşı Cavabdeh əmlak payı kimi verilmişdir. Həmin yaşayış evində uzun illərdir ailəsi ilə birlikdə yaşayır. Lakin bir müddət qabaq Cavabdeh paylı mülkiyyətdə olan yaşayış evində qanunsuz olaraq tikintilər aparmış və artırmalar etmişdir. Beləliklə, cavabdeh onun mülkiyyət hüquqlarını pozur. Belə ki, cavabdehin özünün istədiyi kimi, özbaşına paylı mülkiyyətdə olan əmlaka əlavə tikililər tikməyə hüququ yoxdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, “Turan” taxılçılıq sovxozu X18 Komissiyasının 24 fevral 2000-ci il tarixli, 22 saylı protokol qərarı ilə onlara əmlak payı verilsə də, həmin yaşayış evinə dair mülkiyyət sənədləri mövcud deyildir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, o, 1986-cı il tarixdən Şəki rayonu Orconikidze adına qəsəbəyə (hazırkı Turan qəsəbəsi) köçərək həmin qəsəbədə yaşamağa başlamışdır. Orada işləmiş və evlənmişdir. Hal-hazırda ailəsi ilə birlikdə həmin qəsəbədə yaşayır. 1986-cı il tarixdən ona qəsəbədən ev və 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. 1986-cı il tarixdən başlayaraq həmin ev onun istifadəsində və sahibliyindədir. Həmin əmlak dövlət mülkiyyətində olmuş, 2000-ci ildən sonra onlara özəlləşdirməyə icazə verilmişdir. Belə ki, islahat zamanı həmin ev və evin yerləşdiyi torpaq sahəsi ona əmlak payı olaraq verilmiş, 15 fevral 2000-ci il tarixli, Şəki rayonu “Turan” adına kolxozun X18 komissiyasının əmlak pay haqqının verilməsi barədə 79 nömrəli akta əsasən həmin əmlak 85 (səksən beş) min manat pul məbləğində dəyərləndirilmiş və təsərrüfatdan ona düşəcək 2933 min manat məbləğ çıxılaraq ona satılmışdır. Sözügedən əmlakda dörd ailə yaşayır. Onun tərəfindən mübahisəli əmlakda heç bir qanunsuz tikinti işləri aparılmır. Əgər aparılsa belə, mülkiyyət onun istifadəsinə verildiyindən əmlakdan istədiyi kimi istifadə edə bilər. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, mübahisəli əmlakla bağlı mülkiyyət sənədləri mövcud deyildir. Belə ki, 1986-cı il tarixdən istifadə və sahiblik etdiyi, habelə kolxozun təsərrüfatından ona düşən pul məbləğindən çıxılaraq satın aldığı əmlakın dövlət reyestrində qeydə alınması üçün DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin DƏDRX-nin 12 saylı Ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin olmaması ilə əlaqədar ərizənin icrasından imtina etmişdir. Odur ki, hazırda əmlak üzərində hüquqlarının qeydə alınması üçün inzibati məhkəməyə müraciət etmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 18 avqust 2020-ci il tarixdə verilmiş **********4 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən 0.8626 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə X1 (2/6 hissə), X6 (1/6 hissə), İddiaçı (1/6 hissə), X3 (1/6 hissə) və X2 (1/6 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 104 nömrəli reyestr kitabının 97 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş JN:0002 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən Şəki rayonu M.Əsədov qəsəbə sakinləri X8, X4, Cavabdeh Razim oğlu, X9 və X5 13.46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin qanunsuz tikilinin sökülməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitutsiyasının 60-cı maddəsinin tələblərinə əsasən qeyd edir ki, məhkəmələr pozulmuş hüquqların müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 5.3-cü maddələrinin tələbinə görə iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İddiaçı Şəki rayonu Turan qəsəbəsində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olmadığından cavabdeh tərəfindən inşa edildiyini iddia etdiyi qanunsuz tikilinin sökülməsini mübahisələndirmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apelyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Göründüyü kimi şəxsin tələblə məhkəməyə müraciəti zamanı ilk növdədə onun həmin tələblə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması və cavabdeh tərəfindən şəxsin subyektiv hüququnun pozulub-pozulmaması halları araşdırımalıdır. Subyektiv hüququn yaranması üçün ən vacib elementi olan öz hərəkətlərinə hüquqi ixtiyar hazırkı tələbdə iddiaçıya məxsus deyildir. Birinci element olmadığı təqdirdə subyektiv hüququn digər elementlərindən söhbət gedə bilməz. İddiaçının qeyd edilən əraziyə dair mülkiyyət sənədləri olmadığından məhkəmə iddiaçının iddiasını qanunsuz tikilinin sökülməsi hissəsində əsassız hesab edir. Məhkəmə iddia tələbinin maneələrin aradan qaldırılması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neqanti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən törədilən maneələrin aradan qaldırılmasını xahiş etsə də, həmin maneənin cavabdehin əmlakda qanunsuz olaraq tikintilər aparması və artırmalar etməsi ilə əsaslandırsa da, cavabdehin iddiaçının iradəsinin ziddinə olaraq hər hansı maneələr yaratmasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz tələbini təsdiq edən sübut qismində heç bir mötəbər sənəd təqdim etməmiş, onun göstərdiyi hallar şahid ifadələri ilə təsdiq olunmamışdır. İddiaçı nəinki ona cavabdeh tərəfindən maneələrin yaradılmasını sübut edə bilməmiş, həmçinin həmin maneələrin nədən ibarət olması ilə bağlı heç bir fikir ifadə edə bilməmişdir. Odur ki, iddia ərizəsində qeyd edilən halları təsdiq edən hər hansı bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim etmədiyindən və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddia tələbi həmin hissədə də əsaslı deyildir. Şərh edilən maddələrə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası əsassız hesab edilərək təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı «Şəki rayonu Turan qəsəbəsində yerləşən, Cavabdeh ilə onun paylı mülkiyyətində olan fərdi yaşayış evinə bitişik, Cavabdeh tərəfindən inşa edilən qanunsuz tikilinin onun hesabına sökülməsi və paylı mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-667/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-667/2021
07.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver