Məhkəmə qərarları › İş №2(076)-1125/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1125/2024

18.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1125/2024 18.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şəmkir şəhəri X1 küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evinin sayğacının dəyişdirilməsi ilə əlaqədər əsassız hesablanmış 3110 (üç min yüz on) manat məbləğində cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2023-cü il tarixli akta əsasən mülkiyyətində olan Şəmkir şəhəri X1 küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış G-4 markalı İtron tipli 1602AZ**********6 nömrəli sayğac G-4 markalı İtron tipli 1302AZ**********435 nömrəli sayğacla əvəzlənmiş, xx.xx.2023-cü il tarixli MSK14- 2-2/3-5-4510/Q 003 nömrəli akta əsassan G-4 markalı İtron tipli 1602AZ**********6 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunduğu üçün 3110 (üç min yüz on) manat dəyərində dəymiş ziyan hesablanmışdır. Halbuki, sayğac X2 əməkdaşları tərəfindən heç bir xəbərdarlıq edilmədən onun və ya digər şəxslərin iştirakı olmadan dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Əvvəlki sayğacın hansı səbəbdən dəyişdirilməsi, müayinə olunması üçün laboratoriyaya göndərilməsi və yeni sayğacın dəyərinin onun tərəfindən ödənilməsi barədə ona hər hansı bir məlumat verilməmişdir. Sayğac həyətdən kənarda ümumi istifadədə olan məhəllədə yerləşdiyindən ev sahibi olaraq onun sayğacın təhlükəsizliyini təmin etməyi faktiki olaraq mümkün deyildir. Qeyd edilənlərə əsasən mülkiyyətində olan Şəmkir şəhəri X1 küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evinin sayğacının dəyişdirilməsi ilə əlaqədər əsassız hesablanmış 3110 (üç min yüz on) manat məbləğində cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surətindən görünür ki, İddiaçı yaşadığı Şəmkir şəhəri, X1 küçəsi ünvanından çıxarılmış xx.xx.2023-cü il tarixli MSK14-2-2/3-5- 4510/Q 003 saylı akta əsasən 1602AZ**********6 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda G-4 markalı İtron tipli 1602AZ**********6 nömrəli sayğac G-4 markalı İtron tipli 1302AZ**********435 nömrəli sayğacla əvəz edilmişdir. Əvəzetmə zamanı aktda hər hansı qüsur aşkar edilməsi barədə qeyd aparılmamışdır. İş materiallarında olan Şəmkir şəhəri, X1 küçəsi bina 0, mənzil 2 ünvanında olan abonent İddiaçı adına olan saldosundan görünür ki, iddiaçının abonent hesabına 3110,40 manat borc hesablanmışdır. İş materiallarında olan “Qaz sayğacının yoxlanılması barədə” aktdan görünür ki, sayğaca baxış keçirildi. Sayğacın çıxış plastmas borusu deşilib. Göstəricilər arasında fərq mövcuddur. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-1 rejim aşkar olunmayıb. Xətalar normadan artıqdır. Sayğac nominal və minimal sərfiyyatda - 100% nisbi xətayla işləyir. Kamera ilə sayğacın daxilini baxış keçirildi, plastmas boruda deşik aşkar olundu. Hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müvəqqəti olaraq yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi “Əvəzetmə” qeyd edilmişdir. Həmin vaxt çıxarılan qaz sayğacın çıxış plastmas borusunun deşik olmaq ehtimalı olması barədə aktda qeydiyyat aparılmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Buna görə, itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 3110,40 manat pul tələb edilir. Tərəflər arasında mübahisə İTRON G-4 markalı, 1602AZ**********6 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 3110,40 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 3110 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə sayğac çıxarılan zaman onda olan qüsurun ehtimal olaraq deyil həqiqətən də mövcud olması və ya həmin qüsurun abonent tərəfindən müdaxilə edilməsi nəticəsində yaranması ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, həmçinin sayğac çıxarılıb aparıldıqdan sonra onun hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında sayğacın çıxış plastmas borusunun deşilməsi sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Şəmkir şəhəri X1 küçəsi ev-16 (Bina 0, mənzil 2) ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında abonent İddiaçı adına hesablanmış 3110 manat (üç min bir yüz on manat) məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar