Məhkəmə qərarları › İş №2(075)-76/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-76/2021

25.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-76/2021 25.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı oğlunun Cavabdeh ASC-yə qarşı borcun hesabından silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 553.82 manat qanunsuz hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ünvan 1 ünvanında ailəsi ilə birgə yaşayır. Yeni layihə üzrə verilməli olan içməli su ilə təmin edilənədək ətraf qonşulardan su daşıyaraq istifadə etmişdir. Yeni verilmiş içməli su üzrə sayğacla təmin olunanadək su ilə bağlı təminatı qonşular tərəfindən təmin edilmişdir. Lakin “Cavabdeh ASC” Şəki Sukanal TSC-nin məsul şəxsləri xx xxxx 2020-ci il tarixdə ona qəbz təqdim edərək guya yeni sayğac quraşdırılanadək 553.82 manat borcu olduğunu bildirmişlər. Bundan əlavə cavabdehin nümayəndələri ona xx xxxxxxx 2011-ci il tarixli müqavilə təqdim edərək, guya onlar arasında müqavilə bağlandığını bildirmişlər. Müqaviləyə nə o, nə də cavabdeh tərəfindən imza edilməmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə göstərdi ki, İddiaçı ünvan 1 ünvanında yaşadığı fərdi yaşayış evi Cavabdeh ASC-nin satış bazasında onun adına olmaqla **********000 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 2020-ci ildə istehlakçının ünvanına içməli su üzrə sayğac quraşdırılmışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, abonentlə bağlanmış xx xxxxxxx 2011-ci il tarixli müqavilə sistemdə mövcud olsa da, həmin müqavilənin istehlakçı və istehsalçı tərəfindən imzalanmış nüsxəsini təqdim etmək mümkün deyildir. İddiaçının 2020-ci ilədək içməli su ilə təchiz olunduğu ilə bağlı hər hansı sübut mövcud olmasa da, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehin hesabına ödəmələr olmuşdur. İddiaçı barəsində hər hansı akt tərtib edilməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə mülki proses tərəflərinin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə vəsatəti ilə dindirilmiş “Cavabdeh ASC” Şəki Sukanal TSC-nin sahə nəzarətçisi X1 göstərmişdir ki, uzun müddətdir ki, sahə nəzarətçisi işləyir. İddiaçının yaşadığı ünvan 1 ünvanında 2020-ci ilədək içməli su mövcud olmamışdır. 2020-ci ildə su sayğacı quraşdırılmış və su xətti çəkilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: xx xxxxxx 2021-ci il tarixli abunə haqqında məlumatdan görünür ki, İddiaçı Cavabdeh ASC-nin satış bazasında **********000 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx xxxxxx 2021-ci il tarixli abunə haqqında məlumatdan görünür ki, **********000 saylı hesabda 2016-cı il üzrə 303.32 manat, 2017-ci il üzrə 73.2 manat, 2018-ci il üzrə 73.2 manat, 2019-cu il üzrə 73.2 manat, 2020-ci il üzrə 60.3 manat və 2021-ci il üzrə 2.16 manat olmaqla, cəmi 585.38 manat borc vardır. «Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu»nun 5ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar: a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması; b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması; c) su ehtiyatlarından səmərəli istifadə olunması; ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması. Həmin Qanunun 5-ci maddəsinin 2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il, 262 nömrəli qərarının 1.7-ci bəndinə əsasən müqavilələr fiziki şəxslərlə bu Qaydaların 1 nömrəli əlavəsinə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Müqaviləyə STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən və bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən akt əlavə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında 2020-ci ilədək içməli su mövcud olmamış, iddiaçı qonşulara məxsus su xəttindən istifadə edərək suya olan tələbatını ödəmişdir. 2020-ci ildə iddiaçının ünvanında su sayğacı quraşdırılmış və su xətti çəkilmişdir. Bundan sonra iddiaçının içməli suya olan tələbatı ödənilmişdir. İddiaçı içməli sudan 2020-ci ilədək istifadə etməməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən onun abonent kodunda xx xxxxxx 2020-ci ilədək 522.92 (585.38 – 2.16 – 60.3 = 522.92) manat borcun olduğu qeyd edilərək abonentdən ödənilməsi tələb edilmişdir. Göstərilənlər iddiaçının, cavabdehin nümayəndəsinin və cavabdehin vəsatəti ilə gəlmiş şahidin məhkəmə iclasında verdiyi izahatlarla, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Bunun əksini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Göründüyü kimi İddiaçı xx xxxxxx 2020-ci ilədək içməli su ilə təmin olunmadığından cavabdeh təşkilat təmin edilməmiş suyun dəyərinin abonentdən alınmasını tələb etməkdə haqlı olmamışdır. Bundan başqa tərəflər arasında 2020-ci ilədək müqavilə münasibətlərinin mövcud olduğunu, müqavilə əsasında iddiaçının içməli su ilə təmin edildiyini təsdiq edən hər hansı sübut təqdim edilməmiş, iş materiallarına əlavə edilmiş müqavilə də istehsalçı və istehlakçı tərəfindən imzalanmamışdır. Odur ki, iddiaçı xx xxxxxx 2020-ci ilədək abonent kod hesabında qeydə alınmış borcun silinməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən iddia qismən təmin edilməli, **********000 saylı abonent kod hesabında qeydə alınmış 522.92 manat borc İddiaçı hesabından silinməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. **********000 saylı abonent kod hesabında qeydə alınmış 522.92 (beş yüz iyirmi iki manat doxsan iki qəpik) manat borc İddiaçı hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar