Məhkəmə qərarları › İş №2(076)-1113/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1113/2024

29.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1113/2024 29.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi1 və Ərizəçi2 məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edərək, A №182410 satlı Torpaq Sahəsinin planı və ölçüsünün Ərizəçi1 və X2na aid hissədə onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər hazırda Şəmkir rayonu Qaracəmirli kəndində yaşayırlar. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 49 nömrəli qərarı ilə X2nın, mərhum X6, X3, Ərizəçi2, Ərizəçi1 və X13 ümumi birgə mülkiyyətinə 2289 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. X2 Ərizəçi2 anasıdır. Anası vəfat etdiyindən ərizəçi ərizə ilə məhkəməyə müraciət edir. Həmin torpaq sahəsinə dair A№ 182410 saylı Torpaq Sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin mülkiyyətçilərindən X6 adı qeyd olunmuş, həmin sənədin subeksiyasmda isə torpaq sahəsinin digər mülkiyyətçiləri olan X4, X3, Ərizəçi2, Ərizəçi1 və X13 adları qeyd edilmişdir. Lakin, A№ 182410 Torpaq Sahəsinin planı və ölçüsü sənədinin subeksiyasmda (adlı siyahı) Ərizəçi1 soyadı “Namazova” kimi, X2nın adı “Növrəstə” kimi göstərilmişdir. Ancaq Ərizəçi1 bütün sənədlərində soyadı, adı və atasının adı Ərizəçi1, X2nın bütün sənədlərində soyadı, adı və atasının adı X12 qeyd edilmişdir. Ərizəçi1 və X2nın adlarında yanlışlıq olduğundan mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı sənədləşmə işlərini apara bilmirlər. Hazırda qeyd olunan A№ 182410 saylı Torpaq Sahəsinin planı və ölçüsündə olan yanlışlığı aradan qaldıra bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflərin izahatları: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü Şəmkir rayonu, Qaracəmirli kəndində yeriləşən Şəmkir rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 49 nömrəli qərarı ilə verilmiş 2289 kv.m həyətyanı məqsədi üçün verilmiş torpaq sahəsi ilə bağlı tərtib edilmişdir, ailə üzvləri kimi X14, X9, X10, Ərizəçi2, X15, X20 qeyd edilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi2 ilə Ərizəçi1 xx.xx.1993-cü ildə rəsmi nikaha girmiş, nikahdan sonra ərə Namazov, arvada Kamalova soyadı verilmişdir. İş materiallarında olan AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1970-ci ildə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 xx.xx.1970-ci ildə anadan olmuşdur, atası X11, anası X1r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi2 xx.xx.1969-cu ildə anadan olmuşdur, atası X14, anası X7r. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2008ci ildə ölmüşdür. İş materiallrında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinin ad səhvinin düzəldilərək mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məktubundan görünür ki, A-182410 nömrəli Torpaq sahəsinin planı və ölçüsü" sənədin subeksiyasında qeyd olunan ad və soyadı ilə şəxsiyyət vəsiqəsində olan ad arasında səhvlik mövcuddur ki, bu da 1999-cu il 28 dekabr tarixli 780-İQ nömrəli Mülki Prosessual Məcəlləsinin 307 2.5 və 308-ci maddəsinə əsasən başqa məna kəsb edir. Ad və soyadlarda olan hər hansı bir səhvlıyin düzəliş edilməsi və yaxud eyniliyinin təsdiq edilməsi, 11 saylı Şəmkir Ərazi idarəsinin səlahiyyətləri xaricindədir. Bu səbəbdən də, yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı edilən müraciət icrası 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. Buna görə də bununla bağlı ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi1 xx.xx.1970-ci ildə anadan olmuş, o, Ərizəçi2 ilə xx.xx.1993-cü ildə rəsmi nikaha girmiş, nikahdan sonra ərə Namazov, arvada Kamalova soyadı verilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, Ərizəçi2 xx.xx.1969-cu ildə anadan olmuşdur, anası X7r, o, xx.xx.2008-ci ildə ölmüşdür. Göründüyü kimi A-182410 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin subeksiyasında ad-soyadın fərqli yazılması onların mülkiyyət hüququnlarının həyata keçirilməsinə maneə yaratdığından məhkəmə hesab edir ki, ərizəçilər ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizətəmin edilməli və A-182410 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin X16 qızı qızına və Ərizəçi1 məxsus olması faktı tanınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. A-182410 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin (subeksiyasının) Ərizəçi1 və X2na məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar