Məhkəmə qərarları › İş №2(075)-881/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-881/2021

08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-881/2021 08.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi və onun vəkili X3 iştirakı ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib olunmuş şəxsi mülkiyyət hüququna dair 4667 inventar nömrəli texniki pasportun və 9329/4663 nömrəli torpaq qeydinin X11 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin fərdi yaşayış evi mərhum atası X11 məxsus olmuşdur. Mərhum atası X15 06 oktyabr 2011-ci il tarixdə vəfat etmişdir. Mərhum atasının mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə dair ona 9329/4663 nömrəli torpaq qeydi və həmin torpaq sahəsində ona məxsus fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib olunmuş şəxsi mülkiyyət hüququna dair 4667 inventar nömrəli texniki pasport verilmişdir. Lakin həmin 9329/4663 nömrəli torpaq qeydi və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib olunmuş şəxsi mülkiyyət hüququna dair 4667 inventar nömrəli texniki pasportda mərhum atası X7 ata adı texniki səhv olaraq yanlışlıqla “Muxtaroviç” əvəzinə “Yolçu oğlu” kimi qeyd edilmişdir. Hazırda o, atasının vərəsəliyini qəbul etmək istəsə də yuxarıda qeyd edilən torpaq qeydi və texniki pasportda atasının ata adında yanlışlıq olduğundan bunu edə bilmir. Bu işin isə məhkəmədən kənar həlli qaydası yoxdur. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili X1 Nigar Mustafa qızının verdiyi izahatla eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin və onun vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X8 göstərdi ki, Ərizəçi anası onun əmisi qızıdır. Onun əmisi qızının həyat yoldaşının adı X6muşdur. Həmin şəxsi mübahisəli evin mülkiyyətçisi və yeznələri kimi tanımışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, X16 adlı şəxsi tanımır. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X13 göstərdi ki, Ərizəçi onun qapıbir qonşusudur. Onun atası Mustafa kişini yaxın qonşu kimi tanımışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, sözügedən ev ərizəçinin atası Mustafa Muxtarova məxsus olmuşdur. İşdə olan Şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün 9329/4663 nömrəli torpaq qeydi, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib olunmuş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1962-ci il tarixli, 4667 inventar nömrəli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, Nuxa şəhəri, 19-cu rayon, sahə 98/14-də yerləşən fərdi yaşayış evi X9 məxsusdur. İşdə olan 15 mart 2021-ci il tarixli, 3/1234 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, X15 06 oktyabr 2011-ci il tarixdə vəfat etmişdir. Onunla birgə nikah dövründə yaşamış aşağıdakı vərəsələri vardır: 1) arvadı – X10 (29.12.2020-ci ildə vəfat etmişdir); 2) qızı – Ərizəçi – xx.xx.1961 (sağdır); 3) qızı – X4 – 12.02.1964 (sağdır); 4) qızı – X14 (19.11.2006-ci ildə vəfat etmişdir. Ailəli olmuşdur. Ailəsi ilə birgə digər İƏD-də yaşamışlar). İşdə olan Elekton Məhkəmə Portalından çıxarışdan ki, X15 03 mart 1929-cu il tarixdə anadan olmuşdur. İşdə olan AZ-İ seriyalı, 511129 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 06 oktyabr 2011-ci il tarixdə vəfat etmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli, **********50 nömrəli məktubdan görünür ki, təqdim edilmiş sənədlərdə yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi Ərizəçi ərizəsində göstərdiyi faktı təsdiq edə biləcək sənədi başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib olunmuş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 4667 inventar nömrəli texniki pasportun və 9329/4663 nömrəli torpaq qeydinin X11 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumunu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib olunmuş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 4667 inventar nömrəli texniki pasportun və 9329/4663 nömrəli torpaq qeydinin X11 məxsus olması faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar