Məhkəmə qərarları › İş №2(075)-805/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-805/2021

05.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-805/2021 05.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində "xxxx" ASC-nin X3 Şəbəkəsi MMC-nin əməkdaşlarının tərtib etdikləri 12 may 2017-ci il tarixli, 072057 nömrəli akt əsasında hesablanmış 300 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərdi ki, Şəki rayonu Çeşməli kəndində yaşayır. Evinə verilən elektrik enerjisini hesaba alan elektrik sayğacı onun adınadır. Həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtı-vaxtında poçta ödəmişlər. Həmişə sayğac üzrə ödəniş aparmışlar. Lakin cavabdeh təşkilatın nümayəndələri 12 may 2017-ci il tarixdə evinə gələrək 072057 nömrəli akt tərtib etmişlər. Həmin akta əsasən onun evinə quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Həmçinin həmin aktda qeyd edilmişdir ki, sayğacın dövlət möhürlərindən biri qırılıb, sayğacın üst qapağı aralanıb və güya sayğaca müdaxilə olunubdur. Həmin aktı oxumuş və razılaşaraq imzalamışdır. Göstərmişdir ki, lakin həmin vaxt sayğac özü-özünə alışaraq yanmışdır. Sayğac üzrə bildirişlər onun ünvanına demək olar ki, hər ay gəlir və o həmin bildirişlər üzrə ödənişlər edir. Təxminən 6-9 ay sonra ona bildiriş gələrkən görmüşdür ki, ona cərimə yazılmışdır. İşıq idarəsindən ona demişlər ki, cəriməni yavaş-yavaş ödəyər. Buna görə də ona akt əsasında yazılmış 300 manat cərimədən müvafiq ödənişlər etmişdir. Belə ki, həmin cərimə məbləğləri üzrə indiyədək 100 manat ödəniş etmiş və hazırda 200 manat cəriməsi qalmışdır. Sonradan ödənişlər edə bilmədiyindən məcbur olaraq məhkəməyə müraciət etmişdir. Cavabdehin iddia müddətinin tətbiqi ilə ərizəsini qəbul etmir və onu əsaslı hesab etmir. Belə ki, o 2017ci ildə akt imzalayaraq onunla razılaşaraq ödənişlər etsə də hazırda ödənişlər edə bilmir. Həmçinin sayğac göstəricisi üzrə gələn bildirişdə cərmə məbləğinin yazılmasından təxminən 6-9 ay sonra xəbəri olmuşdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 məhkəməyə təqdim etdiyi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, İddiaçı iddiasında qeyd etdiyi Şəki rayonu, Çeşməli kəndində yerləşən fərdi yaşayış evi “xxxx” ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00187 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 12.05.2017-ci il tarixdə “xxxx” ASC Şimal-Qərb RETSİ-nin əməkdaşları M.Əliyev, Ş.Seyidli və E.Teymurov tərəfindən Şəki rayonu, Çeşməli kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları’na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının dövlət möhürünün birinin qırıldığı və üst qapağının aralandığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 12.05.2017-ci il tarixli, R072057 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktın doğruluğunu iddiaçı öz imzasıyla təsdiq etmişdir. Tərtib edilmiş 12.05.2017ci il tarixli, R072057 saylı akta əsasən “xxxx” ASC Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 07.06.2017-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 5 ay üçün 0.07 manatla 1500 kvt.s (dəyəri 105.00 manat) və 0.11 manatla 1826 kvt.s (dəyəri 200.86 manat) toplamda 305.86 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. “EEİQ”-nın 8.32 bəndinin tələbinə görə “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) “məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınmaqla hesabat aparılır”. Həmin qaydaların 7.11 -ci bəndinin tələbinə görə “...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. İddiaçı tərtib olunmuş 12.05.2017-ci il tarixli, R072057 saylı akta əsasən tələb etmə üzrə iddia müddəti başa çatmış və iddiaçı iddia müddətini ötürməklə 2021-ci ilin aprel ayında məhkəməyə müraciət etmişdir. İddiaçı hazırki iddia ərizəsi üzrə iddia müddəti ötmüş borc tələbi 300,00 manat təşkil edir ki, həmin məbləğ üç illik müddət tətbiq edilməklə rədd edilməlidir. Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Göstərmişdir ki, iddiaçı özü də qeyd edir ki, hər ay sayğac göstəricisi üzrə gələn bildirişlər üzrə ödənişlər etmişdir. İşdə olan vətəndaşın saldosundan görünür ki, qeyd edilən akt üzrə 305.45 mant cərimə məbləği 07.06.2017-ci il tarixdə iddiaçının sayğac göstəricisi üzrə bildirişə işlənmişdir. Belə olan halda iddiaçı bu göstəricidən ən azından 2017-ci ilin iyun ayının axırlarında xəbərdar olmuşdur. Həmçinin iddiaçı özü də məhkəmə iclasında qeyd etmişdir ki, məlum aktı imzalamış və onun əsasında yazılmış cərimə məbləğindən 100 manat ödəniş etmişdir. Həqiqətən də iddiaçı cərimə məbləğindən hissə-hissə olmaqla ödənişlər etmiş və hazırda 205.45 manat cərimə borcu vardır. Buna görə də iddia müddətini tətbiq edərək İddiaçı iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi iddia müddəti keçdiyindən təmin edilməməlidir. İş materiallarında olan, abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00187 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş «xxxx» ASC-nin Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri tərəfindən təsdiq edilmiş 07 iyun 2017-ci il tarixli icra vərəqinin təsdiq edilmiş surətindən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 30 günlük hesabat aparılaraq 0.07 manatla 1500 kvt.s və 0,11 manatla 1826 kvt.s toplamda 305,86 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İş materiallarına əlavə edilmiş 12 may 2017-ci il tarixli, R seriaylı 072057 nömrəli aktdan görünür ki, yoxlama zamanı sayğacın dövlət möhrünün birinin qırıldığı, üst qapağının aralandığı, sayğaca müdaxilə olunduğu məlum olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquq qiymət verərək hesab edir ki, İddiaçı iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı akt əsasında hesablanmış borcun hesabından silinməsi barədə vaxtında məhkəməyə müraciət etməmiş və bununla da MM-nin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə 3 illik iddia müddətini ötürmüşdür. Belə ki, məhkəmə araşdırması zamanı aydın oldu ki, cavbdeh təşkilat 12 may 2017ci il tarixdə iddiaçının sayğacı üzrə 072057 nömrəli akt tərtib etmişlər. Həmin akta əsasən iddiaçının evinə quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Həmin vaxt aktı oxumuş və razılaşaraq onu imzalamışdır. İddiaçı akt əsasında yazılmış 305.45 manat cərimə məbləğləri üzrə indiyədək 100 manat ödəniş etmiş və hazırda 200 manat cəriməsi qalmışdır. İşdə olan vətəndaşın saldosundan görünür ki, qeyd edilən akt üzrə 305.45 mant cərimə məbləği 07.06.2017-ci il tarixdə iddiaçının sayğac göstəricisinə işlənmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı bu göstəricidən ən azından 2017-ci ilin iyun ayının axırlarında xəbərdar olmuşdur. Çünki iddiaçı özü bildirmişdir ki, işıq pulunu hər ay sayğac göstəricisinə uyğun olaraq hər ay vaxtı-vaxtında ödəmişdir. Bundan başqa iddiaçı məhkəmə iclasında bildirmişdir ki, güya ona yazılmış cərimədən 6-9 ay sonra xəbəri olmuşdur. Belə olan halda da iddiaçı 08.04.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə də iddia müddətini ötürür. Göründüyü kimi tərəflər arasında enerji təchizatı ilə bağlı vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə hüquq münasibəti yaranmış və iddiaçı bu öhdəliklərdən irəli gələn 3 illik iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı akt əsasında ona cərimənin hesablandığı 07.06.2017-ci il tarixdən etibarən 4 il, özünün qeyd etdiyi kimi 9 ay sonra xəbərinin olması tarix olan 07.03.2018-ci il tarixindən də 3 il, 1 ay, 1 gün sonra 08.04.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə yenə də iddia müddətini ötürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslıdır. Lakin iddiaçı iddia etdiyi məbləği tələb etməkdə iddia müddətini ötürmüş və iddia müddətinin ötürməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və ya edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Qeyd edilən Plenum qərarında məhkəmə belə qərara gəlmişdir ki, müqavilə öhdəliyi ilə bağlı yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə tərəflər arasında bağlanmış sığorta aktında başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, bu öhdəliklər üzrə icra müddəti bitmişdir və iddiaçıya öz hüququnun pozulma vaxtı əvvəlcədən məlum idi. Lakin iddiaçı 08 aprel 2021-ci il tarixdə məlum iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bununla da iddia müddətin ötürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, mübahisə tərəfin iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə ərizə verdiyi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia hüququnun yaranması üçün subyektiv mülki hüququn pozulması faktı mövcud olmalıdır. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox, daha gec müddətdə bilmişdirsə bunu sübut etməlidir. Lakin iddiaçı məhkəmədə bunu sübut edə bilməmişdir və məhkəməyə iddia ərizəsi ilə yalnız 08 aprel 2021-ci il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2 («Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır»), 375.2-ci («Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır») maddələrini rəhbər tutmaqla bu nəticəyə gəlir ki, hazırkı iş üzrə iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi verilərkən iddia müddəti keçdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı barəsində "xxxx" ASC-nin X3 Şəbəkəsi MMC-nin əməkdaşlarının tərtib etdikləri 12 may 2017-ci il tarixli, 072057 nömrəli akt əsasında hesablanmış 300 manat borcun hesabından silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar