Məhkəmə qərarları › İş №2(076)-1126/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1126/2024

18.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1126/2024 18.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində tətbiq etdiyi 518,40 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o qeyd olunan ünvanda ona məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdehlə bağlanmış müqavilə əsasında mavi qazdan istifadə edir, sərf olunan qazın sərfiyyat xərcini qaz xəttinə quraşdırılmış qaz sayğacının hesablaması üzrə mütəmadi olaraq ödəmişdir. Cavabdehin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akta əsasən Zenner markalı, 10342569 №-li qaz sayğacının istifadə müddətini bitməsini bəhanə edərək sayğacı bilavasitə onun iştirakı olmadan dəyişdirmiş, yerinə başqa sayğac quraşdırmışlar. Bu barədə tərtib edilmiş aktda isə onun arvadı Təranə Məmmədovanın iştirakını salmışlar və ona da akta imza etdirmişlər. Cavabdehin əməkdaşlarının yenə də iştirakı olmadan keçirdikləri sayğaca baxışının nəticəsi olaraq tərtib etdiyi xx.xx.2022-ci il tarixli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı aktda onun iştirakı olmamış, ancaq iştirakını formal olaraq qeyd etməklə imza etməkdən imtina etməyini və «sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilib, dəymiş ziyanın hesablanıb ödənilməsi» kimi qeydlər edilmişdir. Sözün həqiqi mənasında nə o, nə də ailə üzvləri heç bir vaxt həmin sayğaca hər hansı məqsədlə müdaxilə etməmişlər və həmin deşilmədən də xəbərləri olmamışdır. Yenə də cavabdehin əməkdaşlarının verdiyi məlumat əsasında ona qarşı əsassız borcun tərtib edilməsini bilmişdir və ona təqdim edilən sənədlər əsasında həmin borcun silinməsi barədə məhkəmədə iddia qaldırmaq hüququnun olması qeyd edilmişdir. Saldo deyilən sənəddə isə 2022-ci il üçün onun cavabdehə 518,40 (beş yüz on səkkiz) manat 40 qəpik məbləğində borcunun olması qeyd edilmişdir. Qeyd edilənlərə əsasən cavabdehin onun barəsində tətbiq etdiyi 518,40 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək 518,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Bələ ki, iş materiallarında olan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2022-ci ildə mart ayında 518,40 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Diafraqma tipli, G-4 markalı, 10342569 nömrəli qaz sayğacı yeni Zenner tipli, G-4 markalı, **********0 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Əvəzetmə zamanı aktda hər hansı qüsur aşkar edilməsi barədə qeyd aparılmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, istehlakçı, İddiaçı məxsus yaşayış sahəsində xx.xx.2022-ci il tarixli 29/1710-00183-1 nömrəli akta əsasən G-4 10342569 nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MSK-29/1710-00183-1 nömrəli “Qaz sayğacının yoxlanılması barədə” aktdan görünür ki, sayğacın zavod seriya nömrəsi 10342569 nömrəli olan sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkar olunmuşdur. İş materiallarında xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, istehlakçı İddiaçı adına olan, ünvan 1i ünvanında yerləşən Elster G-4 markalı 10342569 daxili nömrəsi olan sayğaca baxış keçırilmiş və sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkar olunmuşdur. Qeyd olunlara əsasən 4320 m3 qaz itkisi hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müvəqqəti olaraq yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi “əvəzləmə” qeyd edilmişdir. Həmin vaxt çıxarılan qaz sayğacında “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi” barədə aktda qeydiyyat aparılmamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi, sayğac istismara yararsız olması müəyyən edilmişdir. Buna görə, itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 518,40 manat pul tələb edilir. Tərəflər arasında mübahisə diafraqma tipli G-4 markalı, 10342569 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 518,40 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 518,40 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə sayğac çıxarılan zaman onda olan qüsurun ehtimal olaraq deyil həqiqətən də mövcud olması və ya həmin qüsurun abonent tərəfindən müdaxilə edilməsi nəticəsində yaranması ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X1 əməkdaşları tərəfindən aşkar olunmadığından, həmçinin sayğac çıxarılıb aparıldıqdan sonra onun hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə sayğac çıxarıldıqdan 3 ay sonra, yəni xx.xx.2022-ci il tarixli akt əsasında sayğacın mexaniki hesablama mexanizminin plastmas qapağının deşici alətlə deşilməsi sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında abonent İddiaçı adına hesablanmış 518,40 manat (beş yüz on səkkiz manat 40 qəpik) məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar