Məhkəmə qərarları › İş №2(075)-693/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-693/2021

21.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-693/2021 21.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və Cavabdeh2 qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Şəki rayonu 2 saylı dövlət notariat kontoru və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu 2 saylı notariat kontorunda bağlanmış 10 fevral 2004-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçıların razılıqları ilə Şəki rayonu 2 saylı dövlət notariat kontoru əsl cavabdeh olan Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi ilə əvəz edilmiş, X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsində tələblərini onunla əsaslandırmışlar ki, ailələri doqquz nəfərdən ibarətdir. X6 2005-ci ildə vəfat etmiş, anaları X11 hazırda qardaşı Cavabdeh2 ilə birlikdə Şəki şəhərində yaşayır. Onlar isə Şəki rayonu Cəfərabad kəndində yaşayırlar. 2004-cü il tarixdə X6 Şəki rayonu Cəfərabad kəndində yerləşən 48 kv.m yaşayış sahəsi olan 2 otaqlı evi, ümumi sahəsi olan 54.0 kv.m, mətbəxin ümumi sahəsi olan 56.0 kv.m olan tövləni nəvəsi X13 10 fevral 2004-cü il tarixdə Şəki rayonu 2 saylı notariat kontorunda bağışlama müqaviləsi tərtib edilmişdir. X2 həmin evi nəvəsinə bağışlanmasını yaxın zamanlarda öyrənmişlər. Belə ki, ata yurdları Şəki rayonu Cəfərabad kəndində olmasına baxmayaraq, onların və dörd bacısının 16 il bundan əvvəl heç birinin xəbəri olmadan Cavabdeh2 saxta yolla ata yurdlarını öz adına sənədləşdirmiş və buna görə də onlar ata mülkündən hər hansı paya sahib ola bilməmişlər. Cavabdeh2 Şəki şəhərində bir neçə evi olmasına baxmayaraq tamah məqsədi ilə onları öz ata yurdlarından qovur. Bu məsələni onlar keçən il bilmişlər. Belə ki, Cavabdeh2 2020-ci ildə iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı2 Cəfərabad kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə 16 iyun 2020-ci il tarixdə həmin qətnamə ilə iddia tələbini təmin etmişdir. Bununla bağlı Dövlət notariat arxivinə ərizə ilə müraciət olunmuş, həmin orqandan notariat işinin ksero surətləri alınmışdır. Həmin notariat işində X5 adından tərtib edilmiş 15 yanvar 2004-cü tarixli razılıq ərizəsi aşkar edilmiş, həmin ərizə Şəki şəhər İHB-nin Cəfərabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiqlənmişdir. 2004-cü ildə bağışlama müqaviləsi bağlanan zaman orta məktəb təhsili belə olmayan 80 yaşlı analarının 15 yanvar 2004-cü il tarixdə latın qrafikası ilə razılıq ərizəsini yazıb imza etməsi onlarda şübhə doğurur. Hesab edirlər ki, həmin razılıq ərizəsi başqa şəxs tərəfindən tərtib olunmuş və X5 yerinə başqa şəxs tərəfindən imza edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X15 Şəki rayon Cəfərabad kənd XDS İcraiyyə komitəsinin 1983-1985, 1986-1990-cı illərin və Şəki şəhər İHB-nin Cəfərabad kənd İƏD üzrə nümayəndəliyinin 1991-1995-ci illərin təsərrüfatbaşına kitablarında, X14 təsərrüfatına aid olan sənədlərə əsasən anaları X11 da orada qeydiyyatda olmuş və imzaları mövcuddur. Qeyd olunan notariat işində X5 adından tərtib edilmiş 15 yanvar 2004-cü tarixli razılıq ərizəsi təsərrüfatbaşına kitablarda olan imzalarla kəskin fərqlənir. Bu da əsas verir ki, həmin razlıq ərizəsi başqa şəxs tərəfindən imzalanmışdır. Bundan əlavə X5 notariat işinə əlavə edilmiş ərizəsində qeyd olunur ki, “həmin ərizəmlə yazıb sizdən xahiş edirəm ki, ərim X14 adına olan evin bağışlanmasına etiraz etmirəm və bunu imzamla təsdiq edirəm”. X1 verdiyi razılıq ərizəsində əri X14 hansı ünvanında yerləşən və hansı evinin bağışlanılmasından bir kəlmə də olsun qeyd aparılmamışdır. Belə olan halda bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 ayrı-ayrılıqda çıxış edərək ərizənin məzmununa uyğun izahat verdilər. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 15 mart 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən onun Şəki rayonu Cəfərabad kəndində 0.22 ha torpaq sahəsi üzərində 94.8 kv.m xüsusi mükiyyət üzrə fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi onun adına tam və torpaq sahəsi isə oğlu ilə ümumi birgə mülkiyyətdədir. Həmin torpaq sahəsi və fərdi yaşayış evinə 15 mart 2019-cu il tarixdə reyestr nömrəsi **********86-10301 olan texniki pasport hazırlanıb verilmişdir. Mingəçevir şəhərində qeydiyatda olan qardaşı İddiaçı2 onun mülkiyyətində olan evə qanunsuz daxil olaraq orada yaşamağa başlamışdır. Bundan sonra məhkəməyə müraciət etmiş, sonuncu məhkəmə qaydasında həmin evdən çıxarılmışdır. Mahiyyəti üzrə bildirdi ki, hazırda iddiaçılar iddia edirlər ki, guya bağışlanma müqaviləsindən xəbərləri olmamışdır. Bu tamamilə yalandır. Belə ki, atası mübahisəli əmlakı 10 fevral 2004-cü il tarixdə X13 doğum günü münasibətilə bağışlamış və anası Səmədova Səlminazın razılığına da almışdır. İddiaçı2 həmin mənzilə qanunsuz olaraq daxil olan zaman o, oğlu ilə yəni, hədiyyə olunan şəxslə onun yanına getmişlər. Həmin vaxt iddiaçılar bir yerdə olmuşlar. Bu zaman iddiaçı “əgər imkan varsa müvəqqəti mənə icazə ver burada təsərrüfatla məşğul olub borclarımı ödəyim” demiş, hətta həmin gün onlar oğlunu yəni, evin yeni sahibini bir daha təbrik edib evlə bağlı öz xeyir-dualarını vermişlər. Təbii ki, oğlu əmisi İddiaçı2 öz razılığını vermiş və yaxın gələcəkdə öz ailəsini evə yerləşdirənə qədər evi boşaltmağını xahiş etmişdir. Çox təəssüf ki, bir müddətdən sonra iddiaçı həmin evdə tamamilə başqa işlərlə məşğul olmağa başlamışdır. Buna görə də o, 2020-ci ilin yanvarında İddiaçı2 evi boşaltmağını və evdən çıxmağını xahiş etmişdir. Lakin o, heç cür bununla razılaşmamış, evdən heç vaxt çıxmayacağını bildirib evin mətbəx hissəsini, zalını, aynabəndini bağlayaraq onları evdən çıxarmışdır. Bundan sonra məcbur olub polisə müraciət etmişlər. Polis şöbəsində izahat verərək 18 fevral 2020-ci il tarixdə evdən çıxacağına söz vermişdir. Lakin o, bu günə kimi həmin evdən çıxmamışdır. Yuxarıda qeyd etdiyi kimi iddiaçının həmin evdən çıxarılması ilə bağlı üç instansiya məhkəməsinin qətnaməsi vardır. Ev bağışlanan zaman iddiçıların hər bir şeydən xəbərləri olmuş, xeyirdua vermiş, 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə rəsmi sorğu etmiş və 01 may 2018-ci il tarixdə həmin evin oğluna bağışlanması ilə bağlı rəsmi cavab almışlar. Oğlu hərbçidir, kapitan rütbəsini daşıyır və mütəmadi olaraq cəbhə bölgələrində olaraq dövlətin ərazi bütövlüyünü qorumaqda davam edir. Hal-hazırda iddiaçılar həmin evi qanunsuz olaraq zəbt etdikləri üçün oğlunun ailəsi və uşaqları onun yanında qalmaq məcburiyyətindədirlər. İddiaçılar bilərəkdən məhkəmənin vaxtını uzatmaqla nəyə isə nail olmağa çalışırlar. Bütün bunları nəzərə alaraq, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: 22 oktyabr 1962-ci il tarixli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 ilə X11 22 oktyabr 1962-ci il tarixdə nikaha daxil olmuşlar. 08 noyabr 1994-cü il tarixli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Cəfərabad kəndində yerləşən ümumi sahəsi 48 kv.m, yaşayış sahəsi 48 kv.m olan 2 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X13 məxsusdur. JN-256F, KOD 40411018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən X19 və X8 0.22 hektar torpaq sahəsi (fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı) verilmişdir. 10 fevral 2004-cü il tarixli bağışlama müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X16 tam mülkiyyət üzrə ona məxsus olan, Şəki rayonu Cəfərabad kəndində yerləşən ümumi sahəsi 48 kv.m, yaşayış sahəsi 48 kv.m olan 2 otaqlı fərdi yaşayış evini nəvəsi X13 bağışlamışdır. X11 tərəfindən verilmiş 15 yanvar 2004-cü il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, X11 əri X12 tam mülkiyyətində olan Şəki rayonu Cəfərabad kəndində yerləşən ümumi sahəsi 48 kv.m, yaşayış sahəsi 48 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin nəvələri X13 bağışlanmasına etirazının olmadığını bildirmişdir. 16 fevral 2004-cü il tarixdə qeydə alınmış, 39 nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Cəfərabad kəndində yerləşən 2 otaqlı, 48 kv.mdən ibarət yaşayış sahəsi X12 adına qeydə alınmışdır. 22 fevral 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X7 rayonu Cəfərabad kəndində yerləşən ümumi sahəsi 48 kv.m, yaşayış sahəsi 48 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsini Cavabdeh2 bağışlamışdır. 22 fevral 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X3 rayonu, Cəfərabad kəndində yerləşən ümumi sahəsi 0.22 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə özünə məxsus pay hissəsini Cavabdeh2 bağışlamışdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Cəfərabad kəndində 0.22 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 94.8 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2, torpaq sahəsi Cavabdeh2 ilə X12 ümumi birgə mülkiyyətlərindədir. İşdə olan ИЖ seriyalı, 219463 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 16 avqust 1954-cü il təvəllüdlü İddiaçı2 atası X19, anası isə X9r. İşdə olan Şəki Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(075)-557/2020 saylı qətnaməsindən görünür ki, 1954-cü ildə anadan olmuş, Mingəçevir şəhəri, A.Şaiq küçəsi, ev 11, mənzil 19-da qeydiyyatda olan İddiaçı2, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX, ******* nömrəli çıxarış üzrə Cavabdeh2 qanuni və şəxsi mülkiyyətində olan Cəfərabad kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmiş, Şəki Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(075)-557/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Konstitusiyanın 60-cı maddəsinin tələblərinə əsasən qeyd edir ki, məhkəmələr pozulmuş hüquqların müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 5.3-cü maddələrinin tələbinə görə iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə qeyd edir ki, mübahisəli əmlak X13 məxsus olmaqla, onun X11 ilə birgə nikahları dövründə əldə edilmişdir. X16 həmin əmlakı sağlığında bağışlamış və bu zaman X5 razılığı alınmışdır. İddiaçılar həmin imzaların X8 məxsus olmadığını bildirməklə hazırda Şəki rayonu 2 saylı notariat kontorunda bağlanmış 10 fevral 2004-cü il tarixli bağışlama müqaviləsini mübahisələndirsələr də, X4 olduğundan həmin müqaviləni mübahisələndirmək hüququ yalnız X8 məxsusdur. Odur ki, iddiaçılar bağışlama müqaviləsini mübahisələndirmək hüququna malik şəxslər kimi qəbul edilə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apelyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Göründüyü kimi şəxsin tələblə məhkəməyə müraciəti zamanı ilk növdədə onun həmin tələblə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması və cavabdeh tərəfindən şəxsin subyektiv hüququnun pozulub-pozulmaması halları araşdırımalıdır. Subyektiv hüququn yaranması üçün ən vacib elementi olan öz hərəkətlərinə hüquqi ixtiyar hazırkı tələbdə iddiaçıya məxsus deyildir. Birinci element olmadığı təqdirdə subyektiv hüququn digər elementlərindən söhbət gedə bilməz. Mübahisəli əmlak X16 ilə X5 birgə nikahları dövründə əldə edildiyindən və X4 olduğundan məhkəmə iddiaçıların iddiasını əsassız hesab edir. Belə ki, iddiaçıların müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqları yoxdur. Şərh edilən maddələrə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və Cavabdeh2 qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiaları əsassız hesab edilərək təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 və İddiaçı1 «Şəki rayonu 2 saylı notariat kontorunda bağlanmış 10 fevral 2004-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiaları təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar