Məhkəmə qərarları › İş №2(075)-74/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-74/2022

07.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-74/2022 07.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 qızının, Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların evinin çardağından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tikinti qaydalarına zidd şəkildə tikdirdikləri tikintinin çardaq hissəsinin ayrılması üçün sözügedən qanunsuz tikintinin və eyni zamanda cavabdehlər tərəfindən onların mülkiyyətinin ərazisində tikdikləri divarın da başdan-başa tamamilə sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mülk onların atasından qalan mirasdır və onlar həmin evdə doğulub, boya-başa çatmaqla, hazırda da həmin evdə yaşayırlar. Evlərinin sağ tərəf qonşusu əmisi X4, sol tərəf qonşusu digər əmisi X6 olmuşdur. X3 vəfatından sonra onun vərəsələri evlərini satıb getmişlər. X1 vərəsələri isə öz ata evlərində yaşayırlar. Cavabdehlər 2007-ci ildə onlardan icazə almadan və evdə olmadıqlarından istifadə edərək iki ev arasında çəkilmiş dəmir arakəsməni sökərək onun əvəzində onlara aid olan əraziyə əsas tikili tərəfdən 5 sm, həyətyanı torpaq sahəsi tərəfindən isə 23 sm metr girərək daş divar çəkmişlər. Həmçinin cavabdehlər mətbəxt kimi istifadə etmək üçün tikdikləri qanunsuz tikilinin çardaq hissəsini onların evinin çardağına birləşdirib illərlə onlara maddi və mənəvi ziyan vurmuşlar. Tikilmiş yeni qanunsuz tikili səbəbli cavabdehlərin evlərinin üstündən süzülən yağış suyu onların evinin bünövrəsinə tökülür evin nəm verməsinə, əsas istinad divarının ovulub tökülməsinə səbəb olur ki, bu da öz növbəsində evin də tez zamanda uçub dağılmasına, qəzalı vəziyyətə düşməsinə təkan verəcək. Arzu edilməz hər hansı təbii fəlakət, yanğın baş verərsə evdən evə od alov düşər, hər iki evin də birdən yanmasına səbəb ola bilər. Dəfələrlə şifahi olaraq cavabdehlərə onların əraziyə keçərək tikdikləri divarı və sözügedən tikilini sökmələrini desələr də, dəfələrlə aralarında dava-dalaş düşsə də cavabdehlər divarı sökmürlər və onlara aid olan ərazidən də çıxmırlar. Bundan əlavədə cavabdehlər onların ərazisinə keçərək tikdikləri qanunsuz tikilinin düz qarşısında qərəzli şəkildə zibil yandırırlar. Yandırdıqları zibilin içərisinə də his verən, pis qoxu yayan rezin və plastik tullantılar da atırlar ki, bu da ətrafa pis qoxu yaymaqla, yuyub həyətə sərdikləri paltarları pis vəziyyətə qoyur. Tikilmiş qanunsuz tikilinin tam yaxınlığında zibil qandırıb nəzarətsiz qoyub getməklə yanğın təhlükəsinin yaranmasına da zəmin yaradırlar. Ona görə də, qeyd edilən halların aradan qaldırılması üçün hazırkı tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə prosesinin gedişi vaxtı bir neçə dəfə iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə vermiş, sonuncu ərizəsi 25 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı2 və İddiaçı1 yenidən iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizəsində cavabdehlərə onlarla sərhəd ərazidə zibil yandırmaq qadağan edilməklə bərabər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətlərində olan ünvan 2 ünvan ünvan 3 ha torpaq sahəsindən (torpaq sahəsinin koordinatları daxilində) çıxarılmaları, torpaq sahəsində özbaşına yarı mişar və yarı çay daşından inşa etdikləri hasarın öz vəsaitləri hesabına sökülərək onlar ilə ara məsafəsi boyunca 30 sm enində geriyə çəkilməsi, tikinti norma və qaydaları nəzərə alınmaqla, yəni qonşu divarının hündürlüyü 2.20 metr hündürlükdən hündür olmamaq şərti ilə hasarlanmasına və cavabdehlərin tikdikləri qanunsuz tikilinin çardağı vasitəsilə yaşadıqları fərdi yaşayış evinin çardağının onların evinin çardağına bitişik olan hissəsinin də cavabdehlərin öz vəsaitləri hesabına dərhal sökülərək onların evinin çardağından ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər təxminən 2017-ci ildən mübahisəli hasarı tikiblər. Hasarı tikən zaman 30 sm. onların ərazisinə daxil olublar. Hasarın bir hissəsi evin çardağına kimi qaldırıblar. Evin çardağını isə həmin hasara kimi artırıblar. Çardağın həmin hissəsindən yağış suları onların həyətinə damır və evlərini qəzalı vəziyyətə salır. Bundan başqa cavabdehlər qəsdən onlarlın həyətinə yaxın yerdə, yəni mübahisəli hasarın dibində zibil yandırırlar. Alovun tüstüsü onları narahat edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 İddiaçı1 ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, çardağın artırılan hissəsinin sökülməsinə razıdır. Evin üstünü dəyişəcəklər və həmin vaxt çardağın həmin hissəsi söküləcək. Lakin aralarında olan hasarın sökülməsi ilə razı deyil. Həmin hasarın bir hissəsi 2.20 metr hündürlükdədir. Hündür olan hissəsi isə iddiaçıların həyətinin görünməməsi üçün qaldırılıb. Hasar sərhəd xəttində tikilib və iddiaçıların ərazisinə daxil olunmayıb. Zibilin yandırılmasına münasibətdə isə qeyd etdi ki, ağacların xəzəllərini həyətdə yandırıllar. Xəzəl olmadığına görə artıq zibil də yandırmaq fikirləri yoxdur. Ümumiyyətlə bundan sonra çalışıb həyətdə zibil yandırmazlar. Qanuni qərar çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********23-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1, yeni qaydalarla Şəki şəhəri, Calğalı Bulaq küçəsi 110 nömrəli evin ½ hissəsi İddiaçı1, ½ hissəsi isə İddiaçı2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş **********23-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 1, yeni qaydalarla Şəki şəhəri, Calğalı Bulaq küçəsi 110 nömrəli evin hüquq subyektləri İddiaçı1 və İddiaçı2dır. İş materiallarına əlavə edilmiş iddiaçının təqdim etdiyi fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin sərhəddindəki divarın üzərində həqiqətən də yardımçı tikili inşa edilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********23-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1, yeni qaydalarla Şəki şəhəri, Calğalı Bulaq küçəsi 110 nömrəli evin ½ hissəsi İddiaçı1, ½ hissəsi isə İddiaçı2 mülkiyyətindədir. İddiaçılar qonşusu olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus torpaq sahəsi ilə sərhəddi ayıran daş divarın onlara məxsus evin torpaq sahəsindən keçməklə inşa edildiyini, bu səbəbdən də həmin divarın cavabdehlərin öz vəsaiti hesabına sökülərək 30 sm geridən, həmçinin tikinti norma və qaydaları nəzərə alınmaqla 2.20 metrdən hündür olmamaq şərti ilə yenidən tikilməsini, eyni zamanda cavabdehlər tərəfindən onların evinin çardağına bitişik formada yardımçı tikili inşa edildiyini, həmin tikilinin onların həyatı üçün təhlükə yaratdığını bildirərək yardımçı tikilinin sökülməsi, sərhəd divarının yanında cavabdehlər tərəfindən mütəmadi olaraq zibil yandırmalarına son qoyulmasını xahiş etmişdir. İş üzrə qаnuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(075)-1822/2021 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 21 aprel 2022-ci il tarixli, 10/7128 nömrəli rəyindən görünür ki, mübahisə predmeti olan hasar tikilisi ilə iddiaçıya məxsus fərdi yaşayış evi arasındakı məsafənin 0,97 metr olduğunu nəzərə alaraq həmin hasar tikilisinin tərəflərin istifadəsində olan torpaq sahəsinin sərhəd xəttində yerləşdiyi, çardaq tikilisinin isə cavabdehə məxsus torpaq sahəsində yerləşdiyi müəyyən olunur. Mübahisə predmeti olan hasar tikilisinin hündürlüyünün 4,2 metr olduğunu, elcə də cavabdehə məxsus fərdi yaşayış evinin çardaq hissəsinin mübahisə predmeti olan hasara birləşdirildiyini nəzərə alaraq həmin hasar və çardaq tikilisinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72 və 73-cü maddələrinin müvafiq bəndlərinin tələblərinin pozulduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə, ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və həmin rəyi sübut növü kimi qəbul edir. “X5rşı” işi üzrə 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Beləliklə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən və qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə görə, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Həmin Məcəllənin 73.1-ci maddəsində əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən iki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Məhkəmə qeyd edilənlərə məcmu halında qiymət verərək qeyd edir ki, cavabdehlər tərəfindən çəkilmiş daş hasarın iddiaçıların iddia etdikləri kimi, yəni onlara məxsus torpaq sahəsində deyil, tərəflərin istifadəsində olan torpaq sahələrinin sərhəd xəttində yerləşdiyi müəyyən edilmişdir. Ona görə də həmin hasarın sökülərək 30 sm geridən çəkilməsi cavabdehlərin hüquqlarının pozulması ilə nəticələnər ki, bu da yolverilməzdir. Lakin həmin hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından hündürlüyü 2 metr 20 santimetrdən artıq olan hissəsi sökülməsi məqsədəuyğundur. Bundan başqa məhkəmə cavabdehlər tərəfindən inşa edilərək iddiaçılara məxsus yaşayış evinin çardağına birləşdirilmiş yardımçı tikilinin də qanunsuz olması qənaətinə gələrək, həmin tikilinin sökülməsini tərəflərin qanunla qorunan hüquqları baxımından düzgün hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, iddianın cavabdehlərə iddiaçılarla sərhəd əraziyə yaxın hissədə zir-zibilin yandırılmasının qadağan edilməsi hissəsində də təmin oluna bilməz. Belə ki, məhkəmə iddiaçıların qonşu təsirinə dözmək vəzifəsini əsas götürərək hesab edir ki, qeyd olunan halın iddiaçıların hüquqlarının əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus ünvan 1, yeni qaydalarla Şəki şəhəri, Calğalı Bulaq küçəsi 110 nömrəli evin çardağına birləşdirilmiş yardımçı tikili və həmin tikilinin qarşısında tərəflərin istifadəsində olan torpaq sahələrinin sərhəd xəttində çəkilmiş hasarın torpaq sahəsinin ən yuxarı səviyyəsindən 2 metr 20 santimetrdən artıq olan hissəsi cavabdehlərin vəsaiti hesabına sökülməli, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2, 25 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus ünvan 1, yeni qaydalarla Şəki şəhəri, Calğalı Bulaq küçəsi 110 nömrəli evin çardağına birləşdirilmiş yardımçı tikili və həmin tikilinin qarşısında tərəflərin istifadəsində olan torpaq sahələrinin sərhəd xəttində çəkilmiş hasarın torpaq sahəsinin ən yuxarı səviyyəsindən 2 metr 20 santimetrdən artıq olan hissəsi cavabdehlərin vəsaiti hesabına sökülsün. Dövlət rüsumu iddiaçıların özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2, 25 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar