Məhkəmə qərarları › İş №2(075)-72/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-72/2022

31.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-72/2022 31.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,0219 ha torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən tərəfindən inşa edilən qanunsuz tikilinin onların hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən 0,0249 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 48.30 kv.m olan fərdi yaşayış evi onun mülkiyyətindədir. O, həmin evi cavabdehlərin qardaşı olan Şamil Məcidovdan xx.xx.2018-ci il tarixdə almış və bundan sonra rəsmi bölgü aparılaraq həmin evə dair xx.xx.2021-ci il tarixdə reyestrdən çıxarış da almışdır. Lakin onun mülkiyyətində olan torpaq sahəsinin üzərində dəmir dirəklər və divarların üzərində təxminən 2 metr hündürlükdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz tikili inşa edilmişdir. Həmin tikili ona məxsus evdən küçəyə gediş-gəliş yolunun üzərində inşa edilmişdir və ona sərbəst şəkildə həyətindən istifadə etməyə imkan vermir və onun digər hüquqlarını məhdudlaşdırır. Beləliklə cavabdehlər onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, mülkiyyətində olan əmlak onlara vərəsəlik yolu ilə keçmişdir. Belə ki, ünvan 2 ünvanında yerləşən ev və həmin evin yerləşdiyi 0,0511 ha torpaq sahəsi onun, qardaşları Şamil və Kamilin adına 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Sonradan yəni,xx.xx.2018ci il tarixdə qardaşı Şamil özünə düşən ünvan 2 ünvanında yerləşən 0,0249 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 48.30 kv.m olan fərdi yaşayış evini iddiaçıya satmışdır. İddiaçı həmin evi alarkən onlar da alqı-satqı prosedurunun həyata keçirilməsinə razılıq vermişlər. Həmçinin iddiaçıya onun tərəfindən tikilmiş qeyd edilən 22 kv.m-lik tikili ilə bağlı gələcəkdə ona qarşı hər hansı narazılığının olmaması ilə bağlı sözünü də almışdır. Beləliklə də iddiaçı bu tikilinin mövcudluğuna razılığını bildirmişdir. Göstərmişdir ki, həmin 1 otaqdan ibarət tikilini Kamil deyil, o tikmişdir və hazırda onun ailəsinin istifadəsindədir. Bundan başqa qeyd etmişdir ki, o həmin tikilini iddiaçı qeyd edilən evi qardaşı Şamildən almamışdan əvvəl tikdirmişdir. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 digər cavabdeh və qardaşı Cavabdeh1 izahatına oxşar olan eyni məzmunlu izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş, 22 aprel 2021-ci il tarixli, **********57-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 (yeni qaydalarla: AZ-5500, ünvan 3 ünvanında 0.0219 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.9 kv.m köməkçi, 24.4 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 85 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş, 20 sentyabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında 0.0511 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 129.0 kv.m ümumi sahəsi, 20.0 kv.m yaşayış sahəsi, 109.0 kv.m köməkçi sahəsi və 0.0292 ha torpaq sahəsi Cavabdeh1, 48.3 kv.m ümumi sahəsi, 24.4 kv.m yaşayış sahəsi, 23.9 kv.m köməkçi sahəsi və 0.0292 ha torpaq sahəsi İddiaçı, 129.0 kv.m ümumi sahəsi, 20.0 kv.m yaşayış sahəsi, 109.0 kv.m köməkçi sahəsi və 0.0292 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş, 10 sentyabr 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında 0.0511 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh2, X2 və Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən ünvanlanmış 06 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, Şəki Rayon Məhkəməsinin icraatda olan 2(075)-1782/2021 saylı mülki işlə əlaqədar Şəki şəhər sakini İddiaçı məxsus fərdi yaşayış evinin hüquqi və texniki sənədləri yerində araşdırıldı. İddiaçıya aid torpaq sahəsinin yeri, mübahisə mənbəyi olan, sonradan cavabdehlər tərəfindən inşa olunmuş və hal-hazırda yaşayış otağı kimi istifadə olunan sahənin olması müəyyən olundu. Reyestr nömrəsi **********57-10301 olan texniki pasport və çıxarışa əsasən iddiaçıya aid 0.0219 ha torpaq sahəsi, cavabdehlərin yaşadıqları fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi halhazıra kimi mübahisəsiz istifadə olunmuşdur. İki qonşu arasında alqı-satqı müqaviləsi bağlanarkən və bölgü sxemi işlənərkən hər iki tərəf razılıqlarını bildirmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli, 10/2814 saylı rəydə göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki LTİ-nin mütəxəssisi Müşviq Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********57- 10301 reyestr nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0219 ha torpaq sahəsi mülkiyyətçi İddiaçı tərəfindən istifadə edilir. Lakin İddiaçı mülkiyyətində olan torpaq sahəsinin iddia edilən hissəsində, yer səthindən 1.8 metr yüksəklikdə metal konstruksiyalar üzərində inşa edilmiş sahəsi 22 kv.metr tikili Cavabdeh1 istifadəsindədir. Cavabdeh1 inşa etdiyi tikilinin yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********57- 10301 reyestr nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0219 ha torpaq sahəsi üzərinə Cavabdeh1 tərəfindən tikili inşa edilmişdir. Cavabdeh1 tərəfındən inşa edilmiş 22 kv.metr tikili 1.8 metr torpaq səthindən yüksəklikdə metal konstruksiya üzərində qurulmuşdur. Ekspertiza xərci 50 manatdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 0,0249 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 48.30 kv.m olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin evi cavabdehlərin qardaşı olan Şamil Məcidovdan xx.xx.2018-ci il tarixdə alqı-satqı yolu ilə almış, xx.xx.2021-ci il tarixdə isə həmin evi dövlət qeydiyyatına aldıraraq çıxarış da almışdır. Lakin iddiaçı rəsmi bölgü aparıb çıxarış aldıqdan sonra müəyyən etmişdir ki, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0219 ha torpaq sahəsi üzərində 1.8 metr torpaq səthindən yüksəklikdə metal konstruksiya üzərində Cavabdeh1 tərəfindən 22 kv.metr tikili inşa edilmişdir. İddiaçı iddiasını müdafiə etmiş, cavabdehlər isə iddianı qəbul etməmişlər. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcələsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Gögündüyü kimi iddiaçının tələbi hər iki cavabdehlərə qarşı yönəlmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaqda torpaq səthindən 1.8 metr hündürlükdə metal konstruksiya üzərində tikilmiş 22 kv.m-lik tikili cavabdehlərdən Cavabdeh1 tərəfindən inşa edilmiş və həmin otaq hazırda onun istifadəsindədir. Belə olan halda digər Cavabdeh2 iddia üzrə hər hansı cavabdehlik daşıya bilməz və daşımamalıdır da. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, 22 aprel 2021-ci il tarixli, **********57-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 1 (yeni qaydalarla: AZ-5500, ünvan 3 ünvanında 0.0219 ha torpaq sahəsi üzərində 1.8 metr torpaq səthindən yüksəklikdə metal konstruksiya üzərində qurularaq Cavabdeh1 tərəfındən inşa edilmiş 22 kv.metr tikili onun öz hesabına sökülməli, əsaslı olmadığından iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. 10.40 manat ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh1 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 22 aprel 2021-ci il tarixli, **********57-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 1 (yeni qaydalarla: AZ-5500, ünvan 3 ünvanında 0.0219 ha torpaq sahəsi üzərində 1.8 metr torpaq səthindən yüksəklikdə metal konstruksiya üzərində qurularaq Cavabdeh1 tərəfındən inşa edilmiş 22 kv.metr tikili onun öz hesabına sökülsün. İddia Cavabdeh2 münasibətdə təmin edilməsin. 10.40 manat ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh1 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X1 KOD 210005 VÖEN **********, Müxbir ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar