Məhkəmə qərarları › İş №2(075)-92/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-92/2021

15.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-92/2021 15.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) X6 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evdən çıxarma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Yeni Göynük kəndində ona məxsus olan torpaqdan və evdən Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən X11, İsmayılova (Qəniyeva) Çinarə Pənah qızı və İsmayılova (Əmirağayeva) Rəvanə Pənah qızı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı iddia ərizəsin onunla əsaslandırmışdır ki, o, 1966-cı ildə Şəki rayonu Baş Göynük kəndində anadan olmuşdur. 1990-cı ildə X9 ilə ailə həyatı qurmuş, nikahlarından üç övladı olmuşdur. Qardaşı, hazırkı iş üzrə Cavabdeh1 “Yeni Göynük” adlanan ərazidən ev almışdır. O isə atasına məxsus olan evdə yaşamışdır. Hazırda cavabdehlər ona həmin evdə yaşamağa maneçilik törədirlər. Bu işləri törədən qardaşı Cavabdeh1dur. O, atasını “yoldan çıxarıb” onu atasına məxsus evdən müxtəlif yollarla uzaqlaşdırmışdır. Bu razılaşmanı qardaşı mərhum atası ilə birləşərək ona məxsus evi ələ keçirmək üçün etmişlər. Həmin vaxtdan onu təkləmiş, ona qarşı ədalətsiz işlər görmüşlər. “Yeni Göynük” adlanan ərazidə olan evin və həyətyanı torpağın sənədləri var. 2002-ci ildən həmin torpaq və ev onun adınadır. O, dolanışıq üçün ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmiş, qayıdanda sözügedən evin qardaşım Cavabdeh1 tərəfindən Cavabdeh2 satıldığını görmüşdür. O, atasına məxsus olan evdə 2013-cü ilə qədər yaşamış, qardaşı yenə də ailəsinə daxil olaraq ailədaxili məsələlərinə qarışmağa başlamışdır. Onun “Yeni Göynük” adlanan yerdə olan torpağının və evinin satılmasından narazı olan mərhum həyat yoldaşı atasına məxsus evin bir hissəsini öz adına keçirtdirmək istədikdə onlara qarşı təzyiqlər başlamışdır. Qardaşı Cavabdeh1 atasını yolundan çıxararaq onu silahlandırmış və həyat yoldaşını öldürtmüşdür. Həmin vaxtdan ailəsi dağılmışdır. İndi qardaşı Cavabdeh1 onları atalarına məxsus olan evin həyətinə daxil olmağa qoymur. “Ev mənimdir” deyərək onlara hədə-qorxu gəlir. Öz evi və torpağı olmasına baxmayaraq hal-hazırda Şəki rayonu Qoxmuq kəndində kirayədə yaşamağa məcbur olmuşdur. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) X13 iddianı qəbul etməyərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh2 xx xxxxxx 2004-cü il tarixdə Şəki rayonu Baş Göynük kənd sakinləri X15, X16 və X1 iştirakları ilə 0.12 ha torpaq sahəsi və 8 m x 3.6 m və 8m*3m ölçüdə yaşayış evini Cavabdeh1 6 000 000 manata satın almışdır. Alqı-satqı Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kəndindəki Nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Cavabdeh1 da həmin əmlakı 1996cı ildə kənd sakini X12 almışdır. Həmin sahənin M.Musayevə məxsus olması da xx xxxxxx 1992-ci il tarixli akta əsasən “Qafqaz” kolxozunun yerquruluşu mütəxəssisləri tərəfindən ölçüləri və sərhədlərinin sxemi müəyyən edilərək təsdiq edilmişdir. 2004-cü ildən bəri iş üzrə Cavabdeh2 ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamış və hal-hazıradək nə X20, nə Cavabdeh1, nə də İddiaçı əmlakla bağlı hər hansı etirazları və tələbləri olmamışdır. İddia ərizəsinə nəzər yetirəndə iddiaçı atalarına məxsus evdən bəhs edir. Hansı ki, məhkəməyə təqdim etdikləri aktlardan aydın görünür ki, Cavabdeh2 Cavabdeh1 X2 aldığı evi və 0.12 ha torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. İddiaçı isə 0.04 ha torpaq sahəsinin və atasına məxsus evin mübahisəsini edir. Həmçinin, 2013-cü ilədək mübahisəli evdə yaşadığını qeyd etsə də Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kəndindəki Nümayəndəliyi tərəfindən verilən xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 2004-cü ildən ailə üzvləri ilə birlikdə Yeni Göynük kəndindəki aldığı evdə yaşayır. DƏDRX-nin 12 saylı X25 xx xxxxxxx 2020-ci il tarixli məktubundan da görünür ki, İddiaçı adına 0.04 ha torpaq sahəsinin, hər hansı digər daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Qeyd olunanlardan məlum olur ki, İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hətta iddiaçının subyektiv hüququnun mövcud olduğu halda yalnız 0.04 ha torpaq sahəsinə münasibətdə nəzərə alına bilər ki, yenə də qanunla müəyyən edilən iddia müddətini ötürmüşdür. Belə ki, Cavabdeh2 2004-cü ildən ailəsi ilə birlikdə həmin evdə yaşayır və hal-hazıradək hər hansı məhkəmə mübahisəsi olmamış, onun və ailə üzvlərinin həmin evdən və torpaqdan qanunsuz istifadə etmələrinə dair heç bir etiraz olmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında digər cavabdeh X21 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Qardaşının atası ilə münasibətləri yaxşı olmamış, ona görə ailəsi ilə birlikdə uzun müddət Rusiyada yaşamışlar. Atası sağlığından vəsiyyətnamə yazaraq bütün daşınar və daşınmaz əmlakını yeganə vərəsə kimi ona vermişdir. O, iddia tələbində qeyd edilən evi və torpaq sahəsini 1996-cı il tarixdə kənd sakini X12 almış, 2004-cü ildə Cavabdeh2 satmışdır. İddiaçıya məxsus hər hansı evə və ya torpaq sahəsi mövcud deyildir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, İsmayılova (Qəniyeva) Çinarə Pənah qızı və İsmayılova (Əmirağayeva) Rəvanə Pənah qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: JN:1125A nömrəli (kod 40406018) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X5 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarına əsasən Şəki rayonu Baş Göynük kənd sakinləri İddiaçı, X9, X11, X10 və X4 0.04 hektar həyətyanı torpaq sahəsi verilmişdir. «xxxx» MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 600 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus mübahisələndirilən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə və ərazinin ümumi xəritəsinə əsasən Şəki rayonu X8 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarına əsasən Şəki rayonu Baş Göynük kənd sakinlərinə torpaq sahəsinin verilməsi barədə JN-1125A (kod 40406018) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı, X9, X11, X10 və X3 ümumi birgə mülkiyyətlərində olan 0.04 ha hektar torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi müəyyənləşdirilmişdir. Tədqiqatın dəyəri olan 300 manatın 100 manatı İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, Şəki rayonu X8 xx xxxx 2002ci il tarixli, 05 saylı qərarına əsasən Şəki rayonu Baş Göynük kənd sakinlərinə verilmiş 0.04 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X9, X11, X10 və X3 adlarına qeydiyyata alınmışdır. «xxxx» MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 600 saylı ekspert rəyi ilə Cavabdeh2 məxsus mübahisələndirilən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin sözügedən torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən edilmişdir. İddiaçı cavabdehlərin həmin torpaq sahəsindən və evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdehlər isə torpaq sahəsinin 2004-cü ildə onlara satıldığını bildirərək iddianı qəbul etməmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunur ki, Cavabdeh2 məxsus fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi JN-1125A (kod 40406018) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri daxilindədir. Torpaq sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq cavabdehlərin istifadəsinə iddiaçı tərəfindən verilməmişdir. Cavabdeh2 torpaq sahəsinin ona satıldığını bildirsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bir sözlə, Cavabdeh2 iddiaçının mülkiyyətində olan torpaq sahəsindən heç bir müqavilə əsası olmadan, yəni özbaşına istifadə etməkdədir. Bu kimi istifadə qanunvericiliklə qadağan edildiyindən həmin torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh2 qanunsuz istifadəsindən azad edilməlidir. Bundan başqa iddiaçı Cavabdeh1 qarşı hər hansı tələb irəli sürməmişdir. Cavabdeh tərəf Mülki Məcəllənin 384.0.4-cü maddəsinə müvafiq iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İddiaçı hal-hazırda torpaq sahəsinin mülkiyyətçisidir və hazırkı iddia tələbi iddia müddəti şamil edilməyən hallara aiddir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 Şəki rayonu X8 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarına əsasən İddiaçı, X9, X11, X10 və X3 ümumi birgə mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsindən və onun üzərində yerləşən evdən (tikilidən) çıxarılmalıdır. İddiaçı tərəfindən Cavabdeh1 qarşı hər hansı tələb irəli sürülməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb edilməməsi nəzərə alınaraq iddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. İddiaçı tərəfindən ödənilmiş Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Həmçinin, 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh2 tutularaq «xxxx» MMC-nin “xxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod201025, VÖEN **********, SWİFT kodAİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh2 Şəki rayonu X8 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarına əsasən İddiaçı, X9, X11, X10 və X3 ümumi birgə mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsindən və onun üzərində yerləşən evdən (tikilidən) çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ödənilmiş 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh2 tutularaq «xxxx» MMC-nin “xxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod201025, VÖEN **********, SWİFT kodAİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar