Məhkəmə qərarları › İş №2(075)-91/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-91/2024

16.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-91/2024 16.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 2-ci qrup əlil olan qızı xx.xx.1986-cİ il təvəllüdlü X4 anadangəlmə uşaq serebral iflicinin qalığı aşağı paraparez xəstəliyi ilə doğulduğuna görə öz hərəkətlərinin mənasını dərk edə bilmədiyi və öz hərəkətlərini idarə edə bilmədiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs xx.xx.1986-cı il təvəllüdlü X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəsində tələbini belə əsaslandırmışdır ki, onun X5 ilə birgə nikahlarından doğulmuş xx.xx.1986-cı il təvəllüdlü X4 anadan olandan bu günə kimi onun himayəsində olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən aparılmış xx.xx.2003-cü il tarixli müayinənin nəticəsinə əsasən X4 “Uşaq serebral iflicinin qalığı aşağı paraparez” diaqnozu qoyularaq, ona müddətsiz ikinci dərəcəli əlillik verilmişdir. Həmçinin verilmiş əlillik dərəcəsinə uyğun olaraq o, əmək qabiliyyətsiz hesab edilmişdir. X1 doğulan gündən bu günə kimi ona qulluq etməklə gündəlik bütün qayğılarını o çəkir. Faktiki olaraq qızı onun himayəsində olsa da, ancaq yaşadıqları ünvan üzrə Şəki şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən rəsmi qaydada onun üzərində qəyyum və ya himayəçi təyin olunmamışdır. 07.Xİ.1986-ci il təvəllüdlü X4 anadan olandan bu günə kimi onun himayəsində olduğundan və anadangəlmə qüsurlu doğularaq öz hərəkətlərinin mənasını dərk edə bilmədiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini istəyir. Çünki 2-ci qrup əlil olan qızı xx.xx.1986-ci il təvəllüdlü X2 rəsmi qaydada qəyyum və ya himayəçisi təyin olunmadığı üçün onun hüquq və mənafelərinin müdafiəsini təmin edə bilmir. Məhkəmə iclasında Ərizəçi izahat verərək göstərdi ki, X4 onun qızıdır. Qızı anadan gəlmə əlildir və özünü idarə edə bilmir. Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin onu məhkəməyə yönəltmişlər. Göründüyü kimi X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 ərizəyə etirazının olmadığını bildirərək ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdı. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin 27 oktyabr 2023-cü il tarixli, 688 nömrəli rəyindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X4 orta dərəcəli əqli gerilik, ifadə olunmuş davranş pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. O öz hərəkərlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətində deyildir. Buna görə də X4 faaliyyət qabiliyyati olmayan şəxs kimi hesab edilməlidir. İşdə olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının aparatının Ərizəçi ünvanladığı 03 avqust 2023-cü il tarixli məktubdan görünür ki, övladı xx.xx.1986-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, xx.xx.2003-cü il tarixli müayinənin nəticəsinə əsasən X4 “Uşaq serebral iflicinin qalığı aşağı paraparez” diaqnozu qoyularaq, ona müddətsiz ikinci dərəcəli əlillik verilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X3 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinində müvafiq rəyi vardır. Ərizəçi X1nun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1986-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar