Məhkəmə qərarları › İş №2(076)-1098/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1098/2023

03.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1098/2023 03.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ İddiaçı Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Şərifova Səbinə Səvayuş qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu Qılıncbəyli kəndində yaşayır. Ona məxsus elektrik sayğacı evinin kənarında 04 kv-luq taxta dayağa quraşdırılmışdır. Hava şəraiti ilə əlaqədar olaraq dayağın aşması nəticəsində elektrik sayğacı kənar zərbəyə məruz qalmışdır. xx.xx.2021-ci il tarixdə kənd işiq nəzarətçisi sayğacların oxunması zamanı onun elektrik sayğacına 14092 kv/saat göstərici daxil etmişdir. Həmin nəzarətçi göstərici ilə bağlı adiyyəti üzrə məlumat vermişdir. xx.xx.2021-ci il tarixində adiyyəti üzrə onun elektrik sayğacına o və onun ailə üzvlərinin heç birinin iştirakı olmadan yeni elektron tipli sayğacla əvəzləşdirib cavabdeh təşkilatın laboratoriyasına yoxlamaya aparmışlar və həmin tarixdə də 2722 kv/saat enerji fərqi sayğacın üstündə 21 gün ərzində qeyd olunmuşdur. Buradan görünür ki, sayğac rəqəmləri qarışıq olduğu üçün 10 kv-ı 1000 kv kimi qeyd etmişdir. Lakin, cavabdeh təşkilatın ona təqdim etdikləri öz daxili yazışmaları əsasında yəni "xxxx" ASC-nin sədr müavini Ramin Yusifov cənablarına ünvanladıqları məktubda özləri qeyd etdikləri rəydə sayğacın mərkəzi dişli çarxının yerindən çıxdığını, bu səbəbdən rəqəmlərin qarışdığını yazmışlar və 1860,72 manat hesabat aparmışlar. O bu borcun silinməsi barədə dəfələrlə müraciət etsə də onlar köhnə tarix olduğuna görə həmin borcu silə bilmədiklərini, ancaq məhkəmə qərarı ilə silinə bilinəcəyini bildirmişlər. Təqdim etdiyi ödəniş cədvəlindən də görünür ki, o elektrik enerjisindən çox az istifadə edir. Həmin evdə tam yaşayış yoxdur. Buna görə də məhkəməyə müraciət etmişdir.Odur ki, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2021-ci il tarixində 09/000648 saylı iş tapşırığı əsasında 217997 saylı rəy protokoluna görə qanunsuz hesablanmış 1860.72 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə etmişdir. Bununla bağlı 14 iyun 2022-ci il tarixdə 249997 saylı və 15 avqust 2022-ci il tarixdə 267311 saylı akt tərtib edilmişdir. İddiaçı isə hazırda məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixində 09/000648 saylı iş tapşırığı əsasında 217997 saylı rəy protokoluna görə qanunsuz hesablanmış 1860.72 manat məbləğində borcun silinməsini tələb etmişdir. Halbuki, iddiaçının barəsində "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 217997 saylı rəy protokolu mövcud deyildir. Odur ki, məhkəmədən iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, 249997 saylı aktdan görünür ki, həmin tarixdə Şəmkir rayonu, Qılıncbəyli kəndində yaşayan abonent İddiaçı məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən abonentin sayğacın giriş faz hissəsini kənardan götürərək, sayğacı sxemdən kənarlaşdırdığı müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, Şəmkir rayonu, Qılıncbəyli kənd sakini İddiaçı xx.xx.2022-ci il tarixli, 249997 nömrəli akt üzrə 388.64 manat borc hesablanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 267311 saylı aktdan görünür ki, həmin tarixdə Şəmkir rayonu, Qılıncbəyli kəndində yaşayan abonent İddiaçı məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən abonentin sayğacdan kənar xətt işlətdiyi müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, Şəmkir rayonu, Qılıncbəyli kənd sakini İddiaçı xx.xx.2022-ci il tarixli, 267311 nömrəli akt üzrə 129.72 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Qılıncbəyli kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində adına qeydə alınmış sayğacdan istifadə edir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən Şəmkir rayonu, Qılıncbəyli kəndində yaşayan abonent İddiaçı məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən abonentin sayğacın giriş faz hissəsini kənardan götürərək, sayğacı sxemdən kənarlaşdırdığı müəyyən edilmiş və xx.xx.2022-ci il tarixli, 249997 saylı akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixli, 249997 nömrəli akt üzrə 388.64 manat borc hesablanmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən Şəmkir rayonu, Qılıncbəyli kəndində yaşayan abonent İddiaçı məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən abonentin sayğacdan kənar xətt işlətdiyi müəyyən edilmiş və 267311 saylı akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixli, 267311 nömrəli akt üzrə 129.72 manat borc hesablanmışdır. İddiaçı isə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2021-ci il tarixində 09/000648 saylı iş tapşırığı əsasında 217997 saylı rəy protokoluna görə qanunsuz hesablanmış 1860.72 manat məbləğində borcun onun hesabından silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mübahisənin qanuni həll edilməsi yalnız tərəflərin təqdim etdikləri sübutların məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində mümkündür. Məhkəmə ilk öncə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verməyi zəruri hesab edir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2021-ci il tarixində 09/000648 saylı iş tapşırığı əsasında 217997 saylı rəy protokolu əsasında ona 1860.72 manat məbləğində borc hesablandığını qeyd etmiş olsa da, məhkəmə iclası zamanı cavabdeh "xxxx" ASC-nin nümayəndəsi İddiaçı iddia ərizəsində və izahatında göstərdiklərini təkzib edərək, onun barəsində "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 217997 saylı rəy protokolunun mövcud olmadığını göstərmiş, iddiaçı isə ona qanunsuz cərimə hesablanması barədə xx.xx.2021-ci il tarixli, 217997 saylı rəy protokolunun mövcudluğu ilə bağlı mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1–ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3–cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 89.4–cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Həmin Məcəllənin 150.0.5–ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər əlavə edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı xx.xx.2021-ci il tarixli, 217997 saylı rəy protokolu əsasında ona hesablanmış 1860.72 manat məbləğində borcun onun hesabından silinməsi tələbinə dair iddiası üzrə iddiaçı xx.xx.2021-ci il tarixli, 217997 saylı rəy protokolu ilə bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyindən və bu baxımdan iddia tələbi əsassız olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2021-ci il tarixində 09/000648 saylı iş tapşırığı əsasında 217997 saylı rəy protokoluna görə qanunsuz hesablanmış 1860.72 manat məbləğində borcun onun hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HakimŞəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar