Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-788/2021 10.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçının cavabdehlər Şəki Regional “Asan” xidmət mərkəzinə və Cavabdeh1 qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum atası X11 miras qalmış Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, atası X12 adına Şəki rayonu, Baş Zəyzid kəndində fərdi yaşayış evindən ibarət miras əmlakı qalmışdır. Anası 1976-cı, atası isə 1997-ci ildə vəfat etmişdir. Göstərmişdir ki, onlar ailədə 5 qardaş və 4 bacı olmuşlar. O özü ailənin üçüncü, Cavabdeh1 isə axırıncı övlad olmuşdur. Qeyd etmişdir ki, bütün bacı-qaradşlar həmin evdə böyüyüb boya-başa çatmış, sonradan ayrılaraq hal-hazırda ayrıca təsərrüfat şəklində yaşayırlar. Göstərmişdir ki, özü, 1974-cü ildə ailə qurmuş və ailəsi ilə birlikdə 3 il qeyd olunan miras əmlakda yaşamış, 3 övladı olmuşdur. 1977-ci ildə miras əmlaka yaxın ərazidə kolxozun bölünməyən torpaq sahəsində ona 15 sot torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsində ev tikmiş, ailəsi və uşaqları ilə birlikdə köçərək, hal-hazıradək həmin evdə yaşayır. Qeyd etmişdir ki, ata evi yaxın olduğundan daim həmin evə gedib-gəlmişdir. Hal-hazırda miras əmlaka yaxın, yuxarıda qeyd etdiyi əmlakda yaşayır. O, ayrılan zaman ata yurdunda 2 qardaş və 3 bacısı qalmışdır. Qardaşlarından biri Lətif olmuşdur. Həmin vaxt Lətifin 10 yaşı olmuşdur. Sonradan bütün qardaş-bacıları ailə quraraq, ayrılmış və ayrıca təsərrüfat olmuşlar. Lətif, 1981-ci ildə hərbi xidmətə getmiş və 1983-cü ildə hərbi xidmətdən qayıtmışdır. Bundan sonra o, ailə quraraq Rusiya Federasiyasına getmişdir. Həmin vaxt atasının yanında bir bacısı qalmışdır. Lətif 1991-ci ildə Rusiyadan qayıtmış və miras əmlakda yaşamağa başlamışdır. 1997-ci ildə atası vəfat etmiş, yas mərasimi miras əmlakın həyətində keçirilmişdir. Yas mərasimində o özü, Lətif və digər bacı-qardaşları iştirak etmişlər. Yasın keçirilməsinin əsas yükü bacısı Dilbərin üzərinə düşmüşdür. Atası vəfat etdikdən 3-4 ay sonra Lətif yenidən Rusiya Federasiyasına getmişdir. Sonradan qayıdaraq yenidən miras əmlakda yaşamağa başlamışdır. Lətif təxminən 20 il olar ki, miras əmlakda yaşayır. Miras əmlakda olan qaz, işıq və telefon onu adına deyil və həmin evin kommunal xərcləri onu tərəfindən deyil, Lətif tərəfindən ödənilir. Lətif özünə pay kimi verilən torpaq sahəsini satmışdır. Ayrı evinin olub-olmamasını bilmir. Lətif son 3 ildir ki, qeyd olunan miras əmlakda qeyri-qanuni yaşayır. Həmçinin göstərmişdir ki, atası vəfat edəndən sonra digər bacı-qardaşları Lətifin qaldığı ata yurduna getməsə də o, özü 2018-ci ilədək ata yurduna gedib-gəlmişdir. İddianı müdafiə edir və onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 göstərmişdir ki, atası X12 adına Şəki rayonu, Baş Zəyzid kəndində fərdi yaşayış evindən ibarət miras əmlakı qalmışdır. Anası 1976-cı, atası isə 1997-ci ildə vəfat etmişdir. Göstərmişdir ki, onlar ailədə 5 qardaş və 4 bacı olmuşlar. O özü ailənin kiçiyi, iddiaçı isə İİİ övlad olmuşdur. Göstərmişdir ki, bütün bacı-qaradşlar həmin evdə böyüyüb boya-başa çatmış, sonradan ailə quraraq ayrılmış və hal-hazırda ayrıca təsərrüfat şəklində yaşayırlar. İddiaçı özü də 1977-ci ildə miras əmlakı tərk edərək miras əmlaka yaxın ərazidə qaynanası tərəfindən ona verilən torpaq sahəsində ev tikmiş, ailəsi və uşaqları ilə 1977-ci ildə həmin evə köçərək indiyədək həmin evdə yaşayır. Onun ayrıca evi, torpaq sahəsi və təsərrüfatı vardır. İddiaçı həmin vaxtdan sonra miras əmlakda yaşamayıb və onunla birlikdə təsərrüfat aparmayıb. Bildirmişdir ki, 1981-ci ildə hərbi xidmətə getmiş, 1983-cü ildə hərbi xidməti başa vurmuş və miras əmlakda yaşamışdır. 1984-cü ildə ailə qurmuş və Rusiya Federasiyasına getmişdir. 1990cı ildə atasının təkidi ilə RF-dan qayıdaraq hal-hazıradək miras əmlakda yaşamağa başlamışdır. Atası 1997-ci ildə vəfat etmiş, atasının yas mərasimi onun həyətində onun tərəfindən verilmiş, yasda iddiaçı da daxil olmaqla əksər bacı-qardaşları iştirak etmişdir. Hazırda da həmin əmlakda yaşayır. Göstərmişdir ki, miras əmlak indiyədək atasının adında qalsa da həmin evin qaz, işıq sayğacları və telefonu onun adınadır və bütün kommunal xərclər onun tərəfindən ödənilir. Miras əmlaka aid torpaq sahəsi onun tərəfindən becərilir, ağaclar onun tərəfindən suvarılaraq istifadə olunur. Belə ki, ağacların meyvələrini yığır, həyətyanı sahədə tərəvəz əkir və.s təsərrüfat işləri ilə məşğul olur. Göstərmişdir ki, atası vəfat edəndən sonra iddiaçıdan başqa heç bir qardaş-bacısı onunla münasibət saxlamamış, onun evinə, yəni miras əmlaka gəlib-getməmişlər. Yalnız iddiaçı onunla münasibət saxlamış və 2018-ci ilədək miras əmlaka, yəni onun evinə gəlibgetmişdir. Göstərdiklərini nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X39 Xidmət Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin xüsusi notarius Xətai Səmədov 10.06.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək işə notariat ofisinin nümayəndəsi olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdeh X39 Xidmət Mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X24 göstərmişdir ki, atası X12 adına Şəki rayonu, Baş Zəyzid kəndində fərdi yaşayış evindən ibarət miras əmlakı qalmışdır. Qeyd etmişdir ki, həm iddiaçı həm də cavabdeh onun qardaşıdır. Anası 1976-cı, atası isə 1997-ci ildə vəfat etmişdir. Göstərmişdir ki, onlar ailədə 5 qardaş və 5 bacı olmuşlar. Bacilarindan biri uşaq evində böyümüşdür. Qardaşı İlham ailənin üçüncü, Lətif isə axırıncı övlad olmuşdur. Qeyd etmişdir ki, bütün bacı-qaradşlar həmin evdə böyüyüb boya-başa çatmış, sonradan ayrılaraq hal-hazırda ayrıca təsərrüfat şəklində yaşayırlar. Göstərmişdir ki, İlham 1974-cü ildə ailə qurmuş və ailəsi ilə birlikdə 3 il qeyd olunan miras əmlakda yaşamışdır. Belə ki, İlham 1977-ci ildə miras əmlaka yaxın ərazidə qaynanası tərəfindən ona verilən torpaq sahəsində ev tikmiş, ailəsi və uşaqları ilə 1977-ci ildə həmin evə köçərək indiyədək həmin evdə yaşayır. İlhamın Onun ayrıca evi, torpaq sahəsi və təsərrüfatı vardır. Bütün qardaş-bacıları ailə quraraq, ayrılmış və ayrıca təsərrüfat olmuşlar. Lətif 1981-ci ildə hərbi xidmətə getmiş və 1983-cü ildə hərbi xidmətdən qayıtmışdır. Bundan sonra o, 1984-cü ildə ailə quraraq Rusiya Federasiyasına getmişdir. Lətif 1990-ci ildə Rusiyadan qayıtmış və miras əmlakda yaşamağa başlamışdır. 1997-ci ildə atası vəfat etmiş, yas mərasimi miras əmlakın həyətində keçirilmişdir. Yas mərasimində o özü RF-da olduğundan iştirak edə bilməmişdir. Lətif və digər bacıqardaşları iştirak etmişlər. Lətif təxminən 1991-cı ildən miras əmlakda yaşayır. Həmçinin göstərmişdir ki, ataları vəfat edən 1997-ci ildən etibarən İlhamdan başqa heç bir bacıqardaş Lətifin ailəsi ilə ünsiyyət saxlamamış, onun evunə gedib-gəlməmişlər. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X5 şahid qardaşı X13 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X14 göstərmişdir ki, həm iddiaçını həm də cavabdehi tanıyır, onlarla qonşudur. Onların heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur. Qeyd etmişdir ki, özünü tanıyandan Lətifi qeyd olunan miras əmlakda yaşayan görmüşdür. Lətif və ailəsi hazırda da həmin evdə yaşayır. Şakir kişidən miras qalan evə nəzarəti, həmçinin ev və həyatyanı sahədə aparılan bütün təsərrüfat işləri Lətif və ailəsi tərəfindən həyata keçirilir. Şakir kişinin yas mərasimi də Lətifin həyətində olmuşdur. Yası Lətif idarə etmiş və vermişdir. Digər bacı-qardaşlar, o cümlədən İlham da yas da iştirak etmişdir. İlham da miras əmlakda yaşayıb, lakin üzün müddətdir ki, o ata yurdunda yaşamır, hər hansı təsərrüfat aparmır. İlhamın miras əmlaka yaxın ərazidə ayrıca evi və təsərrüfatı var. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X19 digər şahid X7 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişdir. Məhkəmə sorğusu nətizəsində əldə edilərək iş materialına əlavə edilmiş 21 avqust 1992-ci il tarixdə qeydə alınmış qeydə alma vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən 4 otaqlı yaşayış evi şəxsi mülkiyyət əsasında X12 adına qeydə alınmışdır. Məhkəmə sorğusu nətizəsində əldə edilərək iş materialına əlavə edilmiş 1988-ci il tarixli yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən yaşayış evi X12 adına qeydə alınmışdır. İşdə olan V-JQ 257639 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 13.06.1997-ci il tarixdə Şəki rayonu, Baş Zəyzid kəndində ölmüşdür. İşdə olan doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı atası X25, anası isə X8r. İşdə olan doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 atası X25, anası isə X8r. İşdə olan Şəki şəhər İHB-nın Baş Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 03.05.2018-ci il tarixli, 572 nömrəli arayışından görünür ki, X12 X16, X9, İddiaçı, X26, X20, X27, X21, X24, Cavabdeh1 adlı varisləri vardır. İşdə olan Baş Zəyzid Bələdiyyəsi tərəfindən verilmiş 02.02.2018-ci il tarixli, 05 nömrəli arayışdan görünür ki, X12 istifadəsində olmuş 0,22 ha həyətyanı torpaq sahəsi hal-hazırda oğlu Cavabdeh1 istifadəsindədir. həmin torpaq sahəsinə dair heç bir sənəd aşkar edilməmişdir. İşdə olan Şəki rayonu, Baş Zəyzid kənd sakinləri X2, X10, X1, X19 və X17 tərəfindən tərtib edilmiş 15.04.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 həqiqətən atası mərhum X25 ilə birgə yaşamış, ona sağlığında qulluq etmiş, atasının hər bir köməyinə çatmış, atası yaşlanıb xəstə olduğu zaman ona dava-dərmanlarını vaxtı-vaxtında almışdır. Atası 12 iyun 1997-ci ildə rəhmətə gedərkən onun yas mərasimini öz şəxsi vəsaiti hesabına keçirmişdir. Atası rəhmətə getdikdən sonra atasının mülkündə yaşayan Lətif atasından qalan bağ-bağçaya qulluq etmiş, həyət-bacanı belləmiş, həyətdə olan kolkosları, daşları təmizləyərək həyəti səliqəyə salmışdır. X3 və İddiaçı atalarını danışdırmadığına görə atasına nə baş çəkmişlər, nə xəstə olduğu zaman onun xəstəliyi ilə maraqlanmamışlar, nə də onun dava-dərmanının alınmasında köməklik etməmişlər. Atası öldükdən sonra yas mərasimində də iştirak etməmişlər. Qardaşı İlham atası son nəfəsdə olanda da ona xəbər etmişlər ki, “atan son nəfəsdədir, gəl atana baş çək”, o isə atasının son nəfəsində belə onu görməkdən imtina etmişdir. Digər qardaşı Maqsud Rusiya Federasiyasında olduğu üçün ona atalarının son nəfəsdə olduğunu xəbər etmişlər, ama o da atasını görməkdən imtina etmişdir. Ataları rəhmətə gedən günü də qardaşı İlhamı kənd ağsaqqalları töhmət edərək zorla yas mərasiminə gətirsələr də, ancaq digər qardaşı Maqsud isə ona dəfələrlə xəbər göndərilməyinə baxmayaraq yas mərasiminə gəlməmişdir. Bundan əlavə olaraq Lətif öz zəhməti və pulu hesabına atasının sağlığında həyətyanı torpağın kənarlarına daş hasar çəkdirmiş, atasının vəfatından sonra isə atasından qalma evi təmir etdirmişdir. İşdə olan 28 oktyabr 2016-cı il tarixli, 5431 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, “xxxx” İB, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Şəki rayonu, Baş Zəyzid kəndində yaşayan Cavabdeh1 məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İşdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* və ******* nömrəli aktlardan görünür ki, Cavabdeh1 yaşadığı Şəki rayonu, Baş Zəyzid kəndində yaşadığı fərdi yaşayış evində istismarda olmuş sayğaclar işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. İşdə olan 27 aprel 2006-cı, 30 aprel 2008-ci, 15.12.2016-cı, 31.12.2016-cı, 20.04.2017-ci və 21.05.2021-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh1 yuxarıda göstərilən tarixlərdə yaşadığı Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən miras əmlakı üzrə Baş Zəyzid Bələdiyyəsiə, ”xxxx” ASC-nə, “xxxx” ASC Şəki EŞ-nə, Telekommunikasiya Qovşağına, “xxxx” Dövlət Müəssisəsinə müvafiq məbləğlərdə kommunal ödənişlər etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin izahatları, şahidlərin ifadəsi və işdə olan mötəbər sübutlarla təsdiq olundu ki, 21 avqust 1992-ci il tarixdə qeydə alınmış qeydə alma vəsiqəsinə əsasən Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən 4 otaqlı yaşayış evi şəxsi mülkiyyət əsasında X12 mülkiyyətindədir. Tərəflərin atası X25 13 iyun 1997-ci tarixdə vəfat etmişdir. Miras qoyanın ölümündən sonra, yəni miras açıldığı gündən İddiaçı vərəsə kimi mirası faktiki olaraq qəbul etməmiş, miras evdə yaşammış, miras əmlaka faktiki olaraq yiyələnməmiş, miras əmlaka sahiblik etməmiş, miras əmlakı idarə etməmiş, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmiş, mirası qəbul etməmişdir. Belə ki, iddiaçı məhkəmə iclasında özünün də dediyi kimi 1952-ci il tarixdə anadan olmuş, 1974-cü ildə ailə quraraq mübahisəli əmlkada 1977-ci ildək yaşamış, miras əmlakla qonşuluqda ev tikdirmiş və həmin ildən etibarən ailəsi ilə birlikdə miras əmlakı tərk edərək qonşuluqda tikdirdiyi evə köçmüş və hal-hazıradək özünə məxsus evdə yaşayır. Ailə qurub ayrılsa da 2018-ci ilədək mütəmadi olaraq normal halda ata evinə gəlib getmişdir. Göründüyü kimi iddiaçı atası vəfat etdiyi 13.06.1997-ci ildən 20 il əvvəl hələ atasının sağlığında miras əmlakı tərk etməklə ayrıca təsərrüfat kimi ayrı evdə yaşamağa başlamışdır. Həmçinin iddiaçı miras qoyan vəfat edikdən sonra da miras əmlakda yaşamamış, həmin əmlakdakı təsərrüfatı idarə etməmişdir. Əksinə araşdırma zamanı aydın oldu ki, Cavabdeh1 bəzi istisnalarla döğulduğu andan miras əmlakda yaşamış və 1991-ci ildən indiyədək miras əmlakda yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmiş və hal-hazırda miras əmlak üzrə təsərrüfatı idarə edir. Mülki qanunvericiliyə əsasən qanun mirasın qəbulunun 2 formasını müəyyən etmişdir: 1) vərəsənin notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi; 2) vərəsənin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi. Müəyyən olunur ki, iddiaçı 1-ci formadan istifadə etməmişdir, yəni notariat orqanına ərizə verməmişdir, bunu iddiaçının özü də etiraf edir. İddiaçı iddia edir ki, miras evdə doğulmuş, orada yaşamış, həmin evdə ailə qurmuşdur. Atası vəfat etdikdən sonra onun yas mərasimində iştirak etmişdir. Atasının vəfatından sonra və 20 il əvvəl miras evdə yaşamamış, sadəcə miras əmlaka gəlib getmiş, qeyd edilən miras əmlakda yaşamamış, faktiki olaraq miras əmlakı idarə etməmiş və hazırda da idarə etmir. İddiaçı bildirmişdir ki, atasının yas mərasimində iştirak etməklə mirası qəbul etmişdir. Belə olan halda iddiaçının mirası 2-ci formadan istifadə etməklə qəbul etdiyi müəyyən olunmur. Bu hal iddiaçının, cavabdehlərin izahatı ilə təsdiq olunur. İddiaçının miras evdə yaşamadığı təqdirdə miras evə sahiblik etməsi və ya idarə etməsinə yönələn hərəkətlər etməsi müəyyən olunmur. Mülki qanunvericiliyin hazırkı münasibətləri tənzimləyən normalarının məzmununa görə vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, qanunvericilik “şəksiz nümayiş etdirmə” ifadəsindən istifadə etmişdir. Bu isə o deməkdir ki, vərəsə əmlakı mülkiyyətinə qəbul etdiyini digər şəxslərə şəksiz nümayiş etdirməli, bunun üçün isə vərəsənin bir gün miras qoyanın yas mərasimində iştirak etməsi və ya həmin miras əmlaka qonaq kimi gəlib-getməsi kifayət deyildir. Vərəsə evə sahiblik etməli, evi idarə etməli, evə yiyələnməlidir. İddiaçının “miras evə sahiblik etmə”, “mirası idarə etmə”, “miras evə yiyələnmə” əlamətləri müəyyən olunmur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mirasın qəbulu faktı öz təsdiqini tapmadı. İddiaçı tərəf mirası qəbul etməsini təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Mülki iş materiallarını araşdırıb, iddiaçının və cavabdehlərin izahatlarını, həmçinin şahidlərin ifadəsini dinləyib məhkəmə belə bir nəticəyə gəlir ki, İddiaçının iddiası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi İddiaçı atasından qalmış mirasın qəbulu faktının müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə həmin iddiaya baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, miras qoymuş şəxs X25 13.06.1997-ci il tarixdə Şəki rayonu, Baş Zəyzid kəndində ölmüşdür. Göründüyü kimi tərəflər arasındakı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dək olan dövrdə əmələ gəlmişdir. Ona görə də tərəflər arasındakı hüquq münasibətlərinə 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1965-ci il redaksiyası) 528-ci maddəsinə əsasən vərəsəliyin açılması vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mərhum atası X11 miras qalmış Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçının dövlət büdcəsinə ödədiyi 10 manat rüsum özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 309 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı mərhum atası X11 miras qalmış Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı onun özünə aid edilsin, 20 manat dövlət rüsumunun dövlət büdcəsindən iddiaçıya qaytarılması barədə Şəki Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(075)-788/2021 saylı qərardadı nəzərə alınsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-788/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-788/2021
10.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver