Məhkəmə qərarları › İş №2(076)-1120/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1120/2023

07.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1120/2023 07.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Türkan Qulu qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işıq sərfiyyatına görə müəyyən edilmiş əsassız borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işıq sərfiyyatına görə müəyyən edilmiş əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə olan 2200 (iki min iki yüz) manat məbləğində cərimənin borcunun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda yerləşən mərhum atası X3 məxsus fərdi yaşayış evində azyaşlı oğlu və 83 yaşlı xalası ilə birlikdə yaşayır. Cavabdehlə mərhum atası arasında bağlanmış müqavilə əsasında elektrik enerjisindən istifadə edirlər və sərf olunan elektrik enerjisinin sərfiyyat xərcini elektrik xəttinə quraşdırılmış abunə nömrəsi **********00321 olan üç faza kimi mövcud olan sayğacın hesablanması üzrə mütəmadi olaraq ödəmişdir. Atası xx.xx.2008-ci ildə vəfat etmişdir, ancaq cavabdehin nümayəndələri xx.xx.2023-cü ilədək evlərindəki elektrik sayğacını onunla bağlamalı olduqları müqavilə əsasında onun adına tərtib etməmişlər. xx.xx.2023-cü il tarixdə həmin abunə nömrəsinə əsasən 2023-cü ilin yanvar ayının ödənişini internet vasitəsi ilə ödəmiş və xx.xx.2023-cü il tarixdə həmin abunə kodunun hesabına 2200 manat məbləğində ödəniş hesabı almışdır ki, bu da evlərində istifadə olunan elektrik enerjisinin sərfiyyatından həddən artıq məbləğdir. Həmin məbləğin hansı əsasla onun sayğacının hesabına yüklənməsinin səbəbini öyrənmək istədikdə həmin 2200 manat məbləğ sərfiyyatın evlərinə quraşdırılmış üç fazadan keçən enerjini ölçən sayğacın hesabına cərimə olaraq yükləndiyi məlum olmuşdur. Həmin cərimənin hansı əsasla təyin edilməsi barədə isə istehlakçı olaraq onlara heç bir rəsmi və ya şifahi məlumat verilməmişdir. Bu barədə cavabdehin Şəmkir rayon Şöbəsinin əməkdaşlarından rəsmi açıqlama istəsə də, nəticəsi olmamışdır. Sonunda xx.xx.2023-cü il tarixdə nəzarətçilər evlərinə gələrək evlərinə gələn elektrik xəttini açaraq əl yazma qaydasında tərtib edilmiş oxunması mümkünsüz olan xx.xx.2023-cü il tarixli məişət abonent (əhali) istehlakçılar qrupu, 031481 nömrəli NDM Aktının surətini təqdim etmişlər. Sonradan güclü işıqlandırmaqla həmin aktda yazılanları oxuyaraq aktda “Baxış zamanı fərdi yaşayış evinə kənar xətt daxil olur, kənar xətt fərdi yaşayış evinin qarşısındakı sip xəttdən götürülmüşdür” sözlərini yazılmasını müəyyən etmişdir. Əslində isə nə xx.xx.2023-cü il tarixdə, nə də başqa vaxtlarda evlərinə gələn elektrik xəttinə hər hansı kənar xəttin qoşulmasına dair baxış keçirilməmiş, nə də belə bir kənar xətt evlərinə daxil olmamışdır. Onu da əlavə edir ki, evlərindəki sayğacın hesabına təyin edilmiş 2200 manat məbləğində əsassız borcun 1000 (bir min) manatını ona ödətdirdikdən sonra evlərinə gələn elektrik xəttini bərpa etmişlər və ona da əgər həmin borcu əsassız hesab edirsə məhkəməyə müraciət edə biləcəyi tövsiyyə edilmişdir. Ona görə də cavabdehin barəsində tətbiq etdiyi əsassız borcun silinməsi tələbinə dair məlum iddianı qaldırmalı olmuşdur. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 əvvəlki məhkəmə iclası zamanı iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, akt qanunvericiliyin tələbinə uyğun tərtib olunmuş, hesablama düzgün aparılmışdır. 08 fevral 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə gedən elektrik xəttinə və sayğaca baxış keçirilmiş, iddiaçı olan abonentin kənar xəttdən istifadə etməsi aşkar edilmiş və vurulmuş ziyan olaraq 2227,68 manat hesabat aparılmışdır. 08 fevral 2023-cü il tarixdə akt tərtib olunarkən xəttdən axan yük yoxlanılmış və qeydə alınmışdır. Akt komissiya tərəfindən baxılmış, video çəkiliş aparılmış və hesabat da qanunvericiliyin əsaslarına uyğun olaraq hesablanmışdır. Elektrik xəttdindən keçən yük amper vasitəsi ilə ölçülmüş və ona uyğun hesabat aparılmışdır. Odur ki, göstərdiklər halları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, NDM 031481 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən abonent Nazim Əsgərova məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən fərdi yaşayış evinə kənar xətt daxil olduğu və kənar xəttin fərdi yaşayış evinin qarşısındakı sip xəttdən götürüldüyü müəyyən edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli akt əsasında tərtib edilmiş “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər”dən görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndində abonent Nazim Əsgərovun yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş, baxış keçirilən zaman məlum oldu ki, fərdi yaşayış evinə kənar xətt daxil olur, kənar xətt fərdi yaşayış evinin qarşısındakı sip xəttdən götürülmüş və 17 kvt x (0,7) x 24 saat x 60 gün = 17136 kvts, Tarif (0,13 man)- 17136 kvts x 0,13 = 2227,68 manat qərara alınmış və kənar xəttin ləğv edilməsi qeyd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, **********00321 nömrəli abunə kodu üzrə 1000 manat ödəniş edilmişdir. İşdə olan Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23 aprel 2008-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 may 2008-ci il tarixdə 313 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəmkir şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlaka xx.xx.2013-cü il tarixdə 290 saylı vərəsəlik işi açılmış və mərhumun vərəsəsi ilkin olaraq İddiaçı müəyyənləşmişdir. İş materiallarına əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, mübahisəli evə gedən elektrik xəttinə və elektrik sayğacına Azərişıq ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, bu zaman iddiaçının atası Nazim Əsgərova məxsus fərdi yaşayış evinə kənar xətt daxil olduğu və kənar xəttin fərdi yaşayış evinin qarşısındakı sip xəttdən götürüldüyü müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı yaşadığı Şəmkir rayonu, Əliyaqublu kəndində olan evə quraşdırılmış iddiaçının atası Nazim Əsgərovun adına olan elektrik sayğacına və elektrik xəttinə Azərişıq ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş, bu zaman onun evinə fərdi yaşayış evinə kənar xətt daxil olduğu və kənar xəttin fərdi yaşayış evinin qarşısındakı sip xəttdən götürüldüyü aşkar edilmiş, video görüntüləri qeydə alınmış, bu barədə akt tərtib edilərək 2227,68 manat hesabat aparılmışdır. İddiaçı yaşadığı evdə aşkar edilmiş kənar xəttə görə tərtib edilmiş akt üzrə hesablanmış 2227.68 manat borcdan 1000 manat pulu ödəmiş, bunula da sayğacdan kənar elektrik xəttindən istifadə etməsi barədə tərtib edilmiş akta etirazı olmadığını nümayiş etdirmişdir. İddiaçı tələbinin əsaslı olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının: 8.17-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qərarın 7.17.-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinin hesablaşma uçotunun sxeminin dəyişdiril-məsi, həmçinin uçot cihazlarını qidalandıran ölçü transformatorlarının yerlərinin dəyişdirilməsi və əvəz olunması müvafiq olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəfin rəsmi razılığı ilə yerinə yetirilə bilər. 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qərarın 8.17-1-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin, X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.3-cü maddəsinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün istehlakçı, o cümlədən subabonent 9.3.1-ci maddəsinə əsasən ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə; 9.3.2-ci maddəsinə əsasən qəza zamanı enerjisistemdə yük çıxarıldıqda məsul yükləri ayıraraq ehtiyatlandırılmış xarici təchizat elektrik xətlərinə qoşmaqla texnoloji və qəza bronlarının tələbatını təmin etmək üçün elektrik təchizatı sxemini təkmilləşdirməyə; 9.3.3-cü maddəsinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən rele mühafizələrinə, avtomat və qoruyucu qurğulara qoyulmuş işləmə hədlərinə (ustavka) riayət etməyə, ehtiyatın avtomatik qoşulması qurğularının quraşdırılmasını enerjitəchizatı müəssisəsilə razılaşdırmağa, onlarda müəyyən olunmuş müddətlərdə profilaktik sınaq və sazlama işlərini aparmağa; 9.3.4-cü maddəsinə əsasən enerjitəchizatı müəssisəsinin və X1 Agentliyinin tələbinə əsasən istehlakçının elektrik qurğularının işi ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyətinə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa; 9.3.5-ci maddəsinə əsasən “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun olaraq, elektrik enerjisi istehlakının texniki-nəzarət uçotunu təşkil və istismar etməyə; 9.3.6-cı maddəsinə əsasən elektrik qurğularına xidmət üçün ixtisaslı elektrotexniki heyətlə təmin etməyə, elektrik qurğularına xidmət edən heyəti öyrətməyə, təlimatlandırmağa və onları avadanlıqlaşdırılmış iş yeri ilə, mühafizə vasitələri ilə, alətlərlə, lazımi materiallarla və təlimatlarla təmin etməyə; 9.3.7-ci maddəsinə əsasən qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə; 9.3.8-ci maddəsinə əsasən elektrik enerjisi istehlakı rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaət ilə istifadəsinə, elektrik təsərrüfatının texniki vəziyyətinə və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsitələri əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə; 9.3.9-cu maddəsinə əsasən elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin rəsmi tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə. Həmçinin müəyyən olunur ki, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən abonent X3 (iddiaçının atası) məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən kənar xəttdən istifadə etdiyi müəyyən edilmiş, 17 kvt x (0,7) x 24 saat x 60 gün = 17136 kvts hesabat aparılmaqla elektirik enejisindən istifadəyə görə 2227.68 manat borc hesablanmış və borc hesablanarkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının tələblərinə riayət olunmuşdur. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2023-cü il tarixli, 031481 nömrəli akt üzrə hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar